Ən son xəbərlər
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Pakistanın Kəraçi liman şəhərində bu ölkənin Baş naziri Şahbaz Şərif ilə görüşərək, onunla bir çox aktual məsələlər üzrə müzakirələr aparıb. Məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, görüş ərəfəsində Türkiyənin MİLGEM “Badr” hərbi layihəsi çəçivəsində Pakistanın Hərbi Dəniz Donanması üçün inşa edilən sayca üçüncü hərbi gəminin – korvetin təntənəli surətdə suya buraxılması mərasimi keçirilib.
Türkiyənin Milli Müdafiə naziri Pakistan hökumətinin başçısı ilə görüşdə iki ölkə arasında uzun illər müdafiə və təhlükəsizlik istiqamətində faydalı əməkdaşlıq ənənələrinin yarandığını və bu sahələrdə sıx əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb.
Pakistanın Baş naziri bildirib ki, dost Türkiyə Pakistan üçün böyük əhəmiyyət kəsb edən dövlətdir. “Bizim ölkələrimiz və xalqlarımız yaxşı gündə də, dar gündə bir yerdə olublar və bundan sonra da daim belə olacaq”- deyə Şahbaz Şərif vurğulayıb.
Hulusi Akar görüşdə qarşı tərəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını çatdırıb və xüsusi olaraq qeyd edib ki, Türkiyə lideri regionda gərginlik yaradan Kəşmir probleminin ədalətli həllini arzulayır və bu məsələdə hər zaman Pakistanın yanındadır. Pakistanın Baş naziri Türkiyə rəsmisinə dərin təşəkkürünü bildirib.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə