Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reabilitasiya məqsədli yeni sosial dəstək layihələri hazırlanır

Dövlətin həssas qruplara göstərdiyi qayğı və diqqət nəticəsində bu kateqoriyaya aid olan şəxslərin məşğulluq, mənzil–məişət problemləri, avtomobillə təminat, təhsil, müayinə–müalicə və digər məsələləri operativ şəkildə həll edilir. Son ay­ların statistikası da belə deməyə imkan verir ki, şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri uğurla davam edir. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər he­sabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Qeyd edək ki, həmin şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vur­duqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunublar.

Onu da qeyd edək ki, agentlik tərəfindən bu ilin yanvar–aprel ayla­rında, ümumiyyətlə, 24 min 674 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 13 min 736 nəfəri münasib işlərlə təmin edilib, 4 min 325 nəfər kiçik bizneslərini yaratmala­rı üçün özünüməşğulluq proqramına cəlb edilib. Həmçinin, agentlik 1023 işsiz şəxsi peşə hazırlığına cəlb edib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb. Bu ilin ötən müddətində 5 min 590 şəxs isə peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.

Əhalinin həssas qrupları ilə bağlı sosial müdafiə tədbirləri ildən-ilə gücləndirilir. Bununla yanaşı, hazır­da yeni sosial dəstək istiqamətlərini nəzərdə tutan layihələr də hazırlanır. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına uyğun olaraq, həssas qrupların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır. Həssas qruplarla, habelə şəhid ailələri ilə bağlı sosial dəstək mexanizmlərinin yeni istiqamətlər də əlavə olunmaqla daha da genişləndirilməsi həyata keçiriləcək hədəflərdəndir.

Bu məqsədlə hazırlanmaqda olan layihələrdə şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramla­rına cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların yeni bilik və bacarıqlara yiyələnməsi, “Məzun evi” sosial xidmət müəssisəsində yaşayanların cəmiyyətə çevik inteq­rasiyası, onların şəxsi inkişaflarına dəstək göstərilməsi məqsədinə xidmət edəcəyi nəzərdə tutulub. Habelə, ahıl və əlilliyi olan şəxslərə keyfiyyətli xidmət göstərən ixtisaslı kadr potensialının gücləndirilməsi, informal və qeyri–formal üsullarla bacarıq, səriştələr əldə etmiş əlilliyi olan şəxslərin ilkin mərhələdə bir qrupunun bacarıqlarının tanınması və bununla məşğulluq imkanlarının artırılması üçün layihələr hazırlan­maqdadır.

Həssas qruplara diqqətdən danışanda unutmamalıyıq ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə – Əmək Reabilitasiyası Mərkəzinə bu il əlilliyi olan 200-ə yaxın şəxs qəbul olunub. Ümumilikdə isə ötən ildən qəbul olunan şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsə xidmətlər göstərilib. Müasir tələblərə uyğun şəraitin olduğu mərkəzdə 15–29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj – operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3 – 6 aylıq kurslar təşkil olunur. Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gələcək məşğulluğuna dəstək göstərilir.

Hazırda Peşə – Əmək Reabilitasi­yası Mərkəzində 191 gəncə peşə ha­zırlığı və peşə reabilitasiya xidmətləri göstərilməkdə davam edir.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında “Sağ­lamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinə baş­lanacaq. Layihə üzrə bir sıra rayon və şəhərlərdə sosial reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi, bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200-dək uşa­ğın reabilitasiya xidmətlərinə cəlb edilməsi nəzərdə tutulur. Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq. Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial – psixoloji, tibbi reabi­litasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır.

Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırda sağlamlıq imkanları məhdud uşaqlara xidmət səviyyəsini yüksəltmək üçün “Reabilitasiya av­tobusu” fəaliyyətə başlayıb. Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostan­siyası istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Məqsəd Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat proble­mi olan sağlamlıq imkanları məhdud uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. Yeni xidmət habelə həmin uşaqlara göstərilən ambulator rea­bilitasiya xidmətlərinin davamlılığını və effektivliyini təmin etməyə yönəlib və tələbata uyğun olaraq müəyyən edilmiş marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.

Bu günlərdə Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agent­liyinin təşkilatçılığı ilə Sumqayıt Dənizkənarı Bulvarında təşkil olunan inklüziv veloyürüş həssas qrupdan olanların cəmiyyətə inteqrasiyasına kömək məqsədilə təşkil edilmiş­di. Veloyürüşdə bir qismi Vətən müharibəsi əlili olan 10 nəfər şəxs də iştirak edib. İnklüziv veloyürüşün məqsədi bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinə, idma­na marağın artırılmasıdır. Məqsəd, həmçinin onları para–velosiped id­man növünə cəlb etməklə cəmiyyətə inteqrasiya və sosial–psixoloji reabili­tasiyasına dəstək verməkdir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə Peşələr Festivalı keçirilib. Tədbirdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin Prezident İlham Əliyevin sosial–iqtisa­di siyasətinin əsas istiqamətlərindən olduğu, peşələr festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb. Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə eksperlərin iştirakı ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək. Onlar peşə sahələri üzrə inkişaf etməyin yolla­rı, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək. Layihə çərcivəsində aşpaz, dərzi, bərbər–vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, baris­ta, turizm agenti, elektron cihaz­ların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilir.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində qanunvericilik bazasının yaradılma­sı işləri davam etdirilir. Nazirlikdə keçirilən iclasda Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli fərmanına əsasən “Himayədar ailə” qayğı modeli üzrə idarəetmə və xidmətlərin e-infrastruktur üzərindən həyata keçiriləcəyi, himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin), himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun da e-sistem vasitəsilə aparılacağı diqqətə çatdırılıb. “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı qabaq­cıl dünya təcrübəsinin öyənildiyi, xüsusilə, Türkiyə təcrübəsindən istifadəyə önəm verildiyi bildirilib. Növbəti aydan müvafiq sahələrdə çalışan əməkdaşlara Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən reinteqrasiya, qeytkipinq, himayədar ailə üzrə müvafiq mütəxəssis konsul­tasiyalarının keçiriləcəyi qeyd edilib.

“Himayədar ailə” institutu dövlət müəssisələrindəki uşaqla­rın himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasına xidmət edir. Dövlət başçısının qeyd edilən fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

24 May 2022 00:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə