Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seneqal gömrük xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Dövlət Gömrük Komitəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, səfərdə məqsəd Azərbaycan gömrük or­qanlarının əldə etdiyi qabaqcıl təcrübələri öyrənmək, eyni zamanda, potensialın gücləndirilməsi sahəsində əməkdaşlığı genişləndirməkdir.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iki ölkənin gömrük orqanları arasındakı əlaqələrdən məmnunluqla bəhs edib. Bildirilib ki, 2016-cı ildə gömrük əməkdaşlarının potensia­lının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanmasın­dan sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaranıb.

İsmayıl Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan gömrük sistemində həyata keçirilən isla­hatlardan danışıb və tətbiq edilən yeniliklər hesabına bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ölkənin ixrac potensialının artırılması, beynəlxalq ticarətin asanlaşdırılması, tran­zitin inkişaf etdirilməsi, sərhədkeçmə pro­sedurlarının sadələşdirilməsi istiqamətində gömrük orqanları tərəfindən bir sıra layihələr həyata keçirilir.

Azərbaycan gömrüyündə infor­masiya texnologiyalarının tətbiqinin genişləndirildiyini, bütün gömrük əməliyyatlarının elektron qaydada həyata keçirildiyini diqqətə çatdıran İsmayıl Hüseynov bildirib ki, hədəf qısa zaman kəsiyində rəqəmsal gömrüyün formalaş­dırılmasıdır. Həmçinin son illər həyata keçirilən “Yaşıl dəhliz”, “Bir pəncərə”, “e-növbə” və digər layihələrdən bəhs edilib, qaçaqmalçılıqla mübarizə, xüsusilə, nakotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində əldə edilən uğur­lardan danışılıb.

İsmayıl Hüseynov beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verildiyini vuğulayıb, bu məqsədlə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycan gömrük xidmətinin 2 il müddətinə ÜGT-nin Avropa Regionuna rəhbərlik etdiyini, 2021-ci ildə isə təşkilatın Siyasi Komissiyasına üzv seçildiyini bildirib.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib və qarşılıqlı münasibətlərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Təmsil etdiyi qurumun fəaliyyəti, ölkəmizə səfərin önəmi barədə danışan Mbaye Ndiaye Azərbaycan gömrüyü­nün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqla­rını diqqətə çatdırıb.

Sonda Azərbaycan gömrüyünün fəaliyyəti, tətbiq edilən yeniliklər barədə təqdimat nümayiş etdirilib, qonaqları ma­raqlandıran suallar ətraflı cavablandırılıb.

Səfər çərçivəsində Seneqal gömrü­yünün əməkdaşları ərazi və ixtisaslaş­mış gömrük orqanlarında tətbiq edilən yeniliklər və layihələrlə əyani şəkildə tanış olacaqlar.

“Xalq qəzeti”

25 May 2022 02:20 -

Köhnə versiyamızdan xəbərləri izlə