Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xarıbülbül” festivalı xoş günlərin müjdəsidir

1989-1991-ci illərin may ayında Şuşada və Qarabağın digər şəhərlərində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra Şuşada Heydər Əliyev Fondu tərəfindən yenidən təşkil edilib.

Prezident İlham Əliyevin 2021-ci mayın 7-də imzaladığı sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği sayəsində hazırda mühüm tədbirlər həyata keçirilir. Danılmaz faktdır ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli bərpa-quruculuq işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr reallaşdırılır. Şəhərin əsl tarixi siması­nın bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. “Xarıbülbül” festivalı və digər layihələrin həyata keçirilməsi Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin dünyada tanıdılma­sına, qorunaraq gələcək nəsillərə ötürülməsinə misilsiz töhfədir.

2022-ci il mayın 12-də V “Xarıbül­bül” Beynəlxalq Folklor Festivalının açılışı baş tutdu. Mərasimin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət, ictimaiyyət nümayəndələri, xarici qonaqlar iştirak edirdilər. Festivala 10 ölkədən müxtəlif folklor üslublarında musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionların­dan folklor kollektivləri qoşulmuşdu. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalq­ların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzu­sunda təqdim edildi, eləcə də, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu.

Füsünkar təbiəti ilə göz oxşayan, qeyri-adi gözəlliyi ilə seçilən, qədim Şuşa şəhərində təşkil olunan bu gözəl musiqi bayramında iştrak etmək mənim də qismətimə düşdü. Hər zaman öz təbii gözəlliyi ilə diqqət çəkən Şuşa insan ruhunu, sözün əsl mənasında, ovsunlayır, onun qəlbini və düşüncəsini fəth edir. Bəlkə elə buna görədir ki, ömründə bir dəfə belə olsun Şuşaya səfər edən insan artıq heç vaxt onu unuda bilmir, insanların qəlbində və düşüncəsində özünə əbədi yer tutur.

Mən də bu gözəl, füsünkar təbiətdən ilhamlanaraq, Şuşanın Cıdır düzündə keçirilən festivaldakı rəngarəg çıxışlar haqqında öz fikirlərimi oxucularla bölüşmək istəyirəm. Öncə qeyd edim ki, “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsinin çox böyük tarixi əhəmiyyəti var. Qaraba­ğın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Eləcə də, bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi­dir. Məhz ona görə Şuşanı Qarabağın döyünən ürəyi adlandırırlar. Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumu­zun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır.

“Xarıbülbül” festivalının iştirakçıları­nın çıxışlarını iki yerdə – Cıdır düzündə və dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsi yaxınlığında quraşdırılmış kiçik səhnədə dinlədik.

Festival tədbirlərinə Azərbaycan, Mali, Türkiyə, Özbəkistan, Gürcüs­tan, Tunis, Misir və Pakistandan olan musiqiçilər, rəqqasə və müğənnilər dəvət edilmişdi. Üç gün ərzində festival səhnəsində təkcə Azərbaycanın deyil, həmçinin dəvət olunmuş digər ölkələrin ən yaxşı musiqi kollektivlərinin uğurlu çıxışları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Onlar öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini məharətlə təqdim etdilər. Festival çərçivəsində keçirilən tədbirləri dövlət rəsmiləri ilə ya­naşı, Azərbaycanın yaradıcı ziyalıları – yazıçılar, bəstəkarlar, jurnalistlər, habelə Şuşada xidməti borcunu yerinə yetirən Azərbaycan Ordusunun hərbi qulluqçu­ları çox qürur duya-duya, fəxarət hissi ilə izləyirdilər. Festivala Mədəniyyət naziri Anar Kərimov da qoşulmuşdu.

Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasın­da “Vətən süitası” ilə başladı. Daha sonra Azərbaycan Milli Konservatori­yasının məzunları, Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi” səsləndi. “Qarabağ şikəstəsi” məhz bu gün Şuşada, Cıdır düzündə səslənərkən xalqın qalib obrazını ya­radırdı. Təbii ki, bu da qürurverici anlar idi.

Daha sonra Azərbaycanın Xalq ar­tisti Polad Bülbüloğlunun ifasında “Çal oyna” xalq mahnısı, “Cəngi” Estrada Folklor Rəqs Ansamblının “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupunun “Turacı” xalq rəqsləri də böyük coşqu ilə qarşılandı.

Malinin “Şeyx Tidiane Sek” etno-caz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, “Melitassi” Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini təqdim etdilər. Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan şifahi ənənəli aşıq sənətinin tanınmış ifaçıları möhtəşəm şəkildə çıxış etdilər.

Festival ikinci günü işini dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsi yaxınlığında qu­raşdırılmış kiçik səhnədə davam etdirdi. Burada həm Azərbaycan, həm də xarici caz qrupları öz rəngarəng ifalarını dinləyicilərə təqdim etdilər.

XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilmiş və Azərbaycan mu­siqisinin yüksəlişinə səbəb olmuşdur. Bu gün böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Cıdır düzündə “Xarıbül­bül” Beynəlxalq Folklor Festivalının keçirilməsi hələ başlanğıcdır. Bundan sonra Azərbaycanda bayram bayrama qarışacaq, böyük layihələrimiz hazırla­nacaq. Qədim odlar yurdunun növrağı hələ qabaqdadır. “Xarıbülbül” musiqi festivalı isə o xoş günlərin müjdəsidir.

Siyavuş KƏRİMİ,

Azərbaycan Milli Konservatoriyasının rektoru,

Xalq artisti, professor

22 May 2022 00:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə