Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxda saz və söz sənətinə dair beynəlxalq konfrans

Qazaxda rayon icra hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Aşıq Şəmşir Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş Aşıq sənəti və yazılı ədəbiyyat mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

Ədəbiyyat Muzeyində keçirilən konfrans­da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, qonaqlar və ictimaiyyət nümayəndələri, Qa­zax və Kəlbəcər aşıqları, ziyalılar, ağsaqqallar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək memorial önünə tər qərənfillər düzmüş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra tədbir iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Aşıq Şəmşirlə Xalq şairi Səməd Vurğunun fotolarından, kitablarından ibarət guşəyə, həmçinin Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı rəsm sərgisinə baxmışlar.

Ədəbiyyat Muzeyinin akt zalında da­vam edən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək konfrans iştirakçılarını, qonaqları sa­lamlamış, səmimi ürək sözlərini çatdırmışdır. Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda keçirilən Beynəlxaq Elmi Konfransın əhəmiyyətindən söz açan icra hakimiyyətinin başçısı bu günün qazax­lıların yaddaşına tarixi gün kimi yazıldığını diqqətə çatdırmışdır.

Rayon rəhbəri demişdir ki, 2009-cu il sentyabrın 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Res­publikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xa­nım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin həmin gün Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında quru­mun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğu­nu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir.

Rəcəb Babaşov demişdir ki, yurdumuzda Aşıq Şəmşir poeziyasının vurğunu olma­yan, onun şəxsiyyətini sevməyən, şeirlərini bilməyən, əzbərləməyən tək-tək aşıq olar. Təkcə aşıqlar, şairlər deyil, bütövlükdə xalqı­mız Aşıq Şəmşiri sevir və onun adı gələndə böyük qürur hissi keçirir. Bu gün deyə bilərik ki, Xalq şairi, ölməz sənətkar Səməd Vurğun və klassik aşıq sənətinin son nümayəndəsi Aşıq Şəmşir qəlblərdə daim qoşa yaşayacaq­lar.

Konfransda AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, Əməkdar jurnalist Adil Cəmil, BDU Qazax filialının direktoru Arif Rüstəmov, “Qazax” Xeyriyyə İctimai Birliyi idarə heyətinin sədri İlham Pirməmmədov, Kırşehir Ahi Evran Üniversitetinin professoru, doktor Kubilay Kolukırık, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, Uk­rayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru doktor Mahmud Kamaloğlu, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Erzincan Binali Yıldırım Universitetinin professoru doktor Ali Kafkasyalı, Azərbaycan Respublika­sının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, işığına yığışdıqları saz-söz ustalarının qüdrətindən danışmış, yaradıcılı­ğından nümunələr gətirmişlər.

Sonda “Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandı­rılmışlar.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

22 May 2022 00:41 -

Köhnə versiyamızdan xəbərləri izlə