Ən son xəbərlər
Azərbaycan tərəfi Ermənistanla sülh yaradılması, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının tam yerinə yetirilməsi üçün ardıcıl səylərini davam etdirir. Prezident İlham Əliyev bu istiqamətdə cəsarətli addımlar atır, istər Moskva ilə, istərsə də Brüssellə təmaslar qurur. Mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti yenidən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Bununla bağlı fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı İqbal Məmmədov bildirdi:
– Azərbaycan Prezidenti ölkəmizin tarixi qələbəsindən sonra Ermənistanla sülh prosesini başa çatdırmaq üçün 2020-ci ilin noyabrından bəri mümkün olan hər cür səyləri göstərməkdədir. Budur, son iki ay ərzində dövlət başçısı artıq ikinci dəfədir ki, Brüsselə səfər edərək mühüm görüşlər keçirir. Bunu sülh prosesi naminə çox inadlı səylər adlandırmaq olar. Prezident İlham Əliyev bu yöndə yorulmadan çalışır. Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri ilə görüş də bu məqsədə xidmət edirdi.
Dövlətimizin başçısı Şarl Mişellə görüşündə onun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi, bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə artıq üçüncü görüşün keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 prinsip təqdim edib və bu prinsiplər sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır.
Prezident İlham Əliyev bildirdi ki, bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib və danışıqlara hazır olduğunu bir daha bəyan edib. 10 noyabr üçtərəfli bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən də icra olunması zəruridir. Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə mina problemini və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi məsələsini də yenidən qaldırdı və bu məsələlərin həllinin vacibliyini bir daha vurğuladı.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də təmsil etdiyi qurumun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi. Üçtərəfli görüşdən sonra Mişel bəyanatla çıxış etdi. Onun səsləndirdiyi bəyanatda qeyd edilir ki, görüşdə humanitar xarakterli mövzular, o cümlədən minaların təmizlənməsi və itkin düşmüş şəxslərin taleyi (Birinci Qarabağ müharibəsi illərində) müzakirə olunub, yaxın günlərdə dövlətlərarası sərhəddə Birgə delimitasiya komissiyasının iclası keçiriləcək. Bundan əlavə, bəyanatda vurğulanır ki, liderlər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycan ərazisindən keçməklə tranzitin əsasını təşkil edən prinsiplər barədə razılığa gəliblər. Xarici işlər nazirləri sülh müqaviləsinin təfərrüatlarını müzakirə etmək üçün tezliklə görüşəcəklər. Şarl Mişel, eyni zamanda, danışıqlarda Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.
Tərəflər həm də eyni formatda növbəti görüşün bu ilin iyul-avqust aylarından gec olmayaraq keçirilməsi barədə də razılığa gəliblər.
Bəyanatdan məlum olur ki, Azərbaycanın sülh prosesi ilə bağlı tələbləri maksimum nəzərə alınıb. Görüşlərdə Qarabağın statusu kimi artıq çoxdan gündəlikdən çıxmış bir məsələnin müzakirə edilmədiyi xüsusilə vurğulanmalıdır. Bununla bağlı söhbət yalnız Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təminatından gedir ki, bu da Azərbaycanın mövqeyi ilə uyğundur. Ən əsası isə budur ki, erməni tərəfi yenə Birgə delimitasiya komissiyasının iclasının keçiriməsinə razılıq verib. Ümid edirik ki, Ermənistan bu dəfə öz öhdəliyinə əməl etməkdən boyun qaçıra bilməyəcək. Bununla yanaşı, dəhlizlərin açılması və XİN başçılarının sülh müqaviləsi üzərində işə başlaması ilə bağlı öhdəliklər də ümidvericidir. Hər halda, Prezident İlham Əliyevin dediyi kimi, biz də iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq.
Söhbəti qələmə aldı: Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə