Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionda möhkəm sülhə nail olmağa çalışır, Ermənistan isə…

Zəfərlə başa çatmış Vətən müharibəsi Cənubi Qafqaz regi­onunda yeni reallıqlar yaratmaqla yanaşı, Azərbaycanın bölgədə və dünyada mövqelərini daha da möhkəmləndirib. Bu gün ölkəmiz regional geopolitik meydanda şəriksiz lider, iqtisa­di sahədə isə bayraqdar sayılır. Ölkəmizin dostları da, bədxahları da etiraf edirlər ki, Azərbaycan indi beynəlxalq münasibətlərdə hər cəhətdən daha böyük rəğbət qazanan dövlətdir.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya, sülhpərvər xarici siyasət xətti Azərbaycanın nüfuzunu ar­tırıb, onun üstün mövqeyini şərtləndirən başlıca amilə çevrilib. Elə yarım ildən bəri Avropa İttifaqının vasitəçiliyi ilə start götürən “Brüssel prosesi”nin tezisləri də Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsini diktə edən təşəbbüsləri əsasında formalaşıb. Baş­lıca hədəf məlum üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş konkret məsələlərin reallaşması, münasibətlərin geniş aspektdə normallaşması və sülhün tezliklə əldə olunmasıdır. Avropa da görür ki, Azərbaycanın bununla bağlı tələb və təklifləri konstruktivdir. Aİ-nin Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açıl­masına verdiyi dəstək, bu məsələləri daim diqqətdə saxlaması da bunu təsdiq edir.

Azərbaycanın münasibətlərin nor­mallaşdırılması ilə bağlı təşəbbüsləri beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Faktiki olaraq rəsmi Bakı Qafqazda beynəlxalq münasibətlərin yeni modelini orta­ya qoyur. Prezident İlham Əliyevin siyasi çevikliyi, dönməz iradəsi regi­onda mənafeləri toqquşan və alovu körükləməkdə maraqlı olan tərəfləri zərərsizləşdirir. Biz deyərdik ki, hətta onları Qafqazda qarşılıqlı əməkdaşlığa və sülhə cəlb edir.

Daim Azərbaycanın yanında olan Türkiyənin siyasi-mənəvi dəstəyi bizim sülh naminə səylərimizin real nəticələr verəcəyinə inamı daha da artırır. Rize-Artvin Hava Limanının açılış mərasimində cənab İlham Əliyev fəxrlə bildirib ki, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. “Otu­zillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın ya­nındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu”.

Bu gün Qafqazın üzərində ay­dın səmanın bərqərar olması üzrə səylərimizdə Türkiyənin və digər dost ölkələrin bizə göstərdikləri dəstək olduqca zəruridir. Dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq qapanmış səhifə olduğunu, münasibətlərin nor­mallaşmasına xidmət edən fəaliyyətin vacibliyini dəfələrlə öz çıxışlarında, bəyanatlarında ifadə edib. Bu mesaj­ların başlıca motivi ondan ibarətdir ki, Azərbaycan sülhyaratma prinsipinə sadiqdir və beynəlxalq güclər eyni davranış sərgiləməyi Ermənistana da təlqin etməlidirlər ki, sözlə konkret əməl vəhdətinə nail olunsun.

Cənab İlham Əliyev bu həftə Azərbaycan-Litva biznes forumunda bildirib ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Avropa İttifaqı ilə yeni sazişlə bağlı aparılan danışıqların son mərhələsindəyik. Odur ki, Qafqazda sülhyaratma prosesləri nə qədər tez uğur qazansa, bu, regionun bütün dövlətləri üçün bir o qədər faydalı olar. Eyni zamanda, Litva Prezidenti Gitanas Mauseda ilə Bakıda bəyanatlarla çıxış edən zaman Prezident İlham Əliyev artıq tarixə çevrilmiş Qarabağ münaqişəsindən sonrakı reallıqlara da toxunub. Diqqətə çardırıb ki, biz Ermənistanla sülh sazişi imzalamağa hazırıq. Münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Aprelin 6-da Brüsseldə keçirilmiş görüşdə də Azərbaycan və Ermənistan rəhbərləri sülh sazişi üzərində işləməyə razılaşıblar. On­dan bir qədər əvvəl isə Azərbaycan münasibətlərin normallaşdırılması üçün beş prinsip irəli sürüb və Ermənistan onlara cavab verərək bəzi şərtlərini bildirib. Lakin o zamandan bəri verilən bəyanatların tonu pozitiv olsa da, konk­ret irəliləyişin əlamətləri hələ ki, nəzərə çarpmayıb.

Ermənistan sərhədlərin delimita­siyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüş, Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi. Daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi.

Bu kimi davranışlar Ermənistanın arada yaranan etimadı pozması anlamına gəlir. Cənab İlham Əliyev bu barədə fikirlərini açıq ifadə edir: “Aprelin sonuna qədər görüşə ha­zır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.

Əlbəttə, bölgədə sülhə nail olunma­sı üçün bütün tərəflərin istəyi lazım­dır. Azərbaycan Vətən müharibəsini şanlı Zəfərlə başa vurduqdan sonra regionda sülh yaradılmasına çalışır. Ermənistan isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda əks olun­muş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini yerinə yetirmir. Kommunikasiyaların açılması­nı, sərhədlərin delimitasiyasını yubadır, birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması ilə bağlı xəritələri təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizinin açıl­masını uzadır.

Bu məsələnin dünyanın diqqətində olduğunu göstərən amillər yetərincədir. Məsələn, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mətbuata açıqlama verərək Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb. "Razı­laşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər, bu, baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək".

Son məlumatlara görə, bir neçə gündən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görünən budur ki, Aİ həqiqətən də təşəbbüsü əldən vermək istəmir və sülh razılaşma­sına nail olmaq üçün səylərini davam etdirmək niyyətindədir.

Ermənistan ordusunun Kəlbəcər istiqamətində sabitliyi pozması isə yalnız görüntü üçündür, bu, ölkə rəhbərliyinin daxili siyasətinə he­sablanan mənasız taktikadır. Bəllidir ki, “dəmir yumruq”la başı əzilmiş Ermənistanın hərbi potensialı döyüş əməliyyatları üçün qətiyyən kifayət etmir, onlar tərəfindən törədilən lokal təxribatlar və atəşkəs pozuntuları daxildəki müxalif dalğalarını səngitməyə xidmət edir. Ermənistan hakimiyyətinin yüksək vəzifəli şəxslərindən biri, Milli Məclisin spikeri Alen Simonyan bu fikri dolayısı ilə təsdiqləyib. Azatutyuna müsahibəsində o deyib: “Burada sirr kimi saxlanan heç nə yoxdur. Çox vaxt belə olur ki, Azərbaycan tərəfindən sənəd daxil olur. Biz bəzən bir sözü bir həftə müzakirə edə və dəyişikliyə çalışa bilərik. Amma müxalifət deyir ki, elə indi və birbaşa mətnlə verin. Belə olmur, axı”.

Digər tərəfdən, Azərbaycan rəhbərinin bəyanatlarından sonra Ermənistan xarici işlər naziri Ara­rat Mirzoyan təzyiqlərdən çəkinmək üçün tərpəniş etməyə məcbur olub. Jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyası üzvlərinin iclası yaxın günlərdə və ya həftələrdə baş tutacaq. Onun dediyinə görə, tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var və görüşün təşkili ilə bağlı müzakirələr davam etdiriləcək.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələyə sırf obyektiv münasibət bildirərək deyib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib. Son­ra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb. “Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxilindəki radikalların, xaricdə isə diasporun təzyiqi altındadır”.

Onsuz da Ermənistan yeni reallı­ğa uyğun davranmağa məhkumdur. İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında aydın əks et­dirilib. Ermənistanın bütün bunları qəbul etməkdən başqa yolu yoxdur. Sadəcə olaraq, Paşinyan hökuməti qətiyyətsiz və qorxaq olduğuna görə, manipulyasi­yalar etməklə hakimiyyətə yiyələnməyə can atan və heç bir proqramları olmayan koçaryanları, sarkisyanları zərərsizləşdirmək, həmçinin Brüsse­lin vasitəşilik səylərindən qıcıqlanan kimsələrin qəzəbindən mümkün qədər yayınmaq istəyir.

Qarşı tərəf birdəfəlik dərk etməlidir ki, artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. İstər-istəməz qalib və haqlı Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməlidir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

24 May 2022 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə