Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İntellektual təfəkkürə, sarsılmaz iradəyə malik xarizmatik lider

“Prezident İlham Əliyevin ən güclü cəhətlərindən biri odur ki, onun üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli deyildir. O, bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara yol verməyən, rəyi ilə razılaşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir… O, şəxsi hissləri siyasətdən ayıra bilən adamdır. Bunların hamısı çox məsuliyyətli insana xas olan xüsusiyyətlərdir. Məncə, o, indiyə qədər ölkəsinə çox gözəl xidmət edib”.

Frederik STARR,

ABŞ-ın nüfuzlu Con Hopkins Universitetinin nəzdindəki Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri, professor

 

 Müasir dövrdə modernləşmə dünya ölkələrinin bütün həyatına nüfuz edərək industrial sivilizasiyanı tədricən sıxışdırmaqda və əvəzləməkdədir. Bu proses tarixi inkişafın qatlarına yeni münasibətlər, sosial-iqtisadi prioritetlər, geniş imkanlar, keyfiyyətcə daha yüksək siyasi normalar, təsisatlar gətirir və nəticə etibarilə cəmiyyətin simasını dəyişdirir. Tarixi təcrübənin təhlili göstərir ki, bu halda informasiya cəmiyyətinin reallıqlarını təzəcə mənimsəməyə başlayan yeni müstəqil dövlətlərdə modernləşməyə böyük ehtiyac duyulur.

Minilliklərin ayrıcında Azərbaycanda da ölkənin modernləşdirilməsi, gələcək inkişaf yolunun seçilməsi siyasi, iqtisadi, intellek­tual və ictimai diskussiyaların ən aktual mövzularından birinə çevrildi. Problemlərin mahiyyəti sosial münasibətləri təkmilləşdirməkdə, milli iqtisadiyyatı islahatlar yolu ilə gücləndirməkdə, yeni təfəkkürə əsaslanan keyfiyyətcə yeni cəmiyyət qurmaqda təzahür edir.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın yekdil dəstəyini qazanaraq prezident seçilən cənab İlham Əliyev ötən dövrdə özünün fədakar fəaliyyəti ilə sübut etdi ki, qeyri-adi istedada, sarsılmaz iradəyə, heyrətamiz intellektual təfəkkürə malik şəxsiyyət, xa­rizmatik lider və böyük dövlət xadimidir. O, yaxşı bilirdi ki, güclü peşəkar hakimiyyət, möhkəm nizam-intizam və qanunçuluq Azərbaycan kimi gənc, müstəqil dövlətin problemlərinin həlli yolunda ən ümdə şərtdir, dövlət idarəçiliyinin başlıca tələbidir. Zaman keçdikcə, biz cəmiyyət olaraq anladıq ki, dövlət başçısının hakimiyyətin bütün pillələrindən qanunçuluğa, nizam-in­tizama əməl olunmasını tələb edən güclü, iradəli lider keyfiyyətlərinə malik olması çox zəruridir və indiyə qədər qazandığımız bütün uğurların, nailiyyətlərin təməlində məhz bu faktor dayanır.

Azərbaycan cəmiyyəti yeni dövrün lideri, intellektual texnokrat siyasətçi cənab İlham Əliyevin şəxsində ölkənin hərtərəfli inkişaf strategiyasını davam etdirməyə, zamanın tələbləri məcrasında siyasətimizi və iqtisadiyyatımızı dəyişən reallıqlara, tarixi şəraitə uyğun olaraq yaradıcılıqla inkişaf etdirməyə qadir olan yeni tipli böyük dövlət xadimini görür. Azərbaycanın yeni tarixi bizim gözlərimiz qarşısında forma­laşıb, biz bu tarixin şahidləri və iştirakçı­larıyıq. Biz indiki reallıqlar prizmasından daha yaxşı dərk edirik ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyərkən nə qədər haqlı imiş. Ulu öndərin müraciətində deyilirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiya­sı sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intel­lektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli lider bu inamında yanılma­dığı kimi, xalq da öz seçimində yanılmadı. Güclü dövlət, güclü lider həqiqətini əldə rəhbər tutan Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına, böyük zəfərimizə səs vermiş oldu.

Rasional, səmimi, praqmatik dövlət xadimi və lider obrazı cənab İlham Əliyevə cəmiyyət və dövlətçiliklə bağlı bütün baxışlarını, proqramlarını uğurla həyata keçirməyə imkan verir. Elə müasir dünyaya da məhz belə siyasətçilər – amerikalıların işgüzarlığını, ingilislərin ehtiyatkarlığını, almanların dəqiqliyini, türklərin cəsarətini və yenilməz iradəsini özündə cəmləşdirən liderlər lazımdır. Prezident Heydər Əliyevin strateji inkişaf konsepsiyasına sadiq qalan cənab İlham Əliyevin dövlətçiliklə bağlı dəyərlər sistemində dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və milli maraq­ların qorunması hər zaman ön plandadır.

Dövlət və onun inkişafı barədə aydın baxışlara malik olması İlham Əliyevə siyasi hakimiyyət sükanı arxasında ciddi uğurlara imza atmağa yetərincə böyük imkanlar verir. Onun baxışlarına görə, güclü dövlət və modernləşmə vahid dəyərlər sisteminin tərkib hissəsi kimi sabit ictimai inkişafa və yeni düşüncə tərzinin formalaşmasına xidmət etməlidir. Prezident İlham Əliyev yaxşı bilir ki, müasir dünyanın inkişa­fının əsas vektoru olan modernləşmə dövlət, cəmiyyət və şəxsiyyət arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. Onun fəaliyyət proqramı kon­septualdır. Buna görə də o, ideya-dəyər oriyentirlərini və davranış alqoritmlərinin dəyişməsini daim nəzarətdə saxlayır, siyasi təsisatların möhkəmləndirilməsini, demokratikləşmənin permanent yüksəlişinə dəstək verməyi tövsiyə edir. Dövlət başçısının liberalizm və mühafizəkarlığın sintezi kimi təzahür edən neokonservatizmi Azərbaycan üçün daha məqbul ideoloji konsepsiya hesab etməsi də məhz həmin mövqedən qaynaqlanır.

Güclü, çevik və yüksək iş qabiliyyətinə malik olan dövlət başçısı ölkənin qar­şısında duran strateji vəzifələri düzgün müəyyənləşdirməklə milli iqtisadiyyat­da kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyi reallaşdıra bildi. O, tükənməz enerjisi, zəhmət yanğısı və quruculuq fəlsəfəsi ilə ən çətin vəzifələrin öhdəsindən şərəflə gəldi. Dövlətçilik fəlsəfəsinə görə zəif cəmiyyətə malik güclü dövlət ola bilməz. Bu səbəbdən də cənab İlham Əliyev dövlət maşınının və idarəetmə aparatının yüksək səmərə ilə fəlaiyyət göstərməsi üçün güclü və işgüzar sosiumun formalaşmasını hər zaman xüsu­si diqqət mərkəsində saxlayır.

Dövlətin və cəmiyyətin iqtisadi maraq­larının təmin edilməsi, qlobal layihələrin reallaşdırılması, kiçik və orta biznesin inkişafı, bazar münasibətlərinə keçid, ölkəyə iri həcmdə xarici kapitalın cəlb olunması Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqram­ları, Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri, Bakı – Tbilisi – Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi böyük layihələrin həyata keçirilməsi Azərbaycanı qüdrətləndirdi, onu dünya miqyaslı mühüm qərarlar qəbul edən nüfuzlu ölkələr sırası­na çıxardı.

Təsadüfi deyildir ki, ABŞ-da dərc edilən “Fortune” qəzeti Azərbaycanın uğurlarını yüksək dəyərləndirərək yazırdı: “Prezident İlham Əliyevin fəaliyyəti göstərir ki, o, ölkənin inkişafında, əhalinin təhsil səviyyəsinin yüksəldilməsində, ölkəyə Qərb həyat tərzinin gətirilməsində maraq­lıdır. Bu baxımdan Azərbaycanın indiki Prezidenti İlham Əliyevi alqışlamaq olar”.

Etiraf edək ki, cənab İlham Əliyev milli dövlətçilik və suverenliyin taleyinə birtərəfli yanaşmadan çox-çox uzaqdır. Qlobal cəmiyyətin siyasi, iqtisadi, mədəni, ictimai sahələrdə inteqrasiya məsələlərindən bəhs edərkən ehtiyatkarlığı da unutmur. Azərbaycan Prezidenti deyir: “Dünyada hər şey qarşılıqlı bağlılıq təşkil edir. Bunu bütün ölkələr nəzərə almalıdır. Dünya cəmiyyətinə biganə qalmaq, ona sayğı­sızlıq göstərmək heç vaxt yaxşı nəticəyə gətirib çıxara bilməz. Bəli, bu reallıqları biz nəzərə almalıyıq. Lakin öz taleyimizi özümüz həll edirik”.

Müasir dövrdə dünyada baş verən proseslərdə ölkəmizin yerini, rolunu, iştirak formalarını, imkanlarını müəyyənləşdirmək üçün, hər şeydən əvvəl, aparıcı dövlətlərin beynəlxalq inteqrasiya təcrübəsini təhlil etmək, onların islahatlar yoluna hərtərəfli nəzər salmaq lazımdır. Çünki heç də bütün ölkələr yeni, mütərəqqi modelləri, bilik və texnologiyaları asanlıqla mənimsəyə, gerçəkləşdirə bilmirlər. Azərbaycanın inkişaf və islahatlar strategiyası göstərir ki, Prezident İlham Əliyev hər zaman milli və bəşəri potensialın ahəngdar uzlaşma nöqtələrinin müəyyənləşdirilməsini xüsusi diqqət mərkəzində saxlayır.

Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin etmək üçün əlverişli mühit yaradılması müasir geosiya­si şəraitdə qlobal dəstəyə nail olmağı şərtləndirir. Bu məqsədi reallaşdırmaq üçün dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruridir. Bunun ən opti­mal mexanizmi beynəlxalq və regional təşkilatlarda təmsil olunmaqdır. Geosiyasi və geoiqtisadi problemlərin həlli həmin təşkilatlar çərçivəsində fəaliyyət zamanı reallaşa bilər.

Azərbaycanın BMT, Avropa İttifaqı, Av­ropa Şurası, ATƏT, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, İCESCO və digər beynəlxalq qurumlarda təmsilçiliyi və sıx əməkdaşlıq əlaqələri ölkəmizin dünyadakı nüfuzunu və təsir imkanlarını möhkəmləndirdi.

Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində BMT, ATƏT, Avropa Parla­menti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar Ermənistanı işğalçı dövlət olaraq tanıdılar, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən qərarlar, qətnamələr qəbul etdilər. Buna baxmayaraq, dünya siyasətində kök salmış ikili standartlar, qərəzli və ədalətsiz yanaşmalar problemin həllinə, torpaqla­rımızın işğaldan azad olunmasına imkan vermirdi. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti cənab İlham Əliyev videoformatda çıxışında bu ədalətsizliyi kəskin tənqid edərək demişdir: “Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayır­dı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub... Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köç­kün vəziyyətinə düşmüşdür”.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olun­muş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu­nu diqqətə çatdıran Azərbaycan Prezidenti təəssüflə bildirmişdir ki, Ermənistan bu qətnamələrə, eləcə də BMT Baş Assamb­leyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşul­mama Hərəkatı, ATƏT, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların eyni məzmunlu qətnamələrinə məhəl qoymamışdır.

Dövlətimizin başçısı dünya düzənində belə vəziyyətin yolverilməz olduğunu bəyan edərək deyib: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var”.

Prezident İlham Əliyev tamamilə haqlıdır. O deyir: “ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdi. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaş­ması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxla­maq və işğalı möhkəmləndirməkdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasında da çıxış edərək bildirmişdi ki, Ermənistan rəhbərliyinin düşmən, azərbaycanofob bəyanatları və təxribatları onun Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Təəssüf ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər bu xəbərdarlıqdan nəticə çıxarmadılar. Münaqişə dövründə bəzi böyük dövlətlərdən, beynəlxalq təşkilatlardan, ermənipərəst dairələlərdən hər zaman açıq və gizli dəstək alan Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı irimiq­yaslı hücuma başladı. Azərbaycan təbii ki, bu hücumu cavabsız qoya bilməzdi.

Birləşmiş Millətlər Təşkilatının 1946-cı il iyunun 26-da ABŞ-ın San-Fransisko şəhərində BMT üzvləri tərəfindən imza­lanmış Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan öz torpaqla­rının müdafiəsi və ərazilərinin işğaldan azad olunması məqsədilə əks-hücum əməliyyatlarına başladı.

BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir ki, BMT üzvlərinə silahlı hücum baş verərsə, onların fərdi və ya kollektiv özünümüdafiə hüquqları vardır. Bu hüquq həyata keçirilərkən BMT üzvü görülən özünümüdafiə tədbirləri haqqında Təhlükəsizlik Şurasına dərhal məlumat verməlidir.

BMT Nizamnaməsinin 51-ci maddəsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikası milli təhlükəsizliyinə qarşı real və potensial təhdidlərin qarşısının alınması, ərazi bütövlüyünün bərpası məqsədilə təcavüzkara adekvat ca­vab verilməsi istiqamətində lazım olan tədbirləri həyata keçirdi, əks-hücum əməliyyatı “Dəmir yumruq” adı aldı, Vətən müharibəsinə çevrildi.

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiril­di, təcavüzkarın darmadağın edilməsi istiqamətində konkret tapşırıqlar verildi. Prezidentin fərmanı ilə 2020-ci il sentyab­rın 28-dən ölkə ərazisində hərbi vəziyyət elan olundu.

Dövlət başçısı 2020-ci il sentyabrın 29-da “Azərbaycan Respublikasının işğal­dan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzaladı.

Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində təcavüzkar Ermənistana açıq və gizli dəstək verən dairələr informasiya məkanında da xüsusi fəallıq göstərirdilər. Müxtəlif televiziya kanallarının, mətbuat orqanlarının, in­formasiya agentliklərinin ermənipərəst dairələrin xüsusi sifarişi ilə Prezident İlham Əliyevdən müsahibə götürmək üçün Bakıya gələn əməkdaşları təxribat xarak­terli sualları ilə Azərbaycanı ləkələməyə, müharibənin əsl səbəblərini ört-basdır etməyə, işğalçı Ermənistana havadarlıq etməyə çalışırdılar.

Prezident İlham Əliyev müharibə dövründə verdiyi müsahibələrlə yeni informasiya siyasəti formalaşdırdı, bu müsahibələr tariximizə informasiya sava­şının misilsiz əhəmiyyət kəsb edən örnəyi kimi daxil oldu. Dövlət başçısı qərəzli-qərəzsiz, obyektiv-qeyri obyektiv mövqe tutan hər bir jurnalisti qəbul edərək onların suallarını səbirlə, böyük təmkinlə cavablan­dırdı, tutarlı faktlar və arqumentlərlə, dəmir məntiqi, geniş erudisiyası ilə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. Qərəzli sualları Azərbaycan Prezidenti tərəfindən xəfif ironiya ilə qarşılanan bəzi xarici jurnalistlər isə ömür boyu unutmaya­caqları sərt obyektivlik dərsi aldılar. Belə dərs alanların sırasında təəssüf ki, Amerika Birləşmiş Ştatlarından, Fransadan, Almani­yadan olanlar da var idi.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad edən rəşadətli Azərbaycan Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilərək canlı qüvvə və texnika baxı­mından böyük itkiyə məruz qaldı, ağır məğlubiyyətə düçar oldu.

Düşmən üzərində qazanılan böyük qələbə, xüsusilə də, noyabrın 8-də Şuşa­nın azad olunması müharibənin taleyində həlledici rol oynadı, Ermənistan kapitul­yasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Prezidentinin, Ermənistanın Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatla Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrik siyasəti, Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər regionda yeni reallıqlar yaratdı. Artıq işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq işləri aparılır, yeni yollar salınır, zəruri infrastruktur yaradılır. Dövlətimizin başçısı “Böyük Qayıdış” planına uyğun olaraq qaç­qın və məcburi köçkünlərin öz doğma yurd­larına qaytarılması üçün bütün imkanları səfərbər edir və Qarabağda görülən işləri xüsusi nəzarətdə saxlayır, tez-tez regiona səfərlər edir, tövsiyə və tapşırıqlarını verir.

Postmüharibə dövrünün reallıqları regi­onal və beynəlxalq əməkdaşlıq coğrafiya­sının genişləndirilməsi zəminində sülhün, təhlükəsizliyin təmin olunmasına geniş imkanlar açıb.

Dünya tarixində indiyə qədər irili-xırdalı 15 minə yaxın müharibə baş vermişdir. “Qalibləri mühakimə etmirlər” deyimi bəlkə də bu müharibələrdən sonra dilə gətirilib. Amma müharibə dövründə ünvanımıza səsləndirilən əsassız fikirlərin və ritorikanın dəyişməsi artıq bir həqiqətdir, beynəlxalq forumlarda və nüfuzlu təşkilatlarda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata istinadlar ön plana keçir və yeni reallıqlar hamı tərəfindən qəbul edilir, dəstəklənir. Bu mənada Avropa İttifaqının mövqeyi və göstərdiyi səylər təqdirəlayiqdir.

Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşıdır və hazırda ticarət dövriyyəmizin 40 faizi onun payına düşür. Prezident İlham Əliyev 2022-ci il aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi sahəsində səylərini yüksək qiymətləndirərək demişdir: “Biz Avro­pa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır”.

Yeri gəlmişkən, mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü, eləcə də üçtərəfli görüşdən sonra cənab Mişelin mətbuat üçün verdiyi bəyanat Cənubi Qafqazda kimin kim oldu­ğunu, hansı tərəfin sülhə, hansı tərəfin isə vəziyyətin gərginləşməsinə can atdığını bir daha nümayiş etdirdi.

Dövlətimizin başçısı görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olundu­ğunu qeyd etmiş və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulamışdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə görüşlərdən sonra mətbuat üçün verdiyi bəyanatla xatırlatmışdır ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Birgə delimitasiya komissiyasının iclası keçiriləcək. Eləcə də, liderlər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycan ərazisindən keçməklə tranzitin əsasını təşkil edən prinsiplər barədə razı­lığa gəliblər. Cənab Mişelin bəyanatındakı mühüm faktlardan biri isə odur ki, Xarici İşlər nazirləri sülh müqaviləsinin təfərrüatlarını müzakirə etmək üçün tezliklə görüşəcəklər.

Azərbaycan Prezidenti aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycanın Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyini vurğu­layaraq bildirdi ki, Ermənistan, nəhayət ki, bizim irəli sürdüyümüz beş təməl prinsipi qəbul etdi: “Bu, prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin, Azərbaycanın təklifinə uy­ğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradıl­masına, nəhayət razılıq verib. ...Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”.

Dünyanın 23 ölkəsindən gəlmiş beynəlxalq ekspertlərin, politoloqların, beyin mərkəzləri təmsilçilərinin iştirak etdiyi bu konfransda Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan sözdə deyil, əməldə Cənubi Qafqazın lideri kimi çıxış edir, bütün bölgə xalqlarının birgəyaşayışına hər zaman önəmli töhfələr verir. Bəli, dövlətimizin başçısı haqlıdır. Artıq Azərbaycan bölgədə cərəyan edən siyasi, iqtisadi proseslərin mərkəzi kimi dünya düzənində böyük təsir gücünə ma­likdir. Bunu dünyanın ən böyük fövqəlgücü olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubundakı yüksək fikirlər də təsdiq edir.

Bu məktubda ABŞ – Azərbaycan münasibətlərinin 30 illik inkişaf yolu təhlil edilir, ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikirlər söylənilir, Azərbaycanın Avropa və dünya miqyasında önəmli aktora çevrildiyi vurğulanır. ABŞ Prezidenti Azərbaycanın regional təhlükəsizliyə, Avropanın enerji təminatına verdiyi töhfəni qlobal kontekstdə çox yüksək dəyərləndirir.

Həmkarlarına göndərdiyi məktublarda, adətən, ciddi və rəsmi tondan uzaqlaş­mayan Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktub məzmun və məna baxımından mühüm strateji hədəfləri ehtiva edir.

ABŞ Prezidenti ölkəmizin Ukraynanın suverenliyinə dəstəyini, humanitar və enerji sahəsində yardımını təqdir edir. Əslində, bu fikir Avrasiya regionunda yaranmış kritik durumda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin doğru yol tutmasının ifadəsidir.

Məktubda deyilir: “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Transxəzər rayonunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insan­lararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.

Heç şübhəsiz ki, bu sətirlər həm də Ermənistana açıq mesajdır: ABŞ Cənubi Qafqazda yaranmış reallıqları dəstəkləyir və Ermənistan regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün imza­lanmış bəyanatların müddəalarının icrası istiqamətində tələblərə əməl etməlidir.

ABŞ Prezidenti hazırda dünyada və re­gionda yaşanan geosiyasi risklər, təhdidlər fonunda Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizliyinə dəstək verməsini ifadə etməklə, həm də Prezident İlham Əliyevin fəaliyyətinə, onun çevik xarici siyasət kur­suna yüksək dəyər vermiş olur.

Dünyada və regionda sabitliyin, qar­şılıqlı həmrəyliyin, əməkdaşlığın gələcəyi humanitar inteqrasiyadan, dialoqdan, multikulturalizmin dünya səviyyəsində dəstəklənməsindən çox asılıdır. Buna görə də dünya düzəninin demokratik dəyərlərdən getdikcə daha çox uzaqlaş­dığı, qloballaşmanın təzyiq və təsirlərinin artdığı indiki dövrdə hər bir ölkədə siyasi liderin roluna daha çox ehtiyac duyulur.

Prezident İlham Əliyev Vətən müharibəsində şanlı Qələbəmizin baş sərkərdəsi, Ali Baş Komandan kimi tarixi Zəfərə imza atdı. Silahlı qüvvələrimiz onun rəhbərliyi altında Ermənistan ordusunun məğlubedilməzliyi haqqında mifi darmada­ğın etdi.

İlham Əliyev fenomeninin təkrarsızlığı, onun güclü məntiqi, misilsiz natiqlik istedadı, qeyri-adi intuisiyası, heyrətamiz fikir dünyası müasir siyasi lider obrazının unikal keyfiyyətləridir. Onun kritik situa­siyalarda yeganə düzgün qərar verməsi Azərbaycanın işıqlı sabahına, gələcəyinə böyük ümidlər, xoş təəssüratlar yaradır, xalqın, Vətənin taleyinin etibarlı əllərdə olmasından xəbər verir.

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

24 May 2022 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə