Ən son xəbərlər
Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” məlum çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınan “meymun çiçəyi”-nin ölkəmizdə yoluxma halları aşkarlanmayıb. Ümumiyyətlə, bu simptomla bağlı heç bir müraciət daxil olmayıb. Bu fikirləri “Xalq qəzeti”nə TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O, bildirib ki, xəstəlik virus mənşəlidir: “Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı və sıx təmas yolu ilə baş verir. Çiçək virusuna nisbətən “meymun çiçəyi” virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, eləcə də, yoluxduruculuq qabiliyyəti də zəifdir”.
Nəzrin Mustafayeva həmçinin vurğulayıb ki, bu virusa qarşı vaksinasiya da mövcuddur: “Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən 2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir. Yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən xəstəliyin pandemiya halını alması da zəif ehtimaldır. Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son zamanlarda çiçək virusuna qarşı aparılan profilikatik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub. Su çiçəyi və “meymun çiçiyəni”nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, “meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. “Meymun çiçəyi” xəstəliyi su çiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur”.
Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə