Ən son xəbərlər
Prezident İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri vaxtaşırı yerlərdə vətəndaşların səyyar qəbullarını keçirir, onların problemlərini öyrənərək, həlli üçün tədbirlər görürlər. Dağlar diyarı Lerikdə də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu yazını hazırlayarkən öyrəndik ki, bir gün öncə Lerik Rayon İcra Hakimiyyətində RİH başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulu keçirilib, sakinlər dinlənilərək xahiş və təklifləri nəzərə alınıb eləcə də, adekvat tədbirlər görülüb. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, maddi yardım verilməsi, işdən qeyri-qanuni çıxarılma, ev tikintisi, qaz pulunun düzgün hesablanmaması, torpaq və digər məsələlərlə bağlı olub. Müəyyən məsələlər yerindəcə həll edilib, bəzilərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilib. Qaldırılan bütün məsələlər nəzarətə götürülüb.
Qeyd edək ki, Lerikdə ayrı-ayrı sahələrdə çalışan rayon sakinləri ilə vaxtaşırı görüşlərin keçirilməsi də bir ənənə halını alıb. Məsələn, rayonun sosial-iqtisadi həyatında fəallıqları ilə seçilən qadınlarla görüşdə onların xidmətləri lazımınca dəyərləndirilib. Cəlil Baxşıyev onlara xoş sözlərini çatdırıb. Əməkdar həkim Sadiqə Rufullayeva, şəhid anası Sevinc Babayeva, təhsil işçisi Mehriban Muradova çıxış edərək, Azərbaycan qadınlarının ölkəmizin inkişafına öz töhfələrini verdiklərindən şərəf duyduqlarını söyləyiblər. Görüşün sonunda ictimai fəal qadınlara hədiyyələr təqdim olunub.
Diqqət və qayğı baxımından Lerikdə Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara bəslənən münasibət xüsusi qeyd edilməlidir. Onlara böyük ehtiramla yanaşılır, hər istəkləri yerinə yetirilir. Bir qədər öncə Piran kəndində Vətən müharibəsi şəhidi, gizir Vidadi Cəbrayıl oğlu Cabbarovun doğum günü ilə əlaqədar onun atasının təşəbbüsü ilə lerikli Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə abidə kompleksi inşa edilib. Açılış mərasimində rayon rəhbərliyi hamılıqla iştirak edib. Abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub və onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunub. Çıxış edənlər şəhid adına ehtirama, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
Aprel ayında Çernobıl qəzası əlilləri icra hakimiyyətinə dəvət edilmişdilər. Lerik rayonunda onların sayı 7 nəfərdir və hər biri qayğı ilə əhatə olunub. Görüşdə çıxış edən Çernobıl əlillərindən Saraddin Tarverdiyev və Bəşir Mənsiyev onlarla görüşlərin mütəmadi keçirilməsini yüksək qiymətləndirdiklərini bildirib, ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğıdan razılıq edib, maraqlı təkliflər səsləndiriblər. Cəlil müəllim qayğının davamlı olacağını bildirib. Rayon icra hakimiyyəti tərəfindən Çernobıl əlillərinə növbəti dəfə maddi yardım verilib.
May ayında ölkə miqyaslı yarışlarda uğurla çıxış etmiş idmançılarla maraqlı görüşlər olub. Ölkəmizdə idmana olan dövlət qayğısı, bu sahədə uğurlu nəticələrin əldə olunması qeyd edilib. “Şahin” hərbi-idman oyunlarının Bakıda keçirilmiş final mərhələsində yüksək nəticə göstərmiş Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının rayonu təmsil edən “Şahinlər” komandasının üzvləri ilə icra hakimiyyətində keçirilən görüş yaddaqalan olub. Rəhbərlik onlara təbriklərini çatdırıb və yeni uğurlar diləyib.
Atletlərlə görüşdə son respublika birinciliyində rayonu təmsil edən 4 idmançıdan birinin fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı, üç nəfərin isə 4-cü yeri tutduğu bildirilib və Lerik idmançılarının qələbə estafetini hər zaman layiqincə daşıyacaqlarına əminlik ifadə edilib. Atletlər və onların məşqçisi Elvin Mirzəyev söz veriblər ki, bundan sonra da rayonun idman şərəfini qorumaq üçün əllərindən gələni edəcəklər. Onlara Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Həmin gün idmançılarla görüşdən sonra rayon rəhbəri Nüvədi kəndinə yollanıb və səyyar qəbul keçirib. C.Baxşıyev möhtərəm Prezidentimizin göstərişi ilə ən ucqar yaşayış məntəqələrində belə əhali ilə görüşlərin bu il daha intensiv hal aldığını söyləyib. O, daha öncə Kələxan, Qosmalian, Əvilə və Əliabad kəndlərində sakinlərlə görüşdüyünü xatırladaraq bildirib ki, əhalinin bu kimi tədbirlərdə fəal iştirakı hansı sahələrə diqqət yetirilməli olduğunu müəyyənləşdirməyə, quruculuq və abadlıq tədbirlərini daha da genişləndirməyə kömək edir. Dövlət başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasət sayəsində vətəndaşlarımızın rifah halının gündən-günə yaxşılaşdığını bildirən natiq son illərdə rayonda, o cümlədən Nüvədi kənd inzibati ərazisində aparılan işlər barədə geniş məlumat verib. Çıxış edən sakinlər ölkənin və rayonun inkişaf tendensiyasından razılıq edib və onları narahat edən bəzi məsələlərdən danışıblar. Müraciətlər həssaslıqla dinlənilib, onların həlli istiqamətində aidiyyəti üzrə vəzifəli şəxslərə tapşırıqlar verilib.
Bundan üç gün sonra rayon rəhbərinin qrafikə uyğun olaraq, Hamarmeşə kəndində növbəti səyyar qəbulu olub. Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri də kəndə gəliblər. Burada da camaat görüşə həvəslə toplaşıb. Çünki həmişəki kimi yenə də qaldırılan məsələlərin diqqətsiz qalmayacağına, qayğılarına həssaslıqla yanaşılacağına əmin olublar. Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş “Zəfər” abidə kompleksinin ziyarətindən sonra görüş başlanıb. Qəbulda sakinlər rayonun və kəndin daha da abadlaşdırılması ilə bağlı konkret təkliflər irəli sürülüb.
Yerlərdə qaldırılan məsələlərin həllinə misal olaraq, payız-qış mövsümü ərəfəsində rayonda əhalinin təklifi ilə elektrik şəbəkələrinin yenidənqurma, təmir-bərpa işlərinin aparıldığını qeyd etmək lazımdır. 1960-cı illərdə istismara verilmiş Lerik yarımstansiyasından qidalanan 3 saylı, 10 kilovoltluq hava xəttinin bərpası reallaşdırılıb. Həmin hava xəttinin ümumi uzunluğu 90 kilometrə yaxındır və 3000-ə yaxın abonentə, 100-dən çox qeyri-əhali qrupuna və ticarət obyektlərinə xidmət göstərir. Enerji təsərrüfatının, eləcə də digər xidmət sahələrinin müasirləşdirilməsi vətəndaş məmnunluğu yaradır.
Yeri gəlmişkən, çətinliyə düşmüş ailələrə istər rayon, istərsə də dövlət orqanları səviyyəsində qayğı göstərilməsi də daim diqqətdə saxlanır. Ötən ay Lərmərud kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Nəbulla Baxşıyevə məxsus ev yararsız hala düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinə bu barədə məlumat verilib və nazirliyin Cənub regional mərkəzinin əməkdaşları tərəfindən zərərçəkmiş ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır-ev qurularaq təhvil verilib. Həmçinin, Dızdipok kənd sakini Şirqasım Əşrəfova məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar onun da ailəsinin müvəqqəti yaşayışı üçün analoji addım atılıb. Zərərçəkənlərə təzə ev tikilməsi üzrə müvafiq orqanlara müraciətlər edilib.
Bəli, Lerikdə səyyar qəbulların, rayon rəhbərliyi ilə sakinlərin birbaşa görüşlərinin əməli faydaları danılmazdır. Buna görə də əhali belə tədbirlərdə yaxından iştirak edir. May ayının qalan günlərində Cəngəmiran və Çayrud kəndlərində də səyyar qəbul-görüşlər keçirilməsi planlaşdırılır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə