Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı dünyada söz sahibinə çevirən lider

Xalq, dövlət üçün liderin şəxsiyyəti çox mühüm amildir. Yaxın tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrin liderləri öz xalqlarını ya tərəqqiyə aparıb, ya da faciəyə düçar ediblər. Azərbaycanın da tarixində belə faktlar az deyil. Ötən əsrin sonlarında xalqımız bir tərəfdən ölkənin ərazi bütövlüyünü müdafiə edir, digər tərəfdən isə daxili sabitsizlikdən əziyyət çəkirdi. Yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız yeni tarixi mərhələyə qədəm qoydu və ölkədə sabitlik yarandı. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafını inamla davam etdirir. Ötən illərin reallıqları sübut etdi ki, qalib xalqın güclü lideri var və Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir.

 

Məlum olduğu kimi, müasir siyasətdə və ictimai həyatda imic böyük rol oynayır. Dünya siyasi tarixində xüsusi əhəmiyyət kəsb edən imic fenomeni hazırda dövlət xadimlərini qavramağın ən mühüm şərtlərindən birinə çevrilib. Onun qəbul etdiyi və həyata keçirdiyi taleyüklü siyasi qərarlar, mürəkkəb siyasi münaqişələrin həllinin bu və ya digər üsullarının, ölkə və xalq üçün vacib olan vəziyyətlərdən çıxış yolla­rının qiymətləndirilməsi ölkə liderinin idarəçilik səviyyəsindən xəbər verir. Məhz dövlət başçısının imici bir çox hallarda onun yürütdüyü daxili və xarici siyasətin, digər ölkələrlə və liderlərlə qarşılıqlı münasibətlərin formalaşdırıl­masının xüsusiyyətini müəyyənləşdirir, beynəlxalq əlaqələrin və proseslərin ən incə məqamlarına, yerli, regional və qlo­bal miqyasda öz ölkəsinin əhəmiyyətinə və xüsusi çəkisinə təsir göstərir. Məhz bu xüsusiyyət Azərbaycan Prezidenti İlham Əliyevin obrazını dərk etdikdə aydın şəkildə anlaşılır.

Əminliklə demək olar ki, ölkə baş­çısının imicinin əsasını onun uğurla həyata keçirdiyi real siyasət və real şəxsi keyfiyyətlər təşkil edir. Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin hakimiyyəti illəri dinamik inkişaf, ölkənin sürətlə müasirləşməsi, dünyada nü­fuzunun artması ilə səciyyələnir. Ölkə liderinin inamlı, cəsarətli, məntiqli çıxışları sosial statusundan asılı olma­yaraq, hər kəsin diqqətini cəlb edir, onun qlobal böhranlardan çıxış yollarının tapılması ilə bağlı fikir və mülahizələri hörmətlə qarşılanır. Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda müşahidə edilən mənzərə də bu mənada istisna olmadı.

Ümumiyyətlə, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçı sayına və müzakirə edilən mövzuların müxtəlifliyinə və orada səsləndirilən fikir və təkliflərin məzmununa görə yadda qaldı. 23 ölkədən gəlmiş 40 iştirakçının konfransa qatılması beynəlxalq tədbirin sanbalından xəbər verməklə yanaşı, postmünaqişə reallıqlarının daha geniş müstəvidə müzakirəsinə şərait yaratdı. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin çıxışında qeyd etdiyi kimi, Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar forumda müzakirə olun­du. Panel müzakirələrdə səsləndirilən mesajların və mülahizələrin bütün dünyaya məqalələr, sosial şəbəkələr vasitəsilə yayılacağına ümid bəslənildi. Bu beynəlxalq tədbir həm də Prezident İlham Əliyevin güclü liderlik keyfyyətlərini bir daha sərgiləməklə yanaşı, həm də mürəkkəb beynəlxalq problemlərə aydın və praqmatik baxış sərgiləyən güclü dövlət xadimi kimi bacarığını da nümayiş etdirdi. Xüsusilə də dövlət başçısının konfrans çərçivəsində beynəlxalq beyin mərkəzlərinin rəhbərlərinin sualları­nı cavablandırması, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədəki təcrübəsini, bir növ uğur düsturunu bölüşməsi hamı tərəfindən böyük rəğbətlə qarşılandı.

Prezident İlham Əliyev konfransdakı çıxışında Azərbaycanın Qafqazda yeni dövrü, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyini diqqətə çatdırdı. Təbii ki, Azərbaycanı davamlı və güclü sülhün əldə edilməsi maraqlandırır və Ukraynada davam edən böhran fonun­da Qafqaz regionunun davamlı sülh mühitinə qovuşması aktuallığını daha da artırır. Dövlət başçımızın ölkəmizin gələcək uzunmüddətli təhlükəsiz inkişa­fına diqqət yetirməsi və bu istiqamətdə davamlı titanik işləri onun parlaq, sistem­li, hərtərəfli düşünülmüş və məqsədyönlü fəaliyyətinin mahiyyətini təşkil edir.

Hamıya məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən praqmatik siyasət həyata keçirir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında siyasi-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və ilk növbədə, Azərbaycanın geostrateji maraqları­nın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Regional inkişafın lokomotivi olmaqla yanaşı, Azərbaycanı həm də təhlükəsizliyin təmin edilməsi ciddi maraqlandırır. Buna görə də, təsadüfi deyil ki, Prezident İlham Əliyev konfransda bir daha bəyan etdi ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Rəsmi Bakı bu istiqamətdə zəruri addımlar atır və azad olunmuş ərazilərdə aparılan ge­nişmiqyaslı işləri bunun bariz nümunəsi kimi göstərmək olar.

Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qətiyyətli qorunmasında nümunəsi, Dağ­lıq Qarabağ münaqişəsinin mahiyyəti, ikili standartlar siyasətinin dünya tərəfindən yaradılmış inamsızlıq mühiti və həqiqətlərimizin beynəlxalq konfrans­larda dünya ictimaiyyətinə çatdırılması daim qiymətləndirilir. Bundan başqa, Azərbaycan Prezidentinin konfransda çıxışı və hər bir suala cavabı dünya­nın müxtəlif regionlarında cərəyan edən prosesləri dərindən bilən, yüksək intellektə və dərin analitik təfəkkürə ma­lik nüfuzlu dünya səviyyəli siyasətçi kimi əsl liderlik keyfiyyətlərini nümayiş etdirdi. Məhz daxili və xarici siyasətdə danılmaz uğurlar, habelə genişmiqyaslı islahat­lar və Azərbaycanın davamlı, inklüziv inkişafını təmin edən irimiqyaslı dövlət proqramları əsl liderin və qlobal düşünən siyasi xadimin imicinin formalaşmasına və möhkəmləndirilməsinə kömək edir.

Təbii ki, 44 günlük müharibədə qalib gəlmək asan məsələ deyildi. Ona görə ki, qalib olmaq üçün beynəlxalq münasibətlərdə nüfuzlu aktor olmaq lazımdır. Dünya güc mərkəzləri ara­sında gərgin və mürəkkəb mübarizə şəraitində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət əksər ölkələr üçün örnək ola bilər. Bölgədə baş verən son hadisələr onu göstərir ki, rəsmi Bakının müstəqil daxili və xarici siyasəti xalqımızın milli mənafeyinin reallaşması, dövlətçiliyimizin inkişa­fı üçün ən yaxşı yoldur. Azərbaycan Xəzər – Qafqaz regionunda mühüm oyunçudur. Bu, MDB məkanında uğurlu çoxvektorlu xarici siyasətin, demək olar ki, yeganə nümunəsidir. Heç kimə sirr deyil ki, bu gün postsovet məkanında eyni vaxtda maraqları toqquşan ölkələrlə bərabərhüquqlu münasibətlər formalaş­dırmış çox az sayda dövlət var. Bütün bunlar, əlbəttə Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətlərindən, dünya­da cərəyan edən mürəkkəb və dolaşıq geosiyasi prosesləri dərindən bilmək və adekvat qərarlar qəbul etmək bacarığın­dan qaynaqlanır.

Saysız-hesabsız konkret göstəricilər təsdiq edir ki, ölkə Prezidentinin güclü imicinin təməlində son dərəcə real fakt­lar və həyata keçirilən intensiv məqsədli islahatlar kursunun nəticələri dayanır. Bu gün Azərbaycan nəinki regionda, hətta dünyada nüfuz sahibidir. Prezident İlham Əliyevin məntiqi praqmatik siyasəti və rəhbər kimi şəxsi keyfiyyətləri iqtisadi potensialın gücləndirilməsi ilə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılmasında da mühüm rol oynayır. Bu uzaqgörən siyasi kursun nəticəsidir ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihənin, iqtisadi proqramın həyata keçirilməsi mümkün deyil. Cənubi Qafqazın iqtisadiyyatında dörddəüç paya malik olan Azərbaycan hazırda regionun lideri, mühüm geost­rateji oyunçu və daim artan beynəlxalq nüfuza malik ölkədir. Analitiklərin qeyd etdiyi kimi, bu böyük uğurların arxasında ulu öndərin müəyyən etdiyi strategiyanın dövlətimizin başçısı tərəfindən hazır­kı mərhələdə davamlı inkişafı, qlobal siyasətin diktəsinə uyğun olaraq yeni çalarlarla zənginləşdirilməsi dayanır.

Prezident İlham Əliyev təmkinli, mahir diplomat və xarizmatik liderdir. Beynəlxalq münasibətləri, hərbi-taktiki və siyasi-ictimai prosesləri, eləcə də ölkənin xarici və daxili siyasətini, milli təhlükəsizliyini və iqtisadi rifahını müəyyən edən liderlik keyfiyyətlərini özündə cəmləşdirən Prezident İlham Əliyevin fəaliyyəti xalq tərəfindən böyük rəğbətlə qarşılanır və bu böyük rəğbət lider-xalq birliyinin yüksək səviyyəsini özündə əks etdirir. Böyük sərkərdə Napoleon deyirdi ki, uğur – böyük insanları yaradan məhz odur. Bu gün Azərbaycanın uğurlarının altında İlham Əliyevin imzası var, böyük, güclü və qalib xalqın liderinin imzası...

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

22 May 2022 00:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə