Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə naziri yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, nazir gene­ral-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Qaraheybət" Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaş­dırılmış təlim sahələri inşa olunub.

Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlar­dan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.

Əvvəlcə atış şəhərciklərində atəş hazır­lığı üzrə normativlərin və təlim atış çalışma­larının praktiki icrası nümayiş etdirilib.

Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, bu­rada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankla­rın yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.

Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib. Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursat­larının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.

Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentat­lon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artille­riya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıq­larını müvəffəqiyətlə yerinə yetiriblər.

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedi­şatını yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli apa­rılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

“Xalq qəzeti”

25 May 2022 02:19 -

Köhnə versiyamızdan xəbərləri izlə