Ən son xəbərlər
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, “Şərəf” və “Şöhrət” ordenli, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə əvəzsiz sənət inciləri, bənzərsiz üslubu ilə adını dünya musiqi tarixinə yazdırıb.
İlk dinlənilən andan diqqət çəkən özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri ona dünyada – ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazandırıb, tanınmış Qərb dirijorlarının konsert proqramlarında, musiqili teatrların repertuarında layiqli yer tutmasını şərtləndirib. Böyük sənətkar Mstislav Rostropoviç Firəngiz Əlizadənin “Bütün dünya tərəfindən tanınan və qəbul edilən istedadlı bəstəkar” olduğunu bildirib. Hamburq Beynəlxalq Musiqi Nəşriyyatının təmsilçisi doktor Hans Sikorski isə onu “Mədəniyyətlərin dialoquna, Şərq və Qərbin mənəvi dəyərlərinin qarşılıqlı mübadiləsinə və bir-birini tamamlamasına böyük töhfə verən, Qərb bəstəkarlıq məktəbi ilə Şərqin zəngin irsi olan muğamın təsirli sintezini reallaşdıran ustad” adlandırıb.
Firəngiz Əlizadə ilə bağlı çox danışılıb, yazılsa da, 75 illik yubileyi ərəfəsində onun haqqında ürək sözlərimi deməyi, yaradıcılıq yoluna qısa nəzər salmağı özümə borc bildim.
Əvvəlcə onu qeyd edim ki, Azərbaycan musiqi sənətində səmərəli fəaliyyət göstərən görkəmli bəstəkar geniş yaradıcılıq diapazonuna malik ustad, cəmiyyətdə isə səmimi, insanpərvər və kübar xanım kimi tanınır.
Bəstəkarın yaradıcılığı barədə fikir söyləyərkən, ilk növbədə, onun fəaliyyətini Azərbaycan musiqisinin tarixi inkişafı, milli bəstəkarlıq məktəbimizin təkamülü prosesi və XX-XXI əsrlərin dünya musiqi konteksti fonunda nəzərdən keçirə bilərik. Dahi Qara Qarayevin uğurlu yetirmələrindən olan Firəngiz Əlizadə XX əsr Azərbaycan musiqi korifeylərinin ənənələrini XXI əsrə çatdıran bəstəkar olmaqla bərabər, həm də milli musiqimizi həmin nüfuzlu sənətkarların fəth etdikləri zirvədə ümumdünya miqyasında təmsilçisidir.
Firəngiz xanım öz xalqının əsl vətəndaşı olaraq bütün millətləri birləşdirən bir sənət vasitəsilə ecazkar Azərbaycan musiqi sədaları altında ürəklərə yol tapa bilib. O, təkrarolunmaz yaradıclığı, sənətə vurğunluğu ilə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından biri kimi şöhrət qazanıb.
Firəngiz xanım zəngin yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Mənəvi və əxlaqi keyfiyyətləri özündə daşıyan əsərləri mötəbər konsert salonlarında böyük triumfla səslənir, dünyanın ən adlı-sanlı musiqi ifaçılarının repertuarını bəzəyir.
Firəngiz Əlizadə bir sıra xarici ölkələrdə “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. Bəstəkarın əsərləri müxtəlif millətlərdən olan insanların qəlbini fəth edərək, sözün əsl mənasında, dünya musiqi xəzinəsinin sərvətinə çevrilib.
Bəstəkar olduqca məhsuldar bir yaradıcılıq yolu keçib. Sənət fəaliyyəti, yaratdığı musiqi əsərləri ilə, şübhəsiz ki, Azərbaycan musiqisinin klassik irsinə böyük töhfələr verib.
Son dərəcə ilhamlı, istedadlı bəstəkar-pianoçu-pedaqoqun yaradıcı təbiəti, emosional coşğunluğu, insanlarla ünsiyyət qurmaq bacarığı kimi amillər onun yaradıcı fəaliyyəti üçün bir stimuldur. Məhz buna görə də Firəngiz xanımın şəxsiyyəti və fəaliyyəti əsl məktəbdir.
Firəngiz Əlizadənin əsərlərindən danışarkən, ilk növbədə, onun yaradıcılğının həm fəaliyyət dairəsi, həm mövzu, həm də janr baxımından çoxşaxəli, çoxcəhətli olmasını qeyd etməliyik. Əlbəttə ki, onun bir bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, ictimai xadim kimi fəaliyyət sahələrini ayrı-ayrılıqda da səciyyələndirə və hər bir sahə haqqında olduqca geniş danışa bilərik. Lakin bütün bunlar Firəngiz xanımın yaradıcılığında dərin bir vəhdətdə özünü göstərir və bu baxımdan bütün bu sahələrin qarşılıqlı çarpazlaşması gözümüz önündə yaradıcı şəxsiyyətin simasını canlandırır.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkar və pianoçu ixtisasları üzrə təhsil alan (1965-1974) Firəngiz Əlizadə sənətdə atdığı ilk addımlardan özünü geniş maraq dairəsinə, orijinal dəst-xəttə, yüksək professional və intellektual səviyyəyə malik bəstəkar kimi tanıtmağa nail olub. Daim yaradıcılıq axtarışında olan bəstəkarın əsərləri özünəməxsus üslub keyfiyyətləri, musiqi dilinin xüsusiyyətləri, kompozisiya quruluşu və ifaçılıq tərkibinin rəngarəngliyi ilə diqqəti cəlb edib. Firəngiz Əlizadə müraciət etdiyi janrları, ilk növbədə, mövzu və obrazlar aləmi baxımından zənginləşdirib.
Bəstəkarın yaradıcılığında yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi özünü qabarıq büruzə verir. Firəngiz Əlizadənin əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə, müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini diqqətə çatdırır. Belə ki, janrından asılı olmayaraq əsərlərini bir məqsəd, bir amal – qədim muğam sənətinin dərinliklərinə yönələn ortaq köklər birləşdirir. Azərbaycan xalq musiqisi ilə bağlılıq bəstəkarın yazdığı hər bir əsərin ayrı-ayrı elementlərində – melodiya, məqam, harmoniya və s. özünü göstərir. O, Azərbaycan muğamlarının məqam xüsusiyyətlərinə dərindən yiyələndiyinə görə, yaratdığı əsərlərin mahiyyəti də sırf milli səciyyə daşıyır.
XX əsr məktəblərinə, cərəyan və təmayüllərinə dərindən bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin heç zaman milli zəmindən, xalq musiqisinin sağlam köklərindən ayrılmır.
Şərq-Qərb konteksti Firəngiz Əlizadənin yaradıcılığının dayaq nöqtəsinə çevrilir. O, daim Şərqi Qərbə yaxınlaşdıraraq və Qərbi Şərqə tanıdaraq iki mədəniyyət arasında körpü yaratmağa nail olur. Qərbə xas olan müasir musiqi texniki üslubu bəstəkarın yaradıcılığında özünü qabarıq göstərir. Yeni tembr çalarları–müxtəlif ştrixlər, səs bəzəkləri, gözlənilməz səs ahəngi alətlərin ifa imkanlarını daha parlaq, qabarıq şəkildə nümayiş etdirir.
Bəstəkar yaradıcılıq və ifaçılıq fəaliyyəti ilə yanaşı, yeni musiqinin təbliği və ifası, onun ictimaiyyət tərəfindən qəbul olunması kimi bir sıra mühüm məsələlərin də gerçəkləşməsinə mühüm vəzifə kimi yanaşır. Bu da Firəngiz xanımın yaradıcılıq fəaliyyətinin yeni mərhələsini şərtləndirir. Bu mərhələdə bəstəkarın ictimai fəallığı, elmi baxışları, publisistik düşüncələri, öz əsərlərinin təbliği ilə Azərbaycanı təmsil etməsi, nəhayət, Vətəndən uzaq pedaqoji və bəstəkarlıq fəaliyyəti sayəsində beynəlxalq miqyasda şöhrət qazanması onu bir şəxsiyyət kimi böyük nüfuz sahibinə çevirir.
Firəngiz Əlizadə qeyri-adi dərəcədə incə bir musiqiçidir, yaradıcılıq prosesində zövqü və entuziazmi ilə təkcə tələbələrini deyil, həmçinin dinləyicilərini də məftun etməyi bacarır. Onun təvazökar şəxsiyyətinin cazibə qüvvəsi, parlaq istedadının coşğunluğu, ehtiraslı təbiəti, eləcə də məsuliyyəti və ciddiliyi fəlsəfi mənalandırmasına görə heç kəsi laqeyd buraxmır.
Yubileyini qeyd etdiyimiz sənətkarın yaradıcılığı kifayət qədər araşdırılsa da, hələ açılmamış səhifələri çoxdur. Bu səhifələri öyrənməyə, onların tədqiqinə hər zaman ehtiyac duyulur. Firəngiz Əlizadənin yaradıcılığını gələcək nəsillərə tanıtmaq, onlara nümunə kimi göstərmək biz musiqişünasların borcudur.
Beləliklə, Üzeyir Hacıbəyli tərəfindən bünövrəsi qoyulmuş məktəbin ən gözəl ənənələrini yaşadan bir bəstəkar, pedaqoq, vətəndaş kimi Firəngiz Əlizadənin yaradıcılığı Vətənimizin, millətimizin mədəniyyəti tarixində bütöv bir mərhələdir. Bu mərhələ kamil sənətkarın bugünkü fəaliyyəti ilə davam edir. O, indi də mədəniyyətimizin tərəqqisi uğrunda yorulmadan çalışaraq, XXI əsr musiqimizin salnaməsini yaradan sənətkarlar sırasında önəmli yer tutur. Bəstəkarın geniş aspektli yaradıcılığı dərin professionalizmi ilə, eyni zamanda, fikirlərinin orijinallığı, musiqisinin rəngarəng palitrasında insanpərvərliyin, mənəvi zənginliyin ifadəliliyi kimi amillərlə diqqət çəkir.
Firəngiz Əlizadənin yaradıcılığında diqqətçəkən bir məqamı da xatırlatmaq istərdim. Bu, bəstəkarın ilk böyük həcmli operasının–“İntizar”ın səhnələşdirilməsi ilə bağlıdır. İki pərdə və yeddi şəkildən ibarət sənət əsərində Azərbaycan tarixindən, qan yaddaşımızdan bəhs olunur. Firəngiz xanım vokal, ansambl nömrələri, xor səhnələri vasitəsilə Qarabağda baş verən hadisələri, tarixi faciələri təqdim edir. Bu operanın son səhnəsində uzaqdan gələn üzü bağlı ağ atlı oğlanın yaxınlaşdığı görünür. Bu, üzü bağlı xilaskar qəhrəman obrazı Ali Baş Komandan, Prezident İlham Əliyevi təmsil edir. O dövlət başçısını ki, tariximizdə misli-bərabəri olmayan möhtəşəm bir zəfərlə xalqımızın 30 illik yurd, Vətən həsrətinə son qoydu, torpaqlarımızı qəsbkardan təmizlədi, Qarabağı yadellilərin caynağından almaqla ata vəsiyyətini yerinə yetirdi, “Şuşa, sən azadsan!” sözləri ilə həmvətənlərimizin müqəddəs arzusunu göyərtdi...
Ulu Tanrıdan yubilyara möhkəm cansağlığı, uzun ömür diləyir, ondan yeni sənət inciləri gözləyirik. İnanırıq ki, Firəngiz xanım bundan sonra da öz pərəstişkarlarını müxtəlif səciyyəli, rəngarəng əsərləri ilə həmişə sevindirəcək.
Jalə QULAMOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycan Milli Konservatoriyasının etnomusiqişünaslıq kafedrasının müdiri
Köhnə versiyamızdan xəbərləri izlə