Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin ABŞ-la münasibətləri daha da möhkəmlənməkdədir

Azərbaycanın müstəqillik illərində yürütdüyü xarici siyasət kursu dünyanın bütün dövlətləri ilə, eləcə də əsas və nüfuzlu beynəlxalq təşkilatlarla qarşı­lıqlı faydalı əməkdaşlıq qurulmasına yönəlib. Bu, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə yaradaraq həyata keçirdiyi, hazırkı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi kurs olaraq son illərdə ölkəmizə böyük hörmət və nüfuz qazandırıb. Artıq məhz bu siyasi kurs nəticəsində dünyanın həm Qərb, həm də Şərq istiqamətləri üzrə çox geniş siya­si, iqtisadi və humanitar əlaqələr qurulub.

Bu günlərdə ABŞ Prezidenti Cozef Bayde­nin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi də Azərbaycanın həyata keçirdiyi siyasi kursun nə qədər düzgün olduğunu bir daha təsdiq edir. Təbiidir ki, Azərbaycan dün­yanın supergüclərindən biri olan ABŞ-la daim sıx münasibətlər saxlayıb. Müstəqillik illərində yaradılmış bu münasibətlər nəticəsində həm Vaşinqton, həm də Bakı ciddi siyasi, iqtisadi dividendlər qazanıb. Elə ABŞ Prezidentinin təbrik məktubunda da bu qeyd edilir. Prezident Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplo­matik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

Məktubda daha sonra deyilir: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi hu­manitar və enerji sahəsində yardımı vacib ismarıc verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.

İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqti­sadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demok­ratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabit­lik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.

Məktubda, həmçinin ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusu ifadə olu­nub. Təbii ki, Vaşinqtonun rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyi ölkəmizin demokratiya, insan haqlarına hörmət yolu ilə inadla irəliləməsi, iqtisadi, sosial, idarəetmə və digər sahələrdə genişmiqyaslı islahatlar həyata keçirməsi ilə bağlıdır. Son 30 ildə, Azərbaycan ABŞ-la, eyni zamanda, müdafiə və təhlükəsizlik, enerji təhlükəsizliyi, sülhya­ratma əməliyyatları, terrorizmə qarşı mübarizə və digər sahələrdə də əməkdaşlıq edib. Bu əməkdaşlıq daim qarşılıqlı hörmətə əsaslanıb.

Şübhəsiz ki, Azərbaycan 2020-ci ildə özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra müstəqilliyini daha böyük inadla qoruya­caq və beynəlxalq tərəfdaşlarla, o cümlədən, ABŞ-la münasibətlərini daha yaxşı əsaslarla möhkəmləndirəcək.

Əziz ƏLƏKBƏRLİ,

Milli Məclisin deputatı

22 May 2022 00:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə