Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa milli mədəniyyətimizin qədim və zəngin beşiyidir

(Əvvəli qəzetimizin 19 may 2022-ci il tarixli sayımızda)

Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz? Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq.

Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz.

İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Əvvəldə qeyd etdik ki, Şuşa şəhəri indiyə qədər yüzlərlə iste­dadlı insan, dövlət, siyasi və hərbi xadim, alim, filosof, şair-yazıçı, musiqiçi, memar və s. yetişdirmiş­dir. Azərbaycan tarixində əbədi qalacaq bu görkəmli və nadir istedada malik insanlar məhz bu qədim və füsunkar şəhərdə doğulub böyüyüb boya-başa çatmış, Şuşanın havasını udmuş, suyunu içmiş, burada fəaliyyət göstərmişlər.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haq­qında Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilmişdi: “Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımı­zın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və mu­siqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığı­nın mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möh­sün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır”.

Tanınmış simalardan yalnız bir neçəsinin adını burada xa­tırlatmaq istərdik. Qarabağda məşhur Cavanşirlər nəslindən olan Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. İlk təhsilini Şuşada mollaxanada al­mış, ərəb, fars, dillərini mükəmməl öyrənmişdir. Bu dilləri bilməsi ona imkan vermişdir ki, Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olsun. Haqq-ədalət tərəfdarı olan şair yaradıcılığı boyu cəmiyyətdə rast gəldiyi qüsurları tənqid etmiş, xalqın maariflənməsi üçün əlindən gələni əsirgəməmişdir. Zakir müasirləri arasında dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakının general-quber­natoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idilər.

Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) 1846-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Görkəmli Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar olaraq tarixə düşüb. Bu qüdrətli şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanmışdı. Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayıb. Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şu­şada Azərbaycan və İran qastrol­çularının qoyduqları tamaşaların fasilələri zamanı tarda ifa edirdi. O, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, burada musiqi məclislərində iştirak edirdi. Mirzə Sadıq, eyni zamanda, istedadlı bəstəkar idi.

Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, XIX əsrin tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada anadan olub. O, öz dövrünün tərəqqipərvər xanımı olub və xeyriyyəçilik fəaliyyəti ilə məşhurlaşıb. Natəvan təkcə bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməyib, habelə dövrü­nün ədəbi mühitinə yaxınlaşmaq məqsədilə ədəbi məclislər ya­ratmışdır. Geniş dünyagörüşünə malik şairə öz zamanında bir sıra Azərbaycan şairlərinin meydana çıxmasına yardımçı olmuş, onlara köməklik göstərmişdir. Xurşid­banu Natəvan həm də XIX əsrin ən dəyərli nəqqaşlarından və rəssamlarından biri sayılıb, musi­qişünas olub.

Natəvan xalqın maariflənməsinə, ədəbiyyatın in­kişafına, Şuşanın abadlaşmasına ciddi fikir verirdi. O, “Məclisi-üns” adlı ədəbi məclis yaradaraq məclisin bütün maddi xərclərini öz üzərinə götürmüşdü. Məclisdə müxtəlif ədəbi məşğələlər də keçirilir, Nizami, Füzuli, Nəvai və digər klassik şairlərin əsərlərindən söhbətlər açılır, fikir mübadiləsi aparılır, qəzəllərə nəzirələr yazılırdı. Natəvan yalnız “Məclisi-üns”ü təşkil etməmişdi, həmçinin “Təzkireyi-Nəvvab” əsərinin müəllifi Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” məclisinin yaradılmasında da köməklik göstərmişdi.

Xan qızı doğma dili ilə ya­naşı, ərəb və fars dillərini də mükəmməl öyrənmiş, klassik şeir qayda-qanunlarının dərinliklərinə yiyələnmişdi. Nadir kitablar, qiymətli əlyazmalar Xurşidba­nunun dünyagörüşünün, bədii zövqünün formalaşmasında rol oynamışdır. O, nəinki Azərbaycan ədəbiyyatında və mədəniyyətində, habelə ictimai həyatında da dərin izlər salmışdı. Elə bir insanın yetişməsində, əlbəttə ki, onun soy-kökü də böyük rol oyna­yırdı. Natəvan iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyırdı.

Xurşidbanunun fitri istedadı­nın üzə çıxmasında Şuşa ədəbi mühiti böyük rol oynamışdı. Natəvan şairliklə yanaşı, həm də istedadlı rəssam idi. Onun bədii tikmələri, “Gül dəftəri” buna sübutdur. Natəvan nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarı­ğına da yiyələnmişdi. O, natura­dan çəkməyə, obyekti birbaşa təsvir etməyə üstünlük verir, real rəssamlıq nümunələri yaradır­dı. Onun çəkdiyi “Gül”, “Ağac”, “Budaq”, “Üzüm salxımı”, “Ev”, “Çiçək” rəsmləri təbii, inandırıcı və lirikdir.

Ensiklopedik biliklərə malik Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada anadan olub. Dövrünün tanınmış ziyalılarından olub, çoxşaxəli yaradıcılıqla məşğul olub. Mir Möhsün Nəvvab bir çox sahələrdə - ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq, astrono­miya, riyaziyyat və başqalarında dərin iz qoyub getmişdir. Onun araşdırmaları, fikir və mülahizələri iyirmidən artıq əsərində öz əksini tapmışdır.

Şuşada yaxşı bir müəllim kimi tanınan Nəvvab həm də istedadlı şair kimi şöhrət tapmışdır. Bu­rada yaşayan şairlər Nəvvabın ətrafına toplaşmışdılar. O, Şu­şada qiraətxana, “Üsuli-cədid” məktəbi, şəxsi mətbəə və cildxa­na, “Məclisi-fəramuşan” adlı ədəbi məclis təşkil etmiş və bu məclisə başçılıq etmişdir.

Nəvvab şairliklə yanaşı, rəssamlıqla da məşğul olmuş­dur; yağlı boya ilə çəkilmiş bir sıra tabloların və miniatürlərin müəllifidir. Onun “Quşlar”, “Güllər”, “Teymurun portreti” rəsmləri xüsusilə məşhurdur. Şuşada Bö­yük məscidin minarələrində, dərs dediyi məktəbdə və digər tikililərdə ornamental divar rəsmləri, fantas­tik süjetli və dini məzmunlu illüst­rasiyaları, kitablara verdiyi bədii tərtibat və s. rəssamlıq sənətinə dərindən bələd olmasını sübut edir. Nəvvabın çəkdiyi illüstrasi­yalar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda kitab tərtibatının inkişafına böyük təsir göstərmişdir.

1884-cü ildə Nəvvab “Vüzuh ul-ərqam” (Rəqəmlərin izahı) risaləsini yazır. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı tədqiqatında Azərbaycanın məşhur musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Marağayidən sonra Nəvvabın adını çəkmiş və onun “Vüzuh ul-ərqam” risaləsində Yaxın Şərq xalqlarının qədim musiqisindən bəhs olunduğunu qeyd etmiş­dir. Əsərdə musiqinin əmələ gəlməsi, onun təbabətlə əlaqəsi, şeirlə muğamın bağlılığı, esteti­ka məsələləri, səsin akustikası, dəstgahların tərkibi, muğamlarda rəqəmlərin izahı kimi məsələlər, o cümlədən, muğamların adları, musiqi alətləri haqqında məlumat verilmişdir. Nəvvab risalədə orta əsr traktatlarında geniş işıqlandırıl­mış bəzi məsələlərə toxunmamış­dır. Onun əsərinin əsas istiqaməti praktiki məqsəd daşımışdır. Bu da əsasən orta əsrlərdən sonra yazılmış risalələr üçün xas idi. Bu risalələr muğamların öyrənilməsi üçün kütləvi dərslik kimi də nəzərdə tutulmuşdur.

1903-cü ildə Nəvvab Şuşada kitabxana və qiraətxana açır. Bu­raya ayrı-ayrı şəhərlərdən qəzet və jurnallar gəlirdi. Qiraətxana müxtəlif illərdə “Molla Nəsrəddin”, “İqbal”, “Səda”, “İrşad”, “Şərqi-rus” və digər jurnal və qəzetləri alırdı. Bundan başqa, Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”, “Kəşkül”, Hindis­tandan “Həblül-mətin” qəzetləri də və s. əldə edilirdi. M.M.Nəvvabın 1905-ci ildə yazdığı "Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri" adlı son dərəcə əhəmiyyətli, bu günlə səsləşən və ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi üçün qiymətli mənbə olan bu əsər yal­nız 1993-cü ildə, yəni yazıldığın­dan 88 il sonra nəşr edilmişdir.

1913-cü ildə Mir Möhsün Nəvvabın yazdığı iki kitab ona təkcə Azərbaycanda de­yil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırmışdır. “Təzkireyi-Nəvvab” adlı birinci kitabında o, XVIII əsrin sonu- XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığını işıqlandırmış, onların əsərlərindən parçalar vermişdir. “Kifayət ul-ətfal” adlı ikinci kitabın­da dəqiq elmlərdən bəhs olunur. Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musi­qisi haqqında “Dər elmi musiqi vüzuh ul-ərqam” (“Musiqi elmində rəqəmlərin aydınlaşdırılması”, 1913) əsərini yazıb nəşr etdir­mişdir. Riyazi əsaslarla musiqini təhlil etməyə çağıran Nəvvab bu əsəri ilə musiqi aləmində çevriliş etmişdir.

Şuşanın yetirdiyi istedadlı şəxsiyyətlərdən olan naşir, yazıçı, dramaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci mayın 17-də Qarabağ ma­halının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa Realnı məktəbində almışdır (1881-1890). Əbdürrəhim bəy ədəbi fəaliyyətə Şuşa Realnı məktəbində oxudugu zaman baş­lamış, M.F.Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” adlı kiçik bir pyes yazmışdı.

Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa olan meyil və həvəsi daha da artır, burada “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev doğma şəhərdə tamaşalar təşkil edir, bir müddət sonra (1902-1903) Bakıda Şərq konsertləri verir və “Ata və oğul”, “Ayın şahidliyi” kimi ilk hekayələrini dərc etdirir. 1905-ci il inqilabından sonra Gəncə quberni­yasından Rusiya Dövlət Dumasına nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı “Ağa Məhəmməd şah Qacar” faciəsi üçün materiallar toplayır.

“Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də ta­maşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə başçılıq edir. Ə.Haqverdiyev Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxu­muş, elmi kadrların hazırlanmasın­da yaxından iştirak etmişdir.

Çağdaş Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin təməlini qoyan Üzeyir bəy Hacıbəyli fövqəladə fitri istedada malik sənətkar, xalqımızın görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pe­daqoq və ictimai xadim idi. Ulu öndərimiz göstərirdi ki, tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onlara toxun­maq olmaz. Üzeyir Hacıbəyli Azərbaycanda klassik musiqi­nin yaradıcısı, opera sənətinin banisidir. Müsavat partiyasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin himninin müəllifi olmuşdur. Ona qiymət verərkən heç də nəzərə almaq lazım deyil ki, iki quruluşda fəaliyyət göstərib. Yaxud dar düşüncəli, siyasətdən başı çıxmayan indiki demokratlar onu günahlandırsın ki, 1938-ci ildə Moskvada böyük iftixar hissi ilə Stalinlə görüşmüş, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri ona Lenin ordeni təqdim etmişdir. Üzeyir Hacıbəyli Azərbaycanın fəxridir və bu mövqedə də həmişə qalacaqdır.

Üzeyir Hacıbəylinin – Azərbaycanın ictimai fikir tarixində, elmin, mədəniyyətin və musiqinin inkişafında xidmətləri olan, dahi bəstəkarın anadan olmasının 110 illiyinə həsr olun­muş yubiley gecəsindəki nitqində Heydər Əliyev yığcam, tutarlı şəkildə demişdi: “Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşa­mışdır... Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq, xalqına xidmət etmiş­dir. Bu gün bunu deməyə əsas var ki, o belə düşünmüşdür: hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir Hacıbəyov belə olmuşdur”.

1885-ci ildə Şuşada dün­yaya gələn Üzeyir bəy ilk təhsilini şəhərdəki ikillik rus-türk məktəbində almışdır. Təhsil həyatına 1890-1904-cü illərdə Qori Müəllimlər seminariyasın­da davam etmişdir. Bəstəkarın dünyagörüşünün formalaşması­na böyük təsir edən seminariya həmçinin onun Avropa musiqi klassiklərinin əsərləri ilə tanış olmasına da imkan yaratmışdır.

Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasında müəllimlik edib. 1905-ci il Bakıya gələrək “Həyat” qəzetində tərcüməçi kimi işləməyə başlayıb; bu hadisə onun ədəbi-publisistik fəaliyyətinin başlanğıcı sayılır. Musiqi təhsili almaq üçün 1912–1914-cü illərdə Moskva və Peterburq konser­vatoriyalarında görkəmli musiqi müəllimlərindən dərs almışdır. Bu da onun yetkinləşməsində mühüm rol oynamışdır. Lakin Birinci Dünya müharibəsinin başlanması və maddi çətinliklər Ü.Hacıbəylini təhsilini yarımçıq qoymağa məcbur etdi.

Bəstəkar 22 yaşında “Leyli və Məcnun” operasını yazmaq­la, müsəlman Şərqində opera janrının əsasını qoymuşdur. Ü.Hacıbəylinin yaradıcılığının zirvəsini təşkil edən “Koroğlu” operası 1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyuldu. Əsər Azərbaycanda ilk klassik ope­ra hesab olunur. Ü.Hacıbəyli Azərbaycan Respublikasının Dövlət Himnlərinin (1945, 1992) musiqisinin müəllifidir.

Azərbaycanın opera müğənnisi, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professi­onal vokal sənətinin banisi Bülbül 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Əsl adı Murtu­za Məmmədov olan xanəndəyə Bülbül adı qeyri-adi səsinə, məlahətli avazına görə verilmişdir.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o za­manlar Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üze­yir bəy Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında müvafiq rolları ifa etmişdir. 1927-ci ildə Bakı Konservatoriyasını bitirdikdən sonra təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmiş­dir. 1931-ci ildə Milan Konserva­toriyasını bitirib Azərbaycana geri dönmüşdür.

Sənətkarın professional yaradıcılıq imkanları və isteda­dı böyük Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin məhz onun səsi və ifası üçün Azərbaycan dastanının süjeti üzrə yaratdığı “Koroğlu” epik-qəhrəmanlıq operasında özünün tam əlvanlığı ilə üzə çıxmışdır. Bülbül Azərbaycanda ilk dəfə olaraq folklor nümunələrinin toplanılması və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti təşkil etmişdir. O, təcrübəli xalq yaradıcılığı bilicilərini, gənc və istedadlı bəstəkarları və musiqiçiləri klassik xalq melodiya­ları irsinin öyrənilməsi və onunla daimi ünsiyyətin təmin olunması məqsədilə buraya cəlb etmişdir.

Görkəmli yazıçı və icti­mai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli 1887-ci ildə Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində ana­dan olmuşdur. 1896-cı ildə Şuşa Realnı məktəbinə daxil olmuş və bu məktəbdə rus dilində təhsil almışdır. 1904-cü ildə həyatından şikayət tərzində qələmə aldığı “Jaloba” adlı ilk şeirini yazmışdır. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumo­ristik jurnal çıxarıb.

Çəmənzəminli zəngin yara­dıcılığında “erməni məsələsi”nə xüsusi yer ayırmışdı. O, elə sənətkarlardandır ki, qismətinə üç dövrdə - çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və sovetlər imperi­yası illərində yaşamaq düşmüşdü. Bir tərəfdən, ermənilər tərəfindən törədilən qırğınları izlədiyi, digər tərəfdən bir müddət xarici işlər idarəsində çalışdığı, səfir kimi fəaliyyət göstərdiyi səbəbindən müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə danışıqlar aparan rəsmi şəxs olduğu üçün bu mənfur millətin azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı yeritdikləri məkrli siyasətdən çox yaxşı xəbərdar idi. O, Ukrayna, Türkiyə və Fransada olduğu illərdə ermənilərin çirkin əməlləri ilə tanış olmuş və bunlar barədə əsərlərində, xüsusən “Ermənistan və biz”, “Əfkari-ümumiyyə”, “On beş gün Ermənistanda” məqalələrində, “Studentlər” və “Qan içində” romanlarında bəhs etmiş, yeni fikirlər irəli sürmüşdür.

Unudulmaz xanəndə Cabbar Qaryağdıoğlu Azərbaycan mu­siqisinin tarixində və inkişafında təkrarsız rol oynayan və qiymətli irs qoyan, Qarabağ muğam məktəbinin ölməz ənənələrini davam etdirən böyük sənətkar olmuşdur (1861-1944). 1908-ci ildə premyerası olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası nəinki Azərbaycanda, bütövlükdə Şərqdə ope­ra sənətinin əsasını qoydu. Məcnun rolunun ilk ifaçısı Cab­bar Qaryağdıoğlu bu rolu böyük məharətlə oynadı. C.Qaryağdıoğlu F.Şalyapinlə və S.Yeseninlə tanış olmuş, onlarla dostluq etmişdir.

Təsadüfi deyil ki, məşhur rus şairi Sergey Yesenin onu “Şərq musiqisinin peyğəmbəri” adlandır­mışdır. Bizim görkəmli xanəndə və müğənnilərimizdən Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli və başqaları Cabbar məktəbinin davamçıları olmuşlar.

Tanınmış sənətkar Seyid Şuşinski 1889-cu ildə Şuşa qəzasının Horadiz kəndində ana­dan olub. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu sənətkarın tam adı Mir Möhsün Ağa Seyid olub. Nadir və gözəl səsə ma­lik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün əvvəlcə iki il Nəvvabın yanın­da təhsil alıb. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub. Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb. Xanəndə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edir­di. “Molla Nəsrəddin”in bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox maddi yardımlar göstərib, özü də aktyor kimi bir sıra rolları oynayıb.

Gözəl və məlahətli səsinə görə Xan Şuşinski adını almış İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xan­lığının banisi Pənahəli Xanın nəslindən olan Aslan ağa Cavan­şirin ailəsində dünyaya gəlmişdir.

Xan Şuşinski geniş səs diapazonuna malik olmaqla, Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmış, Azərbaycan milli musiqisinin təbliği yolunda böyük uğurlar qazanmışdır. O, mürəkkəb muğamların mahir bilicisi olub. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin diqqətini cəlb edib.

Beləliklə, gözəl Şuşanın bizlərə və dünya mədəniyyətinə bəxş etdiyi mahir sənətkarlarımızın çox az bir qismini burada yad etdik, bir daha qısaca xatırladıq. Kim bilir, artıq işğaldan azad edilmiş bu füsunkar diyar hələ bundan sonra da nə qədər yaradıcı insanların, alim və ictimai-siya­si xadimlərin yeni-yeni töhfələri ilə tarix yazacaq?! Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət pay­taxtı elan etməsi, Vaqif Poeziya günlərini və “Xarıbülbül” festivalını bərpa etməsini ölkənin mədəni həyatında əlamətdar hadisələrdən saya bilərik. “Xarı bülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və SSRİ-nin iştirakı ilə keçirilib, təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu. Azərbaycanın mədəniyyət paytaxtına çevrilən bu gözəl şəhər 2021-ci il mayın 12-də “Xarıbülbül” musiqi festi­valına yenidən evsahibliyi etdi. İyirmi doqquz ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşıladı. Prezident İlham Əliyev açıqladı ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.

Hesab edirik ki, bütün gözəl ənənələrin bərpası – Vaqif Pozeiya günlərinin, “Xarı bül­bül” musiqi festivalının yenidən Şuşa şəhərində keçirilməsi və ümumiyyətlə, bir çox digər tədbirlərin məhz burada gerçək-ləşdirilməsi bu qədim və gözəl şəhərimizin gələcəkdə daha böyük status almasına gətirəcək, Şuşa yeni-yeni istedadları ilə öz sözünü elm və mədəniyyət aləmində daha ucadan deyəcək!

Qeydlərimizi bütün xalqımızın artıq sevə-sevə və böyük qürur hissi ilə təkrarladığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşanın azad olunduğu gün Şəhidlər xiyabanında söylədiyi sözlərlə bitirmək istərdik: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

İradə HÜSEYNOVA,

Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor,

Əməkdar müəllim, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü

24 May 2022 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə