Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finlandiya PKK ilə bağlı Türkiyəyə təminat verməyə hazırdır

Finlandiya artıq Türkiyənin tələblərini qəbul edərək PKK ilə bağlı Ankaraya təminat verməyə hazırdır. Bu barədə mayın 22-də Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto bəyan edib. Məlumatı “Anadolu” verib.

Haavisto deyib ki, Helsinki PKK terror təşkilatının Finlandiyadakı əlaqələrinə daha ciddi nəzarət etmək barədə Türkiyəyə təminat verə bilər. Onun fikrincə, Helsinki və Ankara Finlandiyanın NATO-ya üzvlüyü məsələsində razılığa gəlməyə yaxındır. Bu barədə Türkiyə ilə rəsmi səviyyədə danışıqlar aparılır, ancaq məsələnin həlli bir neçə gün çəkə bilər: “Mən problemin həlli ilə bağlı nikbinəm”.

Haavisto bəyan edib: “Biz Türkiyəyə zəmanət verə bilərik. Çünki PKK Avropada terror təşkilatı kimi tanınıb, biz də Finlan­diyada terror fəaliyyətinə yol verməməklə bağlı öhdəliyimizə əməl etməliyik”.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlan­diyalı həmkarı Sauli Niinistö, İsveçin Baş naziri Maqdalena Andersson və NATO-nun Baş katibi Yens Stoltenberqlə tele­fon əlaqəsi saxlayıb. Türkiyə Prezidenti Administrasiyasının əlaqələr idarəsindən verilən məlumata görə, Ərdoğan və Finlandiya Prezidenti Niinistö ikitərəfli əlaqələri və NATO-ya üzvlük məsələlərini müzakirə ediblər. Ərdoğan NATO üzrə müttəfiq üçün təhlükə olan terror təşkilatını dəstəkləməyin dostluq və tərəfdaşlıq ruhuna zidd olduğunu, Türkiyənin milli təhlükəsizliyinə açıq təhdidə qarşı qəti və qanuni mübarizəsinə hörmət etməyin vacibliyini bildirib. O deyib ki, Ankaranın bu məsələdə NATO üzrə tərəfdaşlarından dəstək gözləməkdə haqqı var.

İsveçin baş naziri ilə söhbətdə Ərdoğan bildirib ki, Ankara həmişə NATO-nun “açıq qapı” siyasətini dəstəkləyib. NATO ideyasının əsasında isə üzv ölkələrin təhlükəsizliyi və kollektiv təhlükəsizlik üzrə həmrəylik dayanır. Bu­nunla belə, Ankara Stokholmun PKK-YPG-PYD terrorçuları və onların strukturları ilə əlaqəsi ilə bağlı dəfələrlə narahatlığını ifadə edib.

Ərdoğan, eyni zamanda, İsveçdə Fətullah Gülənin rəhbərlik etdiyi digər terror təşkilatı (FETO) nümayəndələrinin olmasına da diqqət yetirib. Türkiyə lideri Stokholmu terrorçulara siyasi, maliyyə və müdafiə dəstəyi göstərməkdən imtina etməyə çağırıb.

Stoltenberq isə Ərdoğanla söhbəti barədə bəyanatında qeyd edib ki, Fin­landiya və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib. Onun sözlərinə görə, bütün müttəfiqlərin təhlükəsizlik maraq­ları nəzərə alınmalıdır: “Türkiyə dəyərli müttəfiqdir. Məsələlərin həlli ilə bağlı danışıqlar davam edir“.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

23 May 2022 22:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə