Ən son xəbərlər
Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.
Dünyada neqativ meyillərin baş verdiyi, COVID-19 infeksiyasının geniş yayıldığı dövrlərdə belə qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməyib, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb. Bütün bunlar isə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsi kimi diqqət çəkib.
Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edərkən, ölkəmizlə bu qurum arasında tərəfdaşlığın səviyyəsinin yeddi il əvvəl imzalanan birgə razılaşmanın prinsipləri əsasında inkişaf edərək yeni mərhələyə daxil olduğunu, yeni formatın yaradılmasını şərtləndirdiyini bildirib. Dövlətimizin başçısı deyib: “Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından vacibdir”.
Ərzaq təhlükəsizliyi hazırda Rusiya-Ukrayna müharibəsi kontekstində daha da aktuallaşıb. Milli Məclisin deputatı Vüqar Bayramov söhbərində bununla bağlı deyib:
– Artıq qlobal aclıq təhlükəsi “Böyük Yeddilik” (G7) ölkələrinin də diqqətindən kənarda qalmayıb. Bu, həmin dövlətlərin inkişaf nazirləri tərəfindən qlobal ərzaq təhlükəsizliyinin təmin olunması üçün alyans yaratmaq razılığı ilə öz ifadəsini tapıb. Artıq əksər ölkələrdə buğda ixracı dayandırılıb. İl ərzində 107 milyon ton buğda yetişdirən Hindistanda da ixracın tənzimlənməsi ilə bağlı qərar qəbul olunub.
Bir müddət bundan əvvəl Qazaxıstan da xaricə buğda satmayan ölkələr sırasına qoşulub. Xatırladım ki, hər il 1 milyard 137 milyon dollarlıq buğda ixrac edən adı çəkilən bu ölkə dünyada 9-cu ən böyük ixracatçı kimi tanınıb. Bundan əvvəl də 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırıb.
Göründüyü kimi, dünyada ikinci ən çox buğda yetişdirən və ixracda ilk onluqda olan 3 ölkə xaricə satışı tamamilə ləğv edib, bir sıra digər dövlətlərdə isə məhdudiyyətlərin tətbiqinə başlanılıb. BMT bu il 2 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağını da bildirib.
Hazırda buğda qıtlığı ilə yanaşı, dünya bazarında qiymətlərdə də artım nəzərə çarpır. Rusiya-Ukrayna müharibəsi başlanan zaman 1 buşeli 287 dollara təklif edilən buğda hazırda 420 dollara satılır. Bu isə savaş başlanandan bəri dünya bazarında buğdanın qiymətinin 47 faiz yüksəlməsi deməkdir.
Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir. Rəsmi statistikaya görə, respublikamızın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan bu tələbin 40 faizi, yəni 1 milyon tondan çox hissəsi idxal hesabına ödənilir.
Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağı qarşıya mühüm vəzifə kimi qoyub. Məhz bunun nəticəsidir ki, təkcə cari ilin yanvar ayında respublikada buğda idxalında 4 dəfə artım qeydə alınıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını da artıraraq, dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Ancaq ixracata qadağalar Azərbaycanın buğda idxalına da təsir edib. Belə ki, cari ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalının həcmi 15,7 faiz azalıb. Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar idisə, cari ilin sözügedən dövrü üçün 341,7 dollar təşkil edib. İdxal olunan buğdanın qiyməti 34,2 faiz artıb.
Dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirir. Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. Ötən il ərzində respublikada 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənilir.
Dünyada qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsinin beynəlxalq bazardakı dəyişikliklərdən birbaşa asılı olacağı gözlənilir. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində sabitliyi qoruyub saxlamağa çalışır. Ukraynadakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdə davam edir.
Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə