Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ICESCO Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərini yüksək dəyərləndirir

Prezident İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən, Azərbaycanın uzun illər bu təşkilatla səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə adı çəkilən qurumun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında bu təşkilatın, onun ekspert qrupunun iştirakının da önəmli rol oynaya biləcəyini xatırladıb. Ölkə rəhbəri daha sonra Bakıda ICESCO-nun Regional Ofisinin yaradılmasını respublikamızla əməkdaşlıq istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.

Azərbaycan Prezidenti qəbul zamanı, həmçinin UNESCO nümayəndələrinin də düşməndən təmizlənən ərazilərə səfərlərinin gerçəkləşdirilməsini, bu zaman onların erməni faşizmi tərəfindən törədilən dağıntıları öz gözləri ilə görmələrini istədiyini vurğulayıb. “Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər”, -deyə Prezident İlham Əliyev söyləyib.

Yeri gəlmişkən, ölkə rəhbəri əvvəlki nitqlərində də bu məsələ ilə bağlı fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxışlarının birində UNESCO-nun erməni vandalizmi qarşısında susqunluğu ilə əlaqədar deyib: “Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”.

İndiyədək Azərbaycanın bu istiqamətdə çağırışları cavabsız qalıb. Bu, Ermənistanın barbarlığı ilə bağlı həm UNESCO-nun, həm də sözügedən məsələdə adı çəkilən təşkilatla eyni münasibət nümayiş etdirən Avropa Parlamentinin riyakarlığının, islamofob mövqedə dayanmasının təsdiqidir.

Prezident İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad olunan ərazilərə səfər etməyə, bu torpaqlarda faktaraşdırma missiyaları reallaşdırmağa səsləyib. Lakin təəssüflər olsun ki, nə UNESCO, nə də Avropa Parlamenti bu prosesə qoşulmaq, həqiqəti bilmək imkanından yararlanmaq istəyib.

Burada bir məqamı da qeyd etmək lazım gəlir. Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizmi öz təsdiqini tapsa da, Ermənistanın barbar mahiyyəti dünyanın diqqətini çəksə də, Azərbaycana qarşı qərəzli yanaşma hazırda da davam edir. UNESCO və Avropa Parlamentinin tutduqları mövqe bunu deməyə əsas verir. Məsələn, Avropa Parlamentinin bu il martın 10-da plenar iclas keçirərək, Qarabağda erməni mədəni irsinin “məhvi” ilə bağlı müzakirələr aparması, Azərbaycana qarşı daha bir qərəzli yanaşma nümayiş etdirməsi bunun bariz ifadəsidir.

Bu qurumun Azərbaycanın Qarabağda erməni mədəni irsinin “məhv edilməsi” ilə bağlı müzakirələr aparması heyrət doğurur. Yalan, böhtan və riyaya sadiqliyin bu səviyyədə nümayişi adamı dəhşətə gətirir. İşğalçıya “göz yaşı” axıtması, qəsbkara qahmar çıxması, onu dəstəkləməsi, onun barbar, vandal əməllərini “görməməsi”, ən nəhayət, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı faşizm siyasəti yürütməsi bu qurumun fəaliyyət prinsipləri barədə aydın təsəvvür yaradır.

Ermənistan tərəfindən işğal dövründə tarixi-dini abidələrimizə qarşı vandal təcavüz həyata keçirilib. Milli mənsubiyyəti və tarixi milli, dini ənənəni özündə ehtiva edən abidələr, həmçinin qəbiristanlıqlar tamamilə dağıdılıb. Həmin nümunələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər göstərilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri təhqir olunaraq yerlə-yeksan edilib. Məscidlərdə mal-qara və digər heyvanlar saxlanılıb, 67 məscidin bir neçəsinin yalnız əsas divarları qalıb, digərləri isə tamamilə dağıdılıb. Bütün bunlar torpaqlarımız işğaldan azad edildikdən sonra bir daha sübuta yetirilib.

İşğal dövründə Ermənistan tərəfindən tarixi alban məbədləri də erməniləşdirilib, alban irsinə məxsus xristianlıq izləri qriqoryan xaçkarları ilə əvəzlənib. Başqa sözlə, məbədlərin üzərindəki daş kitabələr silinərək, yerində qriqoryan xaçkarları yerləşdirilib, saxtalaşdıra bilmədikləri isə uçurulub.

Bütün bunlar, eyni zamanda, onu göstərir ki, Ermənistan xristianlığın dəyərlərini də qorumur. Belə ki, xristian dini dəyərlərində başqalarının məbədlərinə, müqəddəs məkanlarına qarşı vandalizm heç vaxt müsbət qarşılanmır. Ümumiyyətlə, düşmənin müqəddəs yerlərə qarşı bu çür çirkin hərəkətləri nə dinə, nə də insanlığa sığır.

Ermənilərin bu vəhşi əməllərinə baxmayaraq, Azərbaycan heç zaman din davası gerçəkləşdirməyib. Ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sineqoqlar tikilib, yeni kilsələr inşa edilib. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb. Düşmən isə, əksinə, İslam mədəniyyətinin incisi olan məbədləri dağıdıb, regionda dini müharibə məsələsini qızışdırmağa və bu münaqişəni xristian-müsəlman qarşıdırması kimi təqdim etməyə cəhd göstərib.

Bu gün işğaldan azad olunan ərazilərin vəziyyəti erməni vandalizminin sübutudur. Düşməndən təmizlənən şəhər və kəndlər tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsindən sonrakı dönəmdə törədilib. Əvvəlcə evlərin və sosial obyektlərin tikinti materialları, dam örtükləri və pəncərələri oğurlanıb, daha sonra isə işğal altındakı torpaqlarda Azərbaycanın mədəni irsi dağıdılıb, təbii sərvətləri talan olunub.

Ermənistan Azərbaycan torpaqlarını ələ keçirməklə, şəhər və kəndlərimizi xaraba qoymaqla, maddi-mədəni, təbii sərvətlərimizi talan etməklə heç nəyə nail ola bilmədi. Dövlətimizin başçısının vurğuladığı kimi, rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanı tənəzzülə apardı.

Hazırda Qarabağın bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi diqqətlə həyata keçirilir. Aparılan tikinti-quruculuq işləri sayəsində həmin ərazilərdəki bütün məbəd və məscidlər tarixi görkəminə qaytarılır.

Şuşa, Daşaltı, Hadrut, Ağdam, Zəngilan və digər yerlərdə tarixi abidələrimizin bərpası ilə yanaşı, yeni məscidlərin təməlləri də qoyulub. Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Saatlı məscidinin, Ağdamda Cümə məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanılıb. Bununla bərabər xristian alban irsinə aid məbədlərimizin də bərpa prosesi diqqətdə saxlanılıb.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə yerləşən məscid və kilsələrdə vətəndaşlarımızın ibadət edə bilmələri üçün tədbirlər həyata keçirilir. Xristian dini icmalarımızın nümayəndələri tərəfindən məbədlər vaxtaşırı ziyarət olunur və dini ayinlər icra edilir. Eləcə də Şuşada və Ağdamda bayram namazları qılınır.

V.BAYRAMOV,

“Xalq qəzeti”

22 May 2022 00:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə