Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şair, alim və din xadimi – Seyid Həmzə Nigari

V Beynəlxalq Həmzə Nigari Simpoziumu uğurla başa çatdı

Xəbər verdiyimiz kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyənin Amasiya Universiteti və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr edilən V Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib.

 

Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçı iştirak etmişdir. Simpozium­da Seyid Nigarinin şəcərəsindən olan BDU-nun tələbəsi Xəyalə Həmidovanın da məruzəsi dinlənilmiş və maraqla qarşılanmışdır. Həmin məruzənin mətni ilə oxucuları tanış edirik.

Böyük qürur hissi ilə qeyd edirəm ki, 30 ilə yaxın həsrətində olduğumuz doğma Qarabağ torpağı işğaldan azad edilib. Bu sevinci bizə yaşa­dan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Dünya miqyasında əvəzi olmayan bu xoşbəxt günləri, qələbəni bizə bəxş edən ulu Tanrıya minnətdarlığımı bildirirəm. Tarixdə misli-bərabəri olma­yan bu qələbədə əvəzsiz xidmətləri olan ulu öndərin layiqli davamçısı, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirərək, demək istəyirəm ki, onlar bütün Azərbaycan xalqını ətrafında birləşdirərək bu qələbə sevincini bizə bəxş etdilər. Mən Qarabağın tanınmış din xadimi, şair, əslən qarabağlı Şeyx Mir Həmzə əfəndi Seyid Nigarinin keç­diyi həyat yolu haqqında sizə məlumat çatdırmaq istəyirəm.

Şeyx Hacı Mir Həmzə əfəndi Seyid Nigari 1799-cu ildə Azərbaycanın Qarabağ əyalətinin Zəngəzur qəzasının Cicimli kəndində, el arasında Mir Paşa adı ilə tanınan Seyid Mir Rüknəddin əfəndi həzrətlərinin ailəsində dünyaya gəlmişdir.

Anasının adı Qızxanımdır (Xeyrənsə xanım). Həmzə Nigarinin Gözəl xanım və Salihə xanım adlı iki bacısı olub. Gözəl xanım, əmisi Mir Cəfər həzrətlərinin böyük oğlu Mir Cabbar ilə ailə həyatı qurmuş, Salihə xanım isə Mir Qasım ilə izdivac bağlamışdır.

Həmzə Nigarinin atası Rüknəddin əfəndi xalq arasında çox tanınmış bir şəxs olub, camaatın bütün işlərində yeganə üz tutduqları ümid qapısı olduğundan o, Mir Paşa ünvanı veril­mişdir. Təəssüf doğuran bir haldır ki, o, Cavanşir gümbəzinin yaxınlığın­da, indiki Qubadlı və Laçın rayonları arasında Boğasiyirtməz adlanan yerdə düşmənlər tərəfindən qətlə yetirilmişdir.

Atasının vəfatından sonra əmiləri Mir Cəfər və Mir Ağalar ǝfəndilərin təkidlərinə baxmayaraq, ülvi xüsusiyyətlərə malik olan kişi qeyrətli Qızxanım hər üç övladına həm analıq etmiş, həm də ata olmuşdur.

Seyid Nigarini 15 yaşına kimi hansı müəllim yanına göndərmək istəyiblərsə, getməkdən imtina etmişdir. Oğlunun bu hərəkətlərindən narahat olan ana “Həmzə sənin tərbiyən üçün heç bir şeydə qüsur etmədim, əsla dəstəmazsız bir loxma yedirmədim, körpəliyində dəstəmazsız süd vermədim”, – deyib.

Anasının bu sözlərindən sonra Se­yid Nigari kəndi tərk edərək o zaman­lar məşhur olan Qaraqaş kəndindəki Mahmud əfəndinin yanına gedərək ondan təhsil almağa başlamışdır. Beş il Mahmud əfəndidən dərs aldıqdan son­ra, aldığı təhsilin onu qane etməməsi səbəbindən Şəkinin Dəhnə kəndinə getmiş Şikəst Abdullah həzrətlərindən dərs almağa başlamışdır. Dörd ilə yaxın Abdullah əfəndidən dərs aldığı rəvayət edilir.

Qaraqaşda (xalq arasında Qara­ğacı adlanır) təhsil alarkən Nurəddin əfəndinin həyat yoldaşı, çox ləyaqətli, həyalı, bütün qadınlara nümunə olan Nigar xanım Həmzə Nigarinin yaşayış və təhsili üçün hər cür yardım və diqqət göstərmişdir. Bu xanımın dəstəyinə və ona olan ilahi sevgisinə görə “Nigari” təxəllüsünü götürmüş və şeirlərində bu təxəllüsdən istifadə etmişdir.

Şikəst Abullah Əfəndi həzərətlərindən dərs alarkən Nəqşibəndi təriqətinə bağlanmaq üçün Xarputa Mövlanə Xalid əfəndinin yanına getmək tapşırığını almışdır. Bu məqsədlə səfərə çıxan Seyid Nigari yol­da Şeyx Xalid Əfəndinin vəfatı xəbərini alır. Bu əsnada aldığı tapşırığa əməl edərək Sivasa gedir və Nəqşibəndiyə təriqətinin məşhur mürşidlərindən Mövlana Xalidin birinci xəlifəsi olan Şeyx İsmayıl Şirvaniyə bağlanır. Ondan şəriət icazətnaməsini, həm də təriqət xilafətnaməsini alır.

Kərəmli mürşidinin əmri ilə 1835- 1836-cı illərdə Həcc ziyarətini tamamla­dıqdan sonra yenə mürşidinin yanında xidmətini davam etdirmişdir. Qeyd etmək lazımdır ki, Həcc ziyarətinə piya­da gedib-qayıtmışdır.

1840-1842-ci illərdə ustadının əmri ilə Azərbaycana qayıtmışdır. Doğulduğu torpaq olan Cicimliyə gələr-getməz ilahi istedada malik olan bu şəxsin şöhrəti dərhal yaşadığı mühitə yayılmış, elm və yüksək səviyyədə elmə sahib olmaq həvəsində olanlar hər tərəfdǝn Şeyxin yanına axışıb gəlmişlər. Bir müddət Cicimlidə və Bərgüşad çayının sağ sahilində yerləşən Mirlər kəndində tədris və tərbiyə ilə məşğul olmuşdur. Mirlər kəndi yaxınlığında yerləşən məzarlıqda Seyid Mir Məhəmməd Həzrətlərinin qəbiri vardır. Qəbir dörd tərəfdən hasarlanmış və içərisində bir necə böyük saqqız ağacı vardır. Şeyx Hacı Mir Həmzə əfəndi Seyid Nigarinin möhtərəm anası və əmizadələrinin qəbiri bu məzarlıqdadır.

Nəsli İsmayılsan, əsli ərəbsən

Ali Məhəmmədsən və ali nəsəbsən

Müntəxabsan silsileyi-zəhəbsən

Ey Seyid Nigari, ey Qarabaği.

Öz kimliyini bu misralarla ifadə edən Şeyx Hacı Mir Həmzə əfəndi Seyid Nigari çar Rusiyası dövründə milli mənsubiyyətinə, dini baxışlarına, el arasında böyük hörmət sahibi olduğuna görə təqib olunduğundan məcbur qalıb tez-tez yerini dəyişməli olurmuş. Belə ki, Şeyx Həmzə Nigari Mirlər kəndindən Çərəli kəndinə, ordan Hərtiz dağına qalxaraq gizlənmək məcburiyyətində qalmışdır. Hərtiz dağında qaldığı müddətdə Çərəli kəndindən olan müridləri Səfər bəy, Hacı Əhmədalı və başqaları tərəfindən xüsusi qulluq edilərək Şeyxin tam təhlükəsiz yaşama­sı üçün lazımi şərait yaradılmışdır.

Burada uzun müddət yaşamağın çətinliyini görən Həmzə Nigari qar­daş Türkiyəyə üz tutmuşdur. Şeyxin müridləri Səfər bəy, Hacı Əhmədalı və digərləri öz mürşidlərini gizli yolla Araz çayının sahilinə gətirərək ordan İrana keçirmişlər, İrandan isə qardaş Türkiyənin Amasiya şəhərinə pənah aparan Həmzə Nigarini yerli əhali çox hörmətlə qarşılamışdır.

Şeyx Hacı Mir Həmzə Nigari müxtəlif vaxtlarda qardaş Türkiyənin bir çox şəhərlərində yaşamış və təlim-tərbiyə işləri ilə məşğul olmuşdur.

Həmzə Nigarinin oğlu Siracəddin əfəndi 1852-ci ildə dünyaya gəlmiş, 1875-ci ildə 23 yaşında vəfat etmişdir. Qeyd etmək lazımdır ki, Siracəddin əfəndinin çoxlu şeirləri mövcuddur. Şey­xin ikinci oğlu Rüknəddin və qızı Zəhra 1864-1865-ci illərdə çox gənc yaşların­da altı ay fasilə ilə vəfat etmişlər.

Şeyx Hacı Mir Həmzə Seyid Nigari 1886-ci ilin oktyabr ayında Xarput şəhərində vəfat etmişdir.

Öz vəsiyyəti ilə onun cənazəsi Amasiyaya gətirilərək oğlu Sicarəddin əfəndinin yanında dəfn edilmişdir. 1894-cü ildə indiki Qazax rayonunun Aslanbəyli kəndindən olan müridi Hacı Mahmud Əfəndi və tərəfdarlarının vəsaiti ilə məzarı üstünə məscid və məscidə bitişik bir türbə inşa edilmişdir.

İstər çar Rusiyası dövründə, istərsə də SSRİ dövründə Şeyx Hacı Mir Həmzə əfəndi Seyid Nigarinin əsərlərini öyrənmək, hətta adını çəkmək belə yasaq edilmişdir. Lakin SSRİ süqut etdikdən, Azərbaycanda müstəqillik bərpa ediləndən sonra ulu öndərimiz və sevimli Prezidentimiz cənab İlham Əliyev tərəfindən respublikamızda yaradılan sağlam abu-hava, Birinci vit­se-prezident, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın xal­qımızın mədəniyyətinin, incəsənətinin, dininin və adət-ənənələrinin qorunub saxlanılması sahəsində gördüyü əvəzsiz işlər nəticəsində Həmzə Nigarinin də haqqı bərpa oldu. Belə ki, Həmzə Nigari haqqında televiziya kanallarında verlişlər hazırlandı, qəzet və jurnallarda mütəmadi olaraq yazılar dərc edildi. Şeir və qəzəlləri gənc xanəndələr tərəfindən yüksək həvəslə el şənliklərində, radio və televiziya kanallarında səsləndi.

Hələ 2002-ci ildə Vətən oğulları­nı Qarabağın müdafiəsinə səsləyən yazıçı-publisist Hüseynbala Mirələmov "Xəcalət" povestində ön sözü Həmzə Nigarinin "Qarabağ" şeiri ilə başlamışdı:

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

Gövsəri-tubi imiş çayi-çinari-Qarabağ,

Aləmi-cənnət imiş dari-diyari Qarabağ.

Həmzə Nigarinin Qurtuluş Altunbaş tərəfindən işlənən iki cilddən ibarət “Divan”ı 2004-cü ildə Türkiyədə çap edilmişdir. Onun 2010-cu ildə “Divan”, 2012-ci ildə “Nigarnamə” əsərləri filo­logiya üzrə fəlsəfə doktoru Hacı xanım Nəzakət Məmmədli tərəfindən latın qrafikası ilə Azərbaycan dilində hazırla­naraq oxuculara təqdim edilmişdir.

Mir Həmzə Nigarinin Türkiyədə yaşayan yaxın qohumu Fəxrəddin Ağabalinin çap edilməmiş “Hümayi-ərş” əsərinin əlyazması, keçmiş Qafqaz Universitetinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtım tərəfindən Azərbaycan dilində işlənib 2015-ci ildə çap olunmuşdur.

2001-ci ildə yazıçı-jurnalist Taryel Cahangirlinin Mir Sədi Ağa haqqında yazdığı kitabda Seyid Nigariyə həsr edilmiş xüsusi bölüm var.

2004-cü ildə Əlirza Xələflinin Seyid Nigarinin öz misraları ilə başlayan “Xa­ki-Payin, Taci-Sərim" kitabı işıq üzü gör­müşdür. 2013-cü ildə Tükiyədən olan yazıçı Əhməd Özqılıncın Seyid Nigari­nin həyatı, əsərləri və düşüncələrindən bəhs edən "Mürşidi eşq olan arif" adlı kitabı İstanbulda çap edilmişdir.

2015-ci ildə Xalq şairi Nəriman Həsənzadənin Şeyx Hacı Mir Həmzə Əfəndi Seyid Nigariyə həsr edilmiş “Se­yid Nigari türbəsi" adlı poeması nəfis tərtibatla işıq üzü görmüşdür.

2018-ci ildə Azərbaycan ədəbi-bədii jurnalının 3-cü nəşrində görkəmli qələm ustası, tarix elmləri doktoru Şahin Fazi­lin Şeyx Hacı Mir Həmzə Əfəndi Seyid Nigari haqqında yazdığı məqalə dərc olunmuşdur. 2015-ci ildə əslən Laçın rayonunun Cicimli kəndindən olan Natiq Laçınlının nəşr edilmiş “Yurd Nişanəsi" adlı kitabında Şeyx Hacı Mir Həmzə Əfəndi Seyid Nigarinin həyatı, yaradıcı­lığı barədə geniş məlumat verilmişdir.

Təhsil Nazirliyinin 3 noyabr 2011-ci il tarixli 1765 saylı əmri ilə Şeyx Hacı Mir Həmzə Əfəndi Seyid Nigarinin “Divan”ı dərs vəsaiti kimi təsdiq edilmişdir.

Türkiyə–Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin rəhbəri professor Aygün Attar tərəfindən 2021- ci il iyunun 12-də Təhsil Nazirliyinə müraciəti əsasında 2022-2023-cü dərs ilində 11-ci siniflər üçün “Ədəbiyyat” dərsliyində Seyid Nigarinin əsərlərinə yer verilmiş, 9-cu siniflər üçün “Zəfər tarixi” dərsliyinə onun şeirinin salınması nəzərdə tutulmuşdur.

Seyid Nigarinin Türkiyənin Ama­siya şəhərində dəfn edildiyi yerdə 1894-cü ildə müridləri tərəfindən tikilən Şirvanlı Camisinin təmirə ciddi eh­tiyacı vardır. Vaxtilə Seyid Nigarinin sədaqətli müridlərindən olan Qu­badlı rayon Çərəli kənd sakini Səfər bəyin qohumları Nərminə xanım və oğlu Murad bəyin yardımı və Amasi­ya Şəhər Bələdiyyəsinin köməyi ilə yüksək səviyyədə aparılan təmir işləri 2014-cü ilin iyun ayında başa çatmış­dır. Bu münasibətlə Türkiyədən və Azərbaycandan gedən ziyalıların iştirakı ilə açılış mərasimi keçirilmişdir.

Həmzə Nigarinin yaradıcılığı ilə əlaqədar respublikamızda 2014-cü və 2017-ci illərdə keçirilən simpoziumlar onun təxəyyülünə verilən qiymətin parlaq nümunəsidir.

Xəyalə HƏMİDOVA,

BDU-nun psixologiya fakültəsinin tələbəsi

25 May 2022 02:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə