Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla ABŞ arasında əlaqələr yüksələn xətlə inkişaf edir

Məlum olduğu kimi, ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Res­publikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı xüsusi vurğulanır.

Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın 30 ildən artıq bir tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. Azərbyacan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edibdir.

Azərbaycanın sülhməramlıları ABŞ-ın Əfqanıstanda başçılıq etdiyi beynəlxalq an­titerror koalisiyasında da fəal iştirak ediblər. Yeri gəlmişkən, Əfqanıstanı ən sonda tərk edənlərdən biri məhz Azərbaycanın hərbi kontingentidir. Amerika da bunu unutmur və daim minnətdarlıq hissilə vurğulayır.

2020-ci ilin payızında xalqımız 44 günlük savaşda doğma Qarabağı işğalçı Ermənistanın Silahlı Qüvvələrindən azad edərək regionda tarixi ədaləti bərpa edibdir. Məktubdan bəlli olur ki, ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı parlaq qələbədən sonra regionda yaranmış yeni reallıqların fərqindədir.

Görünən budur ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında dip­lomatik təmasların intensivləşdirilməsini müsbət qarşılayır və bunun bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Həqiqətən, bu gün Cənubi Qafqazda xalqların və dövlətlərin inkişaf və tərəqqi etməsi üçün regionda davamlı sülhün bərqərar olunması çox va­cibdir. Azərbaycan regionda ədalətli sülhün tərəfdarıdır. Bunu dünya görür və yüksək qiymətləndirir.

Azərbaycan beynəlxalq hüquqa əsaslanan prinsipial və ədalətli xarici siyasət həyata keçirir. Bu kurs xalqımızın və dövlətimizin maraqlarına tam cavab verir. Hesab edirəm ki, Birləşmiş Ştatlar kimi, böyük bir dövlətin Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayıla bilər.

Tahir RZAYEV,

Milli Məclisin deputatı

24 May 2022 00:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə