Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Qərb dövlətləri ilə heç bir problemi yoxdur və olmayacaq

Ancaq biz Qərbdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən radikal erməni lobbisinə və onun təsiri altına düşən siyasətçilərə qarşı mübarizəni davam etdirəcəyik

Avropa İttifaqı ilə yaxın əməkdaşlıq, əlbəttə, Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Biz İtaliya –Azərbaycan Universitetindən, Azərbaycan –Fransız Universitetindən danışdıq. Həmçinin Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün gənc müstəqil Azərbaycan dövlətinin dünyanın əsas siyasi aktorlarından birinə çevrilməsinin təməlində bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq etməyimiz, heç kəsin daxili işlərinə qarışmamağımız, eləcə də xalqımızın və dövlətimizin maraqlarını təmin etmək üçün istənilən ölkə ilə münasibətdə müstəqillik nümayiş etdirməyimiz dayanır. Bu isə ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən prinsipiallıq və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir.

 

 

Dövlət başçımız dəfələrlə xatırlat­mışdır ki, biz – müsəlman Şərqində ilk demokratik dövlət yaratmış xalqın nümayəndələri olsaq da, Qərbdəki yüksək elmi-texniki tərəqqinin ölkəmizə gətirilməsində maraqlı­yıq, ABŞ, Böyük Britaniya, Alma­niya, Fransa, İtaliya kimi çoxəsrlik dövlətçilik təcrübəsinə malik olan ölkələrlə istənilən əməkdaşlıq bizim ümumi inkişafımıza töhfə verə bilər və verir. Prezident xüsusilə vurğulayır ki, dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişa­fına müsbət təsir göstərəcək.

Bu məqamda xüsusilə vurğulan­malı arqumentlərdən biri də odur ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Qərb dövlətləri ilə münasibətlərin qurulma­sı və inkişaf etdirilməsi prosesində klassik diplomatiyadan əlavə özlərinin şəxsi münasibətlərindən də kifayət qədər istifadə ediblər. Onların əsas məqsədlərindən biri daim Qərblə ya­xınlaşmaq olmuşdur. 1993-cü ilin son­larından başlayaraq Prezident Heydər Əliyev dövründə və 2003-cü ildən bəri Prezident İlham Əliyev dönəmində Azərbaycan tarazlıq siyasəti həyata keçirməkdədir.

Qərb dövlətlərində Azərbaycana olan inam və etimadın miqyasını xatırlatmaq üçün iki faktı qeyd etmək kifayətdir. Birinci, Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc Buş Azərbaycan Prezidenti Heydər Əliyevi öz ölkəsinə dəvət etməklə kifayətlənməmiş, ulu öndərin öz şəxsi kateri ilə gəzintisini də təşkil etmişdi. Corc Buş ulu öndər haqqın­da demişdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştat­ları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorun­masında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır”.

İkinci, Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı parla­ment nümayəndəlikləri arasında ən səmərəli fəaliyyətini yüksək qiymətləndirən Avropa rəsmiləri ona heç kəsə verilməyən bir səlahiyyət vermişdilər. Prezident İlham Əliyev bundan sonra ömrü boyu istənilən zaman, istənilən müddətə AŞPA qərargahına icazəsiz daxil ola bilər.

Bu qarşılıqlı inam və etimad haradan qaynaqlanır? Cavab sadədir. Şərq və Qərbin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və əməkdaşlıq prinsipi ilə qarşılıqlı əlaqələrin qurulması Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir. Beləliklə, Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Qərb dövlətləri, xüsusilə də Avropa İttifaqı ölkələri ilə münasibətlərin genişləndirilməsi olmuşdur. Avropa dünyanın siyasi-iq­tisadi, humanitar-sosial sahələrdə ən inkişaf etmiş mərkəzlərindəndir.

Azərbaycan Respublikasının Qərbi Avropa ölkələri ilə olan münasibətləri daim öz müsbət nəticələrini verir. Birləşmiş Millətlər Təşkilatının Statisti­ka Departamentinin bölgüsünə əsasən müasir dövrdə Qərbi Avropa ölkələrinə Birləşmiş Krallıq, Fransa, Almaniya, Avstriya, İsveçrə, Belçika, Nider­land və Lüksemburq daxildir. Həmin ölkələrin hamısı ilə rəsmi Bakının dostluq və tərəfdaşlıq münasibətləri vardır. Müasir beynəlxalq münasibətlər sistemində Qərbi Avropa ölkələri siyasi və iqtisadi potensiallarına görə dünyanın aparıcı dövlətləri sırasında yer alırlar.

Daha mühüm bir faktı – “Bakı prosesi”ni də yada salaq. Belə ki, 2008-ci ilin 2–3 dekabr tarixində ölkəmizdə təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi də dəvət edilmişdi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir for­mata transformasiya olunmuşdu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdi.

“Bakı Bəyannaməsi” ilə siviliza­siyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdu. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfran­sında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak edirdi. Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilmişdi.

Bundan başqa, Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi müddətdə də Qərb ölkələri ilə münasibətlərimizin daha da dərinləşməsi istiqamətində yeni addımlar atılmışdı.

Ancaq bütün bunlar o demək deyil ki, biz Qərbdəki hansısa anti -Azərbaycan qüvvələrin və erməni lobbisinin maddi vəsaiti ilə, onların təsiri altında fəaliyyət göstərən QHT, fraksiya və ya parlamentarilərin ölkəmiz haqqında yaydıqları cəfəngiyyatları cavabsız qoyacağıq. Qətiyyən belə deyil. Azərbaycan öz haqq yolunu qətiyyətlə davam etdirəcək və bizə qarşı atılan istənilən qərəzli addımın qarşısı alınacaqdır.

Azərbaycan Prezidenti ötən il dekabrın 15-də, Avropanın “paytaxtı” Beüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verərkən açıq şəkildə söylədi ki, bəzi Avropa qurumları Azərbaycan haqqında verilmiş səhv məlumatlar əsasında qərar qəbul edirlər. Onlara verilən məlumatların əksinə olaraq, bizim ölkəmizdə bütün insan hüquqları qorunur: “Biz avropalı tərəfdaşlarımızı inandırmağa müvəffəq olduq ki, onla­rın məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdik. İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ ikili standartlar...”

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

22 May 2022 00:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə