Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdədə Qadın Resurs Mərkəzi açılıb

Mayın 23-də BMT-nin İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Britaniya hökuməti Bərdədə yeni Qadın Resurs Mərkəzinin (QRM) açılışını edib.

BMTİP-nin Azərbaycan ofisindən bildirilib ki, tədbirdə AQUPDK-nın sədri Bahar Muradova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iştirak edib.

Tədbirdə çıxış edən AQUPDK-nın sədri Bahar Muradova beynəlxalq tərəfdaşlarla birgə layihə çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzinin həssas təbəqədən olan, münaqişədən təsirlənmiş qadınlara yönəlik fəaliyyətlərin həyata keçirilməsinə, o cümlədən onların məşğulluğunun, bilik və bacarıqlarının artırılmasına dəstək verəcəyini bildirib. Komitə sədri bu sahədə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini qeyd edib.

Qadın Resurs mərkəzlərinin dəyişim üçün platforma olduğunu, müxtəlif sahələrdən olan qadınları bir araya gətirəcəyini inamla bildirən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp QRM-lərdə təklif olunan xidmətlərin qadınların peşəkar bacarıqlarını artıracağını və qadın sahibkarlığına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Tədbirdə BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista çıxış edərək gender bərabərliyinin Azərbaycanın nail olmağı hədəflədiyi ən önəmli Dayanıqlı İnkişaf Məqsədlərindən biri olduğunu deyərək ölkənin Gender İnkişaf İndeksində xeyli irəliləyiş əldə etdiyini bildirib. “Lakin bir sıra sahələrdə hələ də görüləcək işlər var ki, buna gender baxımından gəlir fərqi də daxildir. Qadın Resurs mərkəzlərini qurmaqda əsas məqsəd qadınların öz ayaqları üzərində dayanmasına dəstək olaraq, onların stabil gəlir qazanmasını təmin etməkdir” – deyə Ç.Bista vurğulayıb.

Bərdədə yerləşən Qadın Resurs Mərkəzi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində istifadəyə verilib. BMTİP və AQUPDK tərəfindən Britaniya hökumətinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi münaqişələrdən zərər çəkmiş qadınların münaqişə və travmalara qarşı davamlılığını artırmaqdır. Layihənin hədəf kütləsinə məcburi köçkün qadınlar, ailə, uşaq və qadın məsələləri, qaçqın və məcburi köçkünlər, əmək və əhalinin sosial müdafiəsinə məsul dövlət qurumları, dövlət xidmətləri göstərən müəssisələr, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, özəl şirkətlər və yerli icmalar daxildir.

2024-cü ilədək davam edəcək layihə çərçivəsində 360 qadının biznesin inkişafı təlimlərinə cəlb olunması, 540 qadının peşə təlimlərində iştirakı, 800 qadına psixoloji, 600 qadına isə hüquqi dəstək göstərilməsi gözlənilir.

Bərdədə istifadəyə verilən Mərkəz BMT-nin İnkişaf Proqramının və Dövlət Komitəsinin 2011-ci ildən bəri Azərbaycanın 15 regionunda açdığı Qadın Resurs mərkəzləri modeli üzərinə qurulub. Bu mərkəzlərin əsas məqsədi qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onların əmək bazarında rəqabətliliyini artırmaq, habelə onları səlahiyyətləndirərək ucqar ərazilərdə qadınların qarşılaşdıqları sosial və iqtisadi çətinliklərin aradan qaldırılmasına dəstək olmaqdır.

23 May 2022 21:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə