Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionda sülh və təhlükəsizliyin təminatçısıdır

Azərbaycan regionda sülh, təhlükəsizlik və normal əməkdaşlığın bərqərar olması istiqamətində açıq, dürüst siyasət yürüdür, bütün hallarda münaqişə və zorun əleyhinədir.

Ölkəmiz işğalçı Ermənistanla sülhə, əmin-amanlığa sadiqliyini 28 il ərzində sübuta yetirdi. Amma qarşı tərəfin qeyri-konstruktivliyi, səmimi olmayan siyasəti bizə başqa seçim qoymadı. Düşmənin növbəti ərazi iddiasına, məsuliyyətsiz bəyanatına, təmas xəttindəki təxribatlarına şanlı ordumuz layiqli cavab verərək işğala son qoydu.

Hazırda regionun güc mərkəzi olan Azərbaycan Vətən müharibəsində əldə edilən parlaq qələbədən sonra qarşı tərəfə barış əlini uzadır, qan tökülməyin əleyhinə olduğunu diqqətə çatdırır. Rəsmi Bakı beynəlxalq hüququn prin­sip və normaları çərçivəsində huma­nizm ənənələrinə sadiq qalaraq sülh müqaviləsinin bağlanmasının, bölgədə sabitliyin gerçəkləşməsinə səy göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Çünki İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq for­matını yaratmaq üçün əlverişli imkan var.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası­nın Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə növbəti işgüzar səfəri də sülh prosesinin sürətlənməsi məqsədi daşıyır. Görüşdə dövlətimizin başçısı Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdı­rılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasi­yası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqla­masında rəhbəri olduğu təşkilatın Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifa­qının hər iki ölkə ilə, eləcə də, regionla əlaqələrinin inkişafına diqqət yetirdiyini xatırladaraq, proseslərin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərin həll olunacağına əminliyini ifadə edib.

Görüşdə liderlər tərəfindən nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlama­ğın zəruriliyi ilə bağlı razılığa gəlinərək, Azərbaycanın qərb hissəsi və Naxçıvan, habelə Ermənistanın müxtəlif bölgələri arasında respublikamızdan keçməklə tranzit, eləcə də hər iki ölkənin kom­munikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər razılaşdırılıb. Xüsusilə, beynəlxalq da­şımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılıq əldə olunub. Bütün bunlarla yanaşı, Avropa İttifaqının tərəflərlə birlikdə hər iki ölkə xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcəyi də diqqətə çatdırılıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezi­denti Şarl Mişel ilə təkbətək görüşündə dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş he­sab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini də bir daha vurğulayıb. Dövlətimizin başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən öhdəlik kimi icra olunmasının zəruriliyinə toxunub.

Sonda Rəşad Mahmudov qeyd edib ki, dünyada ciddi narahatlıq doğuran hadisələrin, ziddiyyətli dəyşikliklərin baş verdiyi bir dövrdə prezident İlham Əliyev regionda sülhə nail olmaq, inkişaf və tərəqqinin təminatçısı kimi bölgəyə töhfələrini vermək istəyir. Düşünürəm ki, qarşı tərəf Azərbaycanın bölgə üçün olduqca faydalı olacaq təkliflərini düzgün təhlil etməli, regionun inkişafı naminə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

“Xalq qəzeti”

24 May 2022 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə