Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT: Müharibələrin didərgin saldığı insanların sayı 100 milyonu ötüb

Münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur olan insanların sayı hazırda ilk dəfə olaraq Ukraynadakı müharibə və digər ağır münaqişələr səbəbindən 100 milyon nəfəri ötüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, yüz milyon çox ciddi, eyni zaman­da sarsıdıcı və narahat edəcək bir rəqəmdir. Bu, heç zaman qeydə alınmamış bir rekorddur: “Bu, dağıdıcı münaqişələrin həll edilməsi və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün həyəcan siq­nalı rolunu oynamalıdır”.

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni məlumatlarına görə, Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikası daxil olmaqla bir sıra ölkələrdə yeni zorakılıq dalğaları və ya uzun sürən münaqişələr nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə zorla didərgin salınmış insanların sayı 90 milyona çatıb. Bundan əlavə, Ukrayna­dakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin salıb, Ukraynadan 6 milyondan çox qaçqı­nın köçməsi qeydə alınıb.

Dünya əhalisinin 1 faizindən çoxunu təşkil edən bu ümumi rəqəm dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına bərabərdir. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu yaxınlarda dərc olunmuş hesabatına görə, bu­raya qaçqınlar və sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan daxildir.

“Ukraynadakı müharibə səbəbindən qaçan in­sanlara münasibətdə beynəlxalq reaksiya olduqca müsbət olub”, – deyə Ali Komissar əlavə edib. – “Mərhəmət hissi qalmaqdadır və dünyadakı bütün böhranlarla bağlı analoji səfərbərliyə ehtiyacımız var. Amma nəticə etibarı ilə humanitar yardım çarə deyil, yüngülləşdirici vasitədir. Bu tendensiyanı geri çevirmək üçün yeganə yol sülh və sabitlikdir ki, günahsız insanlar evdə qalıb ciddi təhlükə ilə üzləşmək, yoxsa riskli qaçışı və sürgünü seçmək arasında seçim etmək məcburiyyətində qalmasın­lar.”

BMT QAK “Qlobal tendensiyalara dair illik hesabat”ını iyunun 16-da açıqlanacaq. Həmin he­sabatda 2021-ci il üçün zorla didərgin salınma hal­ları ilə bağlı qlobal, regional və milli məlumatların tam toplusu, habelə 2022-ci ilin aprel ayına qədər olan bir qədər məhdud çərçivədə yenilənmiş məlumatlar, həmçinin qayıdışlar və həll yolları haq­qında təfsilatlar əks olunacaq.

“Xalq qəzeti”

24 May 2022 00:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə