Ən son xəbərlər
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə isə 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı təsis olunub.
Ümummilli lider Heydər Əliyev tərəfindən indiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması daim diqqətdə saxlanılıb və bu məsələlərin icrası adı çəkilən nazirliyin qarşısında başlıca vəzifə kimi qoyulub.
Ulu öndər ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi önəm verib. Bunun məntiqi nəticəsi kimi ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Ümummilli liderin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına da start verilib.
Dahi şəxsiyyətin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən dayanıqlı istifadə olunması ilə bağlı müəyyənləşdirdiyi siyasət son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Bütün sahələrdə olduğu kimi, təbiətin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri həyata keçirilib. Beynəlxalq ekoloji proqramların icrası, təbii sərvətlərin bərpası və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması, su ehtiyatlarının davamlı idarə edilməsi istiqamətində görülən işlərə xüsusi əhəmiyyət verilib.
Dövlətimizin başçısı tərəfindən meşəbərpa tədbirlərinin davamlı olaraq icrası, qiymətli ağac və kol cinslərinin qorunması və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı məsələləri də ekoloji siyasətdə prioritetlər sırasında yer alıb.
Düşməndən təmizlənən ərazilərimizdə işğala qədər 260,3 min hektar sahədə meşə fondu olub. İlkin aparılan monitorinqlər nəticəsində və kosmosdan əldə edilən fotolara əsasən bilavasitə yaşıllıqlarla örtülən 228 min hektarın 54 min hektarının tamamilə məhv edildiyi müəyyənləşdirilib. Meşə fonduna aid olmayan yaşıllıq əraziləri də vandalizmə məruz qalıb.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda işğalçının darmadağın etdiyi ərazilərdə tikinti-quruculuq layihələri sürətlə aparılır. Bərpa çərçivəsində ərazilərin yaşıllaşdırılması da diqqətdə saxlanılır. Lakin erməni terrorçuları tərəfindən sahələr minalandığından yaşıllıqların bərpası kütləvi tədbirlərlə keçirilmir. Minaların təmizlənməsi prosesi ağacəkmə kampaniyası ilə paralel şəkildə icra olunur. Başqa sözlə, ərazilər minalardan təmizləndikcə yaşıllaşdırma tədbirləri də reallaşdırılır. Həmin ərazilərin təbiətinə uyğun ağac növləri əkilir. Bu zaman, əsasən meşəcinsli ağaclara üstünlük verilir. Gələcəkdə isə Zəngilanda və meşə fondu olan digər rayonlarda tinglik təsərrüfatlarının da yaradılması nəzərdə tutulur.
Azərbaycan azsulu ölkələrdən biridir. Ölkəmizin suya olan tələbatının 70 faizi kənardan formalaşır. Respublikamızın su ehtiyatının çox hissəsi azad edilən ərazilərdədir. Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı monitorinqlər hazırda davam etdirilir. Yeri gəlmişkən, düşmən ölkə transsərhəd çaylar və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiyaların üzvü deyil və buna görə heç bir məsuliyyət daşımır. İşğalçı dövlət üzv olduğu konvensiyaların da şərtlərinə riayət etməyərək, təbiətimizi və çaylarımızı bu gün də çirkləndirir.
Ermənistanın barbarlığı təkcə yuxarıda qeyd edilənlərlə kifayətlənilmir. İşğalçı ölkə Azərbaycanın mineral ehtiyatlarını da talan edib. Xatırladım ki, 1993-cü ilə qədər Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına salınıb və rəsmi rəqəm statusu alıb. Onlardan 141-i bərk filiz və qeyri-filiz və tikinti materialları, 26-sı yeraltı içməli şirin su və termal yataqlarıdır. Həmin yataqların 16-sı yeraltı içməli su, 10-u isə termal-mineral sular kateqoriyasına daxildir.
Regionda 4 iri yataq - Kəlbəcərdəki Söyüdlü, Qızılbulaq qızıl, Tərtərdəki Dəmirli və Zəngilandakı Vejnəli yataqları da ciddi şəkildə istismar edilib və ətraf ərazilərə çox böyük ekoloji ziyan vurulub.
Burada bir faktı da diqqətə çatdırmaq istərdim. Ermənistan təbii sərvətlərimizi xarici şirkətlər və investorlarla birgə talan edib. Bu məsələnin araşdırılması ilə bağlı yaradılan komissiya hazırda hər bir yatağın ayrı-ayrılıqda monitorinq və diaqnostikasının həyata keçirilməsinə başlayıb.
Mətbuatda yayılan məlumata əsasən, yerli və xarici mütəxəssislərin iştirakı ilə hesabatların hazırlanması və ziyanın həcminin müəyyənləşdirilməsi nəzərdə tutulub. Kəlbəcər, Füzuli və Şuşadakı bir sıra yataqlarda artıq monitorinqlər keçirilib və erməni işğalçılarının törətdikləri talan və qanunsuz fəaliyyət aşkarlanıb. Həmçinin regionda yeraltı faydalı qazıntı yataqları, şirin və termal-mineral suların yeni perspektivləri üzrə təkliflərin hazırlanması da nəzərdə tutulub.
İşğaldan azad olunan torpaqlarda bu gün 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi (Bəsitçay və Qaragöl) dövlət təbiət qoruğu, dördü (Daşaltı, Laçın, Qubadlı, Arazboyu) isə yasaqlıqdır. Otuz ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib.
Düşməndən təmizlənən ərazilərdəki qoruq və yasaqlıqların tezliklə yenidən qurulması və bərpası planlaşdırılır. Bununla yanaşı, gələcəkdə həmin torpaqlarda xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması da nəzərdə tutulur.
Bu gün müstəqil Azərbaycan Respublikasında ekologiya sahəsində görülən işlər dünyanın diqqətini çəkir. Respublikamızın zəngin təbiətini qorumaq, meşələri bərpa etmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni layihələr həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, qeyri-hökümət və beynəlxalq təşkilatların diqqətini yönəltməklə, dövlətin müəyyənləşdirdiyi ekoloji siyasəti ardıcıl və qətiyyətlə reallaşdırır.
Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu xatırladaraq, bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirərək deyib: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq içtimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burda daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə hardasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir. Ancaq biz istədiiymizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyatı qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazilriyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Bunun bariz nümunəsi Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi olub. Dövlətimizin başçısı neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət göstərib.
Son illərdə əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı əməli işlər görülüb, ölkədə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə görülən işlərin nəticəsində neft çöküntüləri təmizlənib.
Bu ərazilər paytaxtın müasir yaşayış və mədəniyyət komplekslərinə, Prezident İlham Əliyevin dediyi kimi, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edib.
Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı RETSİ-nin əməkdaşı, yazıçı-ekoloq
Köhnə versiyamızdan xəbərləri izlə