Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Azərbaycan-Ermənistan əlaqələrinin qurulmasına kömək etməyə hazır olması bu ölkənin bölgədə sülhün təmin olunmasına böyük dəyər verdiyini göstərir

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplo­matik münasibətlərin yaradılmasından ötən 30 il əlaqələrimizin möhkəmlənməsi və inkişafı baxımından uğurlu bir tarixdir. Müstəqilliyimizin ilk illərindən başlayaraq ABŞ Azərbaycanın ərazi bütövlüyünü və torpaqlarımızın danışıqlar yolu ilə işğal­dan azad edilməsi prosesində ölkəmizin mövqeyini həmişə dəstəkləyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın iqtisadiyyatının inkişafının təməlində dayanan və onurğa sütunu təşkil edən “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ yaxından iştirak edib, karbohidrogen resurslarımızın dünya bazarlarına ixracını təmin edən neft-qaz boru kəmərlərinin tikintisini dəstəkləyib. Bu illərdə Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə inkişaf edərək stra­teji xarakter alıb. Amerika Birləşmiş Ştatları Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərinin tikintisi ilə bağlı layihələri də dəstəkləyib, Avropanı Asiya ilə birləşdirəcək bu yolların artan əhəmiyyətini müsbət dəyərləndirib.

Azərbaycan da öz növbəsində beynəlxalq terrorizmə qarşı mübarizədə yaxından iştirak edib. Ölkəmiz 1999-cu ildən başlayaraq Kosovoda, İraqda, Əfqanıstanda, Cənubi Sudanda beynəlxalq koalisiyaların tərkibində sülhməramlı missiya yerinə yetirib. Ötən 30 ildə Azərbaycanın ərazisinin işğal altında qalmasına baxmayaraq, beynəlxalq missiyaların iştirakçısı olması ABŞ tərəfindən yüksək qiymətləndirilib.

“2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq Amerika Birləşmiş Ştatları tərəfindən də qəbul olunub. Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Azərbaycanla Ermənistan arasında təmasların intensivləşdirilməsinin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, bunun bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu mənada Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirməsi ABŞ-ın bölgədə yaratdığımız yeni reallığa uyğun uzunmüddətli sül­hün təmin edilməsinə böyük dəyər verdiyinin göstəricisi hesab edirəm. Azərbaycanın regionda təhlükəsiz əməkdaşlığın yaradılması ilə bağlı təşəbbüsləri beynəlxalq normalara uyğundur və Ukrayna müharibəsi ilə əlaqədar dünya nizamında baş verən hadisələr müstəvisində yeni əməkdaşlıq, sülh regionunun yaradıl­masına yönəlib”, - deyə Azər Bada­mov qeyd edib.

Deputat diqqətə çatdırıb ki, dünya nizamında baş vermiş hadisələr yeni təhlükəsiz əməkdaşlığın və iqtisadi əlaqələrin davamlılığı üçün perspektivlər vəd edən Cənubi Qafqaz regionunda dayanıqlı sül­hün təmin olunmasını zəruri edir. Azərbaycanın niyyəti və gələcəyə baxışları ölkəmizin vasitəsilə dünya­nı birləşdirməklə bağlıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti təbrik məktubunda ölkəmizin bu mövqeyi­nin əhəmiyyətinə toxunaraq, plan­larımızın reallaşdırılmasında dəstək verməyə hazır olduğunu bildirməsini, ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə və inkişafına böyük dəyər verdiyini vurğulamasını həm də ABŞ-ın regiona baxışların ifadəsi kimi qiymətləndirmək olar.

21 May 2022 23:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə