Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin beynəlxalq təşkilatlara sədrliyi yüksək qiymətləndirilir

Son illər Azərbaycan nüfuzlu təşkilatların tədbirlərinin fəal iştirakçısı olmaqla yanaşı, həmin qurumların bəzilərinə sədrlik də edib. İndiyədək ölkəmiz BMT Təhlükəsizlik Şurasının 2 il qeyri-daimi üzvü olmaqla, iki dəfə həmin təşkilata, Avropa Şurasının Nazirlər Komitəsinə, Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edib. Hazırda Qoşulmama Hərəkatına sədrliyni davam etdirir.

Koronavirus pandemiyasının dün­yada tüğyan etdiyi bir vaxtda ölkəmiz həmin çətin dövrdə sədrlik etdiyi Qoşulmama Hərəkatının, o cümlədən, Türk Şurasının videoformatda zirvə görüşlərini keçirməyə nail olmuşdur. Budur, pandemiya təhlükəsi hələ başa çatmamış Azərbaycan daha bir quruma sədrlik missiyasını öz üzərinə götürdü. Bir neçə gün əvvəl Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parla­ment Assambleyasının Üçüncü Ümumi Konfransında məlum oldu ki, Üçüncü Ümumi Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçib. İƏT Parlament Assambleyası mühüm regional təşkilatdır və üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.

İƏT PA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında ölkəmizin COVID-19-la mübarizədə həyata keçirdiyi tədbirlər, o cümlədən, bu istiqamətdə bir sıra qlobal təşəbbüslər irəli sürməsi barədə faktlar diqqətə çatdırıldı. Ölkəmiz, həmçinin pandemi­yadan çox ziyan görən ölkələrə maliyyə və humanitar yardım göstərmiş, xəstəlik əleyhinə peyvənd ianə etmişdir.

Konfrans iştirakçılarına Ermənistan ordusunun 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaq­larında törətdiyi vəhşiliklər barədə də məlumat verildi. Nəhayət, 2020-ci ildə ölkəmiz Ermənistanın 30 illik işğalına son qoydu. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan rəhbərliyini kapi­tulyasiya aktını imzalamağa məcbur etdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir.

İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətlərinin üzvləri işğal­dan azad edilmiş ərazilərimizə səfərləri zamanı bütün bunların canlı şahidi oldular. Mayın 18-də həmin nümayəndə heyətləri Azərbaycanın mədəniyyət pay­taxtı Şuşaya səfər ediblər. Parlament nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın Hava Limanının maketləri ilə də tanış olduqdan sonra Şuşaya yola düşüblər. Qonaqlar Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda burada aparılan quruculuq işləri ilə tanış olublar. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib.

Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin mədəniyyət abidələrimizə vurduqları ziyan, qədim artefaktlarımızı saxtalaşdırmaları barədə və bu gün Cıdır düzünün işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilməsi barədə məlumat verilib.

Havva MƏMMƏDOVA,

tarix elmləri doktoru, professor

25 May 2022 02:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə