Ən son xəbərlər
NATO üzrə müttəfiqlər təkcə Ukraynanın deyil, həm də Moldovanın alyansın standartları səviyyəsində silahlandırılması məsələsini müzakirə edirlər. Bu barədə “The Daily Telegraph”a müsahibəsində Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass bəyan edib. Məlumatı TASS verib.
Trass deyib: “Mən istərdim ki, Moldova NATO standartlarında təchiz edilsin. Bununla bağlı bizim müttəfiqlərlə müvafiq müzakirələr aparılır”.
Nazir bunun səbəbini Moldovaya qarşı Rusiya təhlükəsi ilə izah edib. Moldovanın NATO standartlarında təchiz edilməsi bu ölkəyə sovet dövrü hərbi avadanlıqlarını əvəzləyəcək yeni texnikaların verilməsi deməkdir.
Qəzetin yazdığına görə, hazırda Böyük Britaniya, Almaniya, ABŞ və Fransa Ukraynaya təhlükəsizlik təminatının verilməsi ilə bağlı səssizcə müzakirələr aparırlar. Ancaq hələ bu, ilkin mərhələdədir. Hələ ki, Ukraynaya yalnız uzunmüddətli dəstək vədləri vermək, silah göndərmək nəzərdə tutulur. Ona qarşı təcavüz olarsa, hərbi münaqişəyə qoşulmaq öhdəliyi nəzərdə tutulmur.
Trass bildirib: “Hazırda biz Kiyev və Varşava ilə birgə Ukrayna ordusunun NATO standartlarında modernləşdirilməsi üçün birgə komissiya yaratmaq üzərində işləyirik. Müəyyənləşdirməliyik ki, Ukraynaya nə lazımdır”.
Nazir əlavə edib ki, bu məsələ təkcə Ukraynaya deyil, həm də Moldova da daxil olmaqla bir sıra digər ölkələrə də aiddir: “Rusiya tərəfindən təhlükə artdıqca biz təminat verməliyik ki, bu ölkələr NATO standartlarına uyğun şəkildə təchiz edilsinlər”.
Britaniya XİN başçısının fikrincə, rəsmi London hesab edir ki, NATO üzvü olan ölkələr üçün 2 faizlik müdafiə xərcləri alyans ölkələrindən bəzilərinin yanaşdığı kimi, son deyil, minimal hədd olmalıdır.
Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov Trassa cavab olaraq bildirib ki, RF-nin Pribaltika və Moldovaya hücum edəcəyi barədə deyilənlər Britaniyasayağı feykdən başqa bir şey deyil.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə