Ən son xəbərlər
Bu il mayın 17-də keçirilən Avropa İttifaqı–Azərbaycan biznes forumunda “Azərbaycanda Biznes Mühiti-2021” hesabatı təqdim olunub. Avropa İttifaqının maliyyə dəstəyi ilə sayca 6-cı dəfə işıq üzü görən bu topluda Avropa İttifaqı–Azərbaycan iqtisadi əməkdaşlığındakı nailiyyətlər və mövcud biznes mühitinin daha da inkişaf etdirilməsi məsələləri öz ifadəsini tapıb. Hesabatda tərəflər arasında ticarətin davamlı şəkildə genişləndiyi, 2021-ci ildə ticarət dövriyyəsinin 15 milyard dollardan çox olduğu bildirilib.
Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə respublikamızda biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. Bu şirkətlərin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə artıq investisiya layihələrində iştirak edirlər.
Bu rəqəmlər deməyə əsas verir ki, hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət daşıyır. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanların daha da genişləndirilməsini şərtləndirir. Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri gücləndirməyə əlverişli zəmin yaradır.
Müasir dünyada dövlətlər arasında bir-birləri ilə artıq hərbi deyil, bir çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparmaq aydın nəzərə çarpır. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı, habelə digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Avropa İttifaqı üçün cəlbedici bir dövlətə çevirib.
Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri tərəfindən Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman “imkanlar pəncərəsi” kimi dəyərləndirilib.
Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirir. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Ötən il iyulun 18-də Prezident İlham Əliyevin Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, Aİ ölkəmiz üçün yaxın tərəfdaşdır. “Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.
Azərbaycan hazırda neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.
Uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusudur. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. Elə buna görədir ki, son onilliklərdə iqtisadi və siyasi məzmunlu beynəlxalq konfransların gündəliyinin başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Avropa dövlətləri tərəfindən öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyulur.
Düzdür, son dövrlərdə bu məqsədlə müxtəlif təşəbbüslər ortaya atılıb. Lakin onların hamısı siyasi və iqtisadi iradənin olmaması səbəbindən kağız üzərində qalıb. Artıq tam gücü ilə işə düşən Cənub Qaz Dəhlizi isə məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturu kimi tanınıb.
Cənub Qaz Dəhlizinin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. İllər əvvəl bu layihənin reallaşması bəzilərinə qeyri-mümkün görünüb. Lakin İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını gerçəkləşdirib.
Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri istismara verildiyi tarixdən bu ilin aprelin 1-dək 26,13 milyard kubmetr təbii qaz nəql edilib. Cari ilin birinci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb. Bu il Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artımı gözlənilir.
Ötən il Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. Cari ilin əvvəlindən isə qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına təsir edib. Vergi daxilolmalarında artım 250 milyon dollara bərabər olub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun parlaq qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə iqtisadiyyatın, turizmin və digər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Bu ərazilərin iqtisadi potensialı və təbii ehtiyatları kifayət qədər əlverişlidir.
Şübhəsiz ki, azad edilən torpaqlar həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin mühüm bir hissəsi olacaq. Şübhəsiz ki, biznes strukturu da dövlətin yaratdığı imkanlardan yararlanaraq, rəqabətədavamlı məhsul və xidmətlər istehsalını genişləndirəcək, yeni reallıqlar fonunda yaranmış əlverişli şəraitdən səmərəli və düzgün istifadə edəcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə