Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Biofizika İnstitutu “Teknofest Azərbaycan” sərgisində intellektual məhsullar təqdim edəcək

AMEA Biofizika İnstitutu mayın 26-29-da “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil oluna­caq sərgidə iştirak edəcək. İnstitut süni intellektə əsaslanan və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya təqdim edəcək.

Bu haqda institutun elmi işçisi Arzu Aydəmirova açıqlama verib. O, qurumun təqdim edəcəyi layihədən söz açaraq, AMEA Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi tərəfindən süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə iden­tifikasiya etməyə imkan verən yeni modelin yaradıldığını bildirib. A.Aydəmirova hətta inkişaf etmiş ölkələrdə ağciyər xərçəngi üçün skrininq metodunun mövcud olmadığını vur­ğulayaraq, tədqiqat işinin önəmini qeyd edib.

“Ağciyər xərçəngi xəstələrinin səmərəli müalicəsi üçün xəstəliyin erkən aşkarlan­ması son dərəcə vacibdir ki, bu da effektiv skrininq metodlarının yaradılmasını zəruri edir. Hazırda geniş istifadə olunan diaqnostik metodlar – kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya və pozitron emissiya tomoqrafiyası sözügedən xəstəliyin aşkarlan­ması üçün mükəmməl vasitələr hesab olunsa da, bu üsullar xəstəliyin aşkarlanmasının geniş tətbiqinə, yəni skrininqinə imkan vermir”, – deyə qurum rəsmisi söyləyib.

A.Aydəmirovanın sözlərinə görə, tədqiqat işi çərçivəsində 47 sağlam şəxsin və 50 ağciyər karsinoması xəstəsinin qan nümunələri tədqiq olunub. Sağlam şəxslərin və ağciyər karsinoması xəstələrinin qan plaz­malarının furye çevirici infraqırmızı spektrləri çoxvariantlı statistika metodları ilə klassifika­siya edilib, ağciyər xərçəngi modeli yaradılıb və bunun əsasında süni intellekt vasitəsilə anonim qan nümunələrinin testləri aparılaraq diaqnostik proqnozlar verilib. Yaradılan model sağlam qan nümunələrini 80 faiz, xərçəng hüceyrəsi nümunələrini isə 90 faiz dəqiqliklə müəyyən etməyə imkan verir. Tədqiqatlar nəticəsində məlum olub ki, minimal invaziv və sürətli olan, yüksək vəsait tələb etməyən mü­vafiq metod əhalinin risk təbəqəsindən olan şəxslərin genişmiqyaslı skrininqi üçün çox əhəmiyyətli ola bilər. Hazırda modelin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

O, tədqiqat işinə dair “Artificial Intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” adlı məqalənin işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, sonradan Çin alimləri də həyata keçirilmiş bu tədqiqat işi ilə əlaqədar olaraq mühüm nəticələr əldə edib və ağciyər xərçəngi xəstələrini 87,1 faiz dəqiqliklə müəyyən etməyə nail olublar.

A.Aydəmirova texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdiriləcəyi “Tek­nofest Azərbaycan” sərgisinin AMEA-da əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını vurğulayıb. Elmi müəssisənin təqdim etdiyi layihənin sərgi iştirakçılarının marağına səbəb olacağına əminliyini ifadə edib.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

25 May 2022 02:17 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə