Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan sülh yolunda qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Biz humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düş­müş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı müzakirə apardıq... Aİ dəstəyini gücləndirməyə hazırdır. Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqustadək yenidən eyni formatda görüşəcəyik.

Şarl MİŞEL

Avropa İttifaqı Şurasının prezidenti

 

Fərəhlə qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə növbəti təkbətək görüşü konstruktiv keçib və bu, sabaha olan ümidləri daha da artırıb. Dövlətimizin başçısına yüksək ehtiram duyğularının ifadə olunduğu görüşdə Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında normallaşma proseslərinə dəstək məramı bir daha ifadə edilib, vasitəçilik səylərinin davamlı olacağı vurğulanıb.

 

 

Çoxsaylı bayraqlarla bəzədilmiş salon boyu Şarl Mişelin müşayiəti ilə görüş masasına doğru irəliləyən Azərbaycan Prezidenti son dərəcə inamlı və qətiyyətli görünürdü. Bu, birgə foto çəkdirilən zaman da aydın hiss edilirdi. Əslində, teleekranlardan izlədiyimiz məqamlar qalib tərəf olan Azərbaycanın get-gedə möhkəmlənən üstün mövqeyini, Avropa İttifaqı kimi mötəbər qurumda ölkəmizə qarşı sərgilənən etimad və rəğbətdən məmnunluğu əks etdirirdi. Xatırladaq ki, Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə eyni formatda görüş artıq üçüncü dəfə təşkil edilirdi və əvvəlki görüşlərdə də cənab İlham Əliyev beləcə çox güvənli təsir bağışlamışdı.

Şarl Mişelin dəvəti ilə Avropanın siyasət paytaxtına səfər edən Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşdən öncə Avropa İttifaqı Şurasının prezidenti ilə təkbətək görüşü yetərincə konstruktiv ruhda keçdi. Dövlətimizin başçısı öncə yaradılan obyektiv atmosferə, səmimi ab-havaya görə Şarl Mişelə təşəkkürünü bildirdi. Ölkəmizin rəhbəri yüksək qitə qurumu səviyyəsində iki ölkə arasında münasibətlərin normallaşması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiya və demarkasıyası üzrə ardıcıl səylər göstərilməsindən razılığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan beş baza prinsipi irəli sürüb və bu prinsiplər sülh müqaviləsinə hazırlıqda başlıca rol oynayır. Cənab İlham Əliyev sülh danışıqlarına hazırlıq prosesinin uğurla sonuclanacağına ümidvar olduğunu bildirdi. Aprelin 6-da Brüsseldə keçirilmiş ikinci görüşdən sonra Azərbaycanın danışıqlar üzrə işçi qrupunu, həmçinin delimitasiya üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini xatırladaraq qeyd etdi ki, ölkəmiz bu xüsusda danışıqlara hazırdır. Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina probleminin həllinin və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə qədər insanın taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırdı. Azərbaycan rəhbəri, həmçinin Ermənistan tərəfinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış məlum 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməyə borclu olduğunu vurğuladı.

Öz növbəsində Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə Avropa İttifaqının dəstək göstərmək əzmini bir daha ifadə etdi. Dedi ki, vasitəçilik səylərini sonadək davam etdirəcək. Eyni formatda olan əvvəlki görüşlərin əhəmiyyətini önə çəkən ev sahibi Azərbaycan rəhbərinə bu prinsipial məsələyə, bir qayda olaraq, konstruktiv yanaşdığına görə təşəkkürünü bildirdi. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Məlum olduğu kimi, hazırda beynəlxalq aləm siyasi kataklizmlər burulğanındadır. Qərb dünyası bir çox hallarda özünün təhrikçi davranışları ilə hər tərəfi çalxalayır. Əfqanıstanda taliblərin hakimiyyətə gəlməsi, Suriyada qarşıdurmalar, AUKUS paktı üzrə anqlosaks anti-Cin ittifaqının formalaşmasının sona yetmədən parçalanması, Türkiyənin PKK və YPG kürd terror qruplaşmaları ilə mübarizəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinin dartışdırılması, Rusiya-Ukrayna müharibəsinin alovlanması və dünyada baş verən sair tektonik geosiyasi tərəddüdlərin göstəriciləridir. Siyasi güclər Yaxın və Orta Şərqdə, Şimali Afrikada bazarları ələ keçirərək, özlərinin təsir dairələrini genişləndirmək yürüşünə çıxıblar. Yanvar ayında Qazaxıstanda silahlı dəstələri güllələyən KTMT də, Balkanlarda yaşayış məntəqələrini bombalamış NATO da öz yanlarından guya ədaləti bərpa edirlər. Bir sözlə, güclərin və yeni regional qaydaların perspektivi barədə proqnoz vermək çətinləşib.

Siyasi və hərbi təbəddülatlar davam edir. Bizim də daxil olduğumuz geosiyasi məkanda Cənubi Osetiya, Dnestryanı Respublika ilə bağlı narahatlıqlar, Ermənistanın Qərblə Şimal arasında vurnuxmaları arxayınçılığa əsas vermir. İnamla demək olar ki, delə bir şəraitdə yalnız Azərbaycan Avroasiya məkanında yeganə ölkədir ki, suverenliyi və təhlükəsizliyini təhdidlərdən qoruya bilir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan nəinki qarışıq zamanın çağırış və təhlükələrini məharətlə zərərsizləşdirib, eyni zamanda, 44 gün ərzində məhz öz gücünə torpaqlarını işğaldan təmizləyib.

Bu gün cənab İlham Əliyev təkcə Qarabağın xilası missiyasını məharətlə icra edən rəhbər kimi deyil, həmçinin hərbi-diplomatik qələbələrin müəllifi kimi şöhrət qazanıb. Cozef Bayden dövlətimizin başçısına olduqca xoşməramlı bayram təbrikləri göndərir, Vladimir Putin İlham Əliyevə böyük rəğbət göstərir, Rəcəb Tayyib Ərdoğan sidq-ürəklə “qardaşım” deyir və sair. Müttəfiqlik münasibətləri, balanslaşdırılmış siyasət, dara düşənə yardım və dəstək, dünyanın energetika xəritəsində layiqli yerini tutmaq, ilk olaraq alternativ çoxşaxəli beynəlxalq nəqliyyat-logistika sisteminin yaradılması kimi müsbət tendensiyalar Azərbaycanın uğurlarının əsas şərtləridir. Təkcə Şuşada Türkiyə ilə imzalanmış hərbi-siyasi müttəfiqlik Bəyannaməsi çox yüksək dəyərə malikdir. Bu sənəd təsbit edir ki, Azərbaycana qarşı açıla biləcək hər hansı bir atəş İstanbul və Ankara üçün təcavüz anlamına gəlir. Bütün bunlara isə məhz cənab İlham Əliyevin ölkəmizə müdrik rəhbərliyi sayəsində nail olunub.

Avropa İttifaqı ilə sülhhədəfli konstruktiv münasibətlərin formalaşması xoş gələcək baxımından xüsusilə ümidvericidir. Üçtərəfli formatda “Brüssel gündəliyi” sözsüz irəliləyiş deməkdir. Doğrudur, aprelin əvvəlində keçirilən görüşlə cari görüş arasında cərəyan etmiş 46 günlük danışıqlarda qarşı tərəfdən müəyyən yayınmalar baş verib. Ermənistan rəhbərliyi öhdəliklərinə tam və vaxtında əməl etməyib. Sərhəd komissiyasının yaradılması aprelin 6-da razılaşdırıldığı kimi, həmin ayın sonuna qədər baş tutmayıb. Daxildən revanşistlərin, xaricdən radikal diaspor təşkilatlarının Paşinyan hökumətinə təzyiqlər etməsi, İrəvanda davamlı etiraz mitinqlərinin təşkili və bəzi havadarların alovu körükləmələri bunun əsas səbəbləridir. Amma bunlar verilən sözdən qaçmağa heç cür əsas vermir.

Paşinyanın rəhbərlik etdiyi Ermənistan dövlətinin Azərbaycanla yanaşı, Qərbi də aldatmaq cəhdini yaxşı görən Aİ bunu rəsmi İrəvana bir daha xatırlatdı. Bu, həm də “ya biz, ya da Moskva” mesajıdır. Deməli, Ermənistanın manevr imkanları daralır və bu ölkə istər-istəməz konstruktiv addımlar atmağa vadar edilir. Eyni zamanda, Azərbaycan indiyə qədər yetərincə təmkin göstərib və Paşinyan dərk etməmiş deyil ki, Azərbaycanın da səbri müəyyən həddə qədərdir.

Mayın 22-də keçirilən beşsaatlıq üçtərfli görüşdə bir daha sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və sülh müqaviləsi ilə bağlı zəruri razılıq əldə olundu. Razılığa görə, tezliklə Azərbaycanla Ermənistan sərhəd komissiyalarının ilk birgə iclası keçiriləcək. Həmçinin nəqliyyat xətləri ilə bağlı bir sıra mübahisəli məsələlər də öz həllini tapdı. Məsələn, sərhəd idarəçiliyi, təhlükəsizlik, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük rüsumları və qaydaları barədə tərəflər arasında razılıq əldə olundu. Bu, Zəngəzur dəhlizinin açılması istiqamətində vacib bir mərhələni təşkil edir.

Görüş bir daha göstərdi ki, sülhdə maraqlı olmayan, danışıqların uzadılmasına çalışan, “bəlkə də qaytardılar” xülyası quran erməni siyasətçilər sülh təşəbbüslərini ləngitsələr də, onu tamamilə dayandıra bilməzlər. Qoy onlar unutmasınlar ki, qatar artıq hərəkətə gəlib, geciksələr, onun arxasınca baxa-baxa qalacaqlar.

Azərbaycan isə sülh prosesində qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

24 May 2022 00:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə