Ən son xəbərlər
Yaxın vaxtlarda Bolqarıstan Avropa Komissiyası ilə Rusiyadan aldığı qazın dəyərini rublla ödəmək mövzusunda danışıqlar aparacaq. Bu barədə ölkənin energetika naziri Aleksandr Nikolov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.
Nazir ölkənin BTV telekanalına müsahibəsində bildirib: “Biz bu məsələni Avropa Komissiyası səviyyəsində qaldıracağıq. Həmrəylik və birlik səviyyəsi maksimum yüksək olmalıdır. Əgər istisnalar olarsa, bu məsələyə baxacaq və görəcəyik ki, bu, bütün sistemə necə təsir edir”.
Nikolovun sözlərinə görə, Avropa Komissiyası rublla ödənişin sanksiyalara zidd olduğunu bildirib. Bununla belə, Roma və Berlin özlərinin şirkətlərinə rublla hesablar açmağa icazə verib: “Sual yaranır ki, korporasiyaları və dövlət şirkətlərini fərqləndirmək lazımdırmı?”.
Nazir qeyd edib ki, Avropa Komissiyası ilə danışıqlardan əlavə təlimat və “xüsusilə ümumi tədarüklə bağlı konkret addımlar” gözləyirlər.
Qeyd edək ki, mayın 14-də “Bloomberq” elan etmişdi ki, Avropa İttifaqı öz idxalçılarına Rusiyadan qaz alarkən sanksiyaların tələblərini pozmaqdan yayınmağa kömək olacaq qərar təklif edəcək. Bu qərarın hətta Moskvanın yanacağın dəyərinin ödənilməsi ilə bağlı şərtinə də aydınlıq gətirəcəyi bildirilmişdi.
Bolqarıstan, eyni zamanda, mayın 11-də ABŞ-dan sıxılmış təbii qaz almaq haqqında razılıq əldə edib. Ancaq qazın hansı qiymətə başa gələcəyi məlum deyil. Onu da xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti aprelin 27-də Bolqarıstana qaz verilməsini tamamilə dayandırıb. Səbəb yanacağın dəyərinin rublla ödənilməməsi olub. Ona qədər, martın 30-da Bolqarıstan hökumətinin nümayəndəsi Lena Borislavova demişdi ki, ölkəsi Rusiya qazına görə rublla ödəniş etməyəcək. O, bu məsələnin Avropa səviyyəsində əlaqələndirildiyini bildirmişdi.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə