Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan neft geologiyasının görkəmli nümayəndəsi

İbrahim Quliyev– 75

Ölkənin elmi ictimaiyyəti və neft sənayesi işçiləri görkəmli geoloq-alim, AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor İbrahim Səid oğlu Quliyevin anadan olmasının 75 illiyini sevgi-sayğılarla qeyd edir. Keçirilən yubiley tədbirlərində alimin zəngin və mənalı ömür yoluna nəzər salınır, onun Azərbaycan neft-qaz elmi qarşısında xidmətləri qədirbilənliklə vurğulanır.

İbrahim Quliyev 1947-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, 1965-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə qəbul olunub və dağ-mühəndisi, geo­fizik ixtisasına yiyələnib. Gənc geoloq 1970-ci ildə AMEA-nın Geologiya İnstitu­tunda əmək fəaliyyətinə böyük laborant vəzifəsi ilə başlayıb, sonra kiçik elmi işçi vəzifəsində çalışıb.

Taleyini geologiya elminə bağlayan İbrahim müəllim 1979-cu ildə Moskvada “Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi, 1989-cu ildə “Alp dağlararası çökəkliklərin qaz rejimi” mövzusunda doktorluq dissertasi­yası müdafiə edərək elmlər doktoru alimlik dərəcələrini, 1999-cu ildə isə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Təbii qazların geologiyası və geokim­yası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alim olan İbrahim Quliyevin rəhbərliyi və iştirakı ilə qarışıq zonaların qaz rejimi­nin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılıb, karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilib və atmosferin aşağı qatlarında paylanması öyrənilib. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar İnstitutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh edib və uzunmüddətli monitorinq aparıb. Nəticədə, yer qazlarının həcmində kosmik və geoloji faktlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilib. Bu elmi tədqiqatlar “greenhouse effekti” mexanizminin öyrənilməsində əsas rol oynayır.

Akademik İbrahim Quliyev həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq pal­çıq vulkanizminin ən güclü və böyük paroksizmləri müfəssəl şərh edilən püskürmə kataloqu tərtib edib. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcanlanması və sıxlıq azalmasının mo­delini verib. Alim Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərib və palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modeli hazırlanıb.

Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prio­riteti İbrahim Quliyevə və onun AMEA Geologiya və VNİİ Okeanologiya (Ru­siya) İnstitutlarından olan həmkarlarına məxsusdur. Geoloq alimin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidro­gen sistemlərinin öyrənilməsidir. Onun rəhbərliyi ilə sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma sürətlərini, həmçinin miqya­sını öyrənmək üçün orijinal tədqiqatlar aparılıb, hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi Xəzər hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının limit dərinlikləri, eləcə də geniş dərinlik intervalı (16-18 km qədər) müəyyənləşdirilib. Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırıl­masına, quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına şərait yaradıb.

1985-ci ildən 2016-cı ilədək İbrahim Quliyev Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalı­şıb. Onun fəaliyyəti elmi siyasətin əsas istiqamətlərinin təyininə, eksperimental bazanın inkişafına və yenilənməsinə, ins­titutun strukturunun müasirləşdirilməsinə və optimallaşdırılmasına, yüksək ixti­saslı kadrların hazırlanmasına səbəb olmuşdur. İbrahim müəllimin təşkilatçılıq fəaliyyəti Geologiya İnstitutunun aparıcı Universitetlər və Neft şirkətlərinin Elmi Mərkəzləri ilə beynəlxalq layihələrə inteq­rasiyasına səbəb olub. O, Massaçusets Texnologiyalar İnstitutu, Moskva Dövlət Universiteti, Delft Texniki Universiteti, Cənubi Karolina və Yuta Universitetləri, Britiş Petroleum, Ekson, Teksako, Yuno­kal, AMOKO və s. kimi neft şirkətlərinin Elmi mərkəzləri ilə birgə 30-dan çox beynəlxalq elmi layihələrdə rəhbər və məsul icraçı kimi iştirak edib.

Professor İbrahim Quliyev 1988-ci ildən 1995-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qazın geologiyası, geokimyası üzrə mühazirələr oxuyub, diplomant və disser­tantların hazırlanması ilə məşğul olub. 1994-cü ildə alim Azərbaycan AAK-nın Yer Elmləri üzrə sədri və Ekspert Şurasının üzvü təyin edilib. Eyni zamanda “Qeo­loq Azerbaydjana” jurnalının redaksiya heyətinin üzvüdür. İbrahim Quliyev 2006-cı ildən SOCAR-ın nəşr etdiyi, Respub­likada aparıcı elmi-texniki jurnal olan “Azərbaycan Neft Təsərrüfatı” jurnalının baş redaktoru vəzifəsində çalışır.

Akademik İbrahim Quliyev 2016-cı ildən 2020-ci ilə kimi AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsində çalı­şıb. O, 2019–2021-ci illərdə AMEA-nın bi­rinci vitse-prezidenti, hazırda isə vitse-pre­zident vəzifəsində çalışır. O, 2008-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”, 2010-cu ildə bir qrup alimlə Cənubi Xəzər hövzəsinin palçıq vulkaniz­mi neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə müstəqil Azərbaycan Respub­likasının ilk Dövlət mükafatı laureatı adına layiq görülüb. Soydaşımız 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. Geoloq alim 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

230-dan çох elmi məqalənin, o cümlədən 11 monoqrafiyanın müəllifi olan Azərbaycanlı alimin əsərlərinin böyük bir hissəsi xaricdə çap olunub. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirilib. Alimin tədqiqatlarının nəticələri onlarca beynəlxalq konfrans və simpoziumda (Веуnəlxalq qeoloji konqreslər, Üzvi geokimya üzrə beynəlxalq konqreslər, AAPG və EGU beynəlxalq konfransları və s.) məruzə edilərək, dün­yanın aparıcı elmi məcmuələrində dərc olunub. Son illərdə İbrahim Quliyev doktor­luq dissertasiyalarında opponentlik etmək üçün Gürcüstana (Geologiya İnstitutu), Rusiyaya (VNİGRİ, MDU) və Niderlanda (Delft Texniki Universiteti) dəvət olunub.

Akademik İbrahim Quliyev tanınmış alim, bacarıqlı təşkilatçı olmaqla yana­şı, həm də gözəl ailə başçısı, səmimi insandır. Dünya şöhrətli geoloq alimi 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

22 May 2022 00:37 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə