Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyyar görüşlərin əsas məqsədi insanlara qayğı göstərməkdir

Pandemiya qadağaları aradan götürüldükcə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə keçirdiyi səyyar görüşləri ardıcıl xarakter alır və maraqla qarşılanır. Sakinlər belə tədbirlərdə həvəslə iştirak edirlər. Canlı diskussiya şəklində davam edən görüşlər şəhərin inkişafına və tərəqqisinə öz təsirini göstərir. Belə görüşlərdən biri də 1 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Görüşə məktəbə yaxın ərazilərdəki binalarda yaşayan sakinlər dəvətli idilər. Lakin görüşün əhəmiyyətini nəzərə alan digər məhəllə və ərazilərdə məskunlaşan sakinlər də görüşə gəlmişdilər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlər haqqında sakinlərə ətraflı məlumat verdi. Qeyd olundu ki, cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımzın azad edilməsi uğrunda gedən 44 günlük müharibədəki zəfər qələbəsindən sonra Qarabağda və ona bitişik olan rayonlarda böyük abadlıq, quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurd­larına qayıtmları üçün əməli işlər görülür. Erməni vandalları tərəfindən darmadağın edilən şəhər və rayonlarımız bərpa olunur, yeni, daha müasir görkəm alır.

Buna müvafiq olaraq respublikamızın digər yaşayış sahələrində də abadlıq-qu­ruculuq işləri uğurla davam edir. Bu gün Mingəçevirdə həyata keçirilən əməli işlər bunu bir daha sübut edir. Şəhərin infrast­rukturunu yaxşılaşdırmaq məqsədi ilə su, kanalizasiya, qaz xətləri yenilənir, işıqlan­ma sistemi daha müasir formada qaydaya salınır. Şəhərin A.Məmmdov, Ş.İ.Xətai, N.Nərimanov, Nizami, Naxçıvan, Təbriz, H.Əliyev, Samux və digər küçələrində, məhəllə və xiyabanlarında, eləcə də parklarda böyük müasirləşdirmə işləri gedir. Sakinlərin arzularını nəzərə alaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə şəhər stadionunun müasir tələblərə uyğun yenidən qurulmasına start verilib. Bütün bunlar sakinlərin rahatlığını, məmnunluq hisslərini yaxşılaşdırmaq, insanlara qa­yağı göstərmək məqsədi güdür və cənab Prezidentin tapşırığına müvafiq olaraq həyata keçirilir. Sakinlərlə hər bir görüş mütləq yeni yanaşmaya təkan verir.

Görüşdə əsasən N.Nərimanov, Nizami, H.Əliyev, Təbriz, A. Məmmədov küçələrindəki yaşayış binaların­da məskunlaşmış sakinlər – Sevda Məmmədova, Məhluqə Qasımova, Şahlar Əsgərov, Kəmalə Baxışova, Rəna Həsənova, Aysel Əliyeva, Elçin Şəfiyev, Arzu Həsənova və başqaları çıxış edərək şəhərdə aparılan abad­lıq-quruculuq işlərindən razılıqlarını bildirdilər, belə diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər icra hakimiyyətinə minnətdaqrlıqlarını ifadə etdilər. Eyni za­manda qarşılaşdıqları problemlərdən söz açdılar, nöqsanların aradan qaldırılması üçün şəhər rəhbərliyindən dəstək istədilər.

Diqqət əsasən şəhərdə işsizliyin mövcudluğuna, məhəllələrdə işıqlanmanın zəifliyinə, bəzi yaşıllıq zolaqlarına əlavə torpaq tökülməsinə, məhəllələrdə otura­caqların və söhbətgahların qoyulmasına ehtiyac duyulduğuna, istilik sisteminin bərpa olunmasına yönəldildi. Bununla yanaşı sakinlərin şəxsi məsələləri də dilə gətirildi.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinləyərək, nöqsanların aradan qaldırıl­ması üçün görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, qaldırılan nöqsanlar yerindəcə araş­dırılaraq öz həllini tapacaq və sakinlərin istəyinə uyğun işlər görüləcəkdir.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

22 May 2022 00:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə