Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanın din xadimləri Şuşa şəhəri ilə tanış olublar

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfərə gələn Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarından sonra Şuşa şəhərində olub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Nümayəndə heyəti əvvəlcə Şuşanın qala divarlarına baxıb. Din xadimlərinə məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, yenilməzlik simvolu olub. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Gürcüstanlı din xadimləri sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi ilə tanış olub, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlar şəhər və güllələnmiş heykəllər barədə məlumatlandırılıb. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar daha sonra Bülbülün ev-muzeyinə gəlib, görkəmli musiqiçinin uşaqlıq illərinə aid şəkillərə, şəxsi əşyalarından ibarət ekspozisiyaya baxıblar.

Gürcüstandan gəlmiş din xadimləri Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Çuxur Məhəllə və Seyidli məscidlərinə baxış keçiriblər. Məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər. Sonda Cıdır düzündə şükür namazı qılınıb.

22 May 2022 15:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə