Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionda Litvanın ən önəmli tərəfdaşıdır

Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında Litva hər zaman xüsusi yer tutub. Xatırladaq ki, hələ Xalq Cümhuriyyəti dövründə Bakıda Litvanın nümayəndəliyi fəaliyyət göstərib, nümayəndəliyə konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik edib. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Litva ilə respublikamız arasında diplomatik münasibətlər 1995-ci il noyabr ayının 27-də qurulub, 2007-ci ildə isə hər iki ölkədə səfirliklər açılıb. Ötən müddətdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanan bir sıra mühüm sənədlər əlaqələrin dinamikliyini şərtləndirib. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Deputat qeyd edib ki, mayın 18-də iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamə isə mövcud əməkdaşlığın bundan sonrakı inkişaf mərhələsində mühüm rol oynayacağına əminlik yaradıb. Azərbaycanda rəsmi səfərdə olan Lit­va lideri Gitanas Nauseda Prezident İlham Əliyevlə həmin gün ikitərəfli əlaqələri və qarşılıqlı əməkdaşlığı özündə əks etdirən Azərbaycan–Lit­va biznes forumunda çıxışı zamanı ölkəsinin uzun illər respublikamız­la uğurla həyata keçirilən strateji tərəfdaşlığı yüksək dəyərləndirib və gələcəkdə də bu istiqamətin diqqət mərkəzində saxlanılacağını xüsusi vurğulayıb. Gitanas Nauseda daha sonra adları çəkilən dövlətlərin mövcud iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malik olduqlarını bildirib. Məhz elə bunun bariz nümunəsidir ki, biznes-foru­mu zamanı Azərbaycan və Litvanın dövlət və özəl sektoru nümayəndələri tərəfindən ticarət, texnologiya, rəqəmsallaşma, nəqliyyat və lo­gistika, innovasiyalar, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə dair 7 memoran­dum imzalanıb.

Bu gün dünya bazarında Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu getdikcə güclənir və bu, xüsusi əhəmiyyət daşıyır. Dövlətimiz bu qüdrəti ilə Litva üçün cəlbedici ticarət tərəfdaşına çevirilir və hər iki tərəfin biznes sisteminin inkişafı üçün geniş imkanlar yaradır. Yeddi azad iqtisadi zonaya, Avropanın ən inkişaf etmiş rəqəmsal infrastrukturlarından birinə, qabaqcıl nəqliyyat və logistika, həmçinin iri və şaxələndirilmiş kənd təsərrüfatı sektorlarına sahib Litva Azərbaycan ilə enerji sahəsində də qarşılıqlı önəm daşıyan əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Rusiya-Ukrayna müharibəsi fo­nunda Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi gördüklərini, bu səbəbdən əməkdaşlığın səmərəliliyinin artırılmasında maraqlı olduqlarını bildirən Litva Prezidenti ölkəmizin təkcə Cənubi Qafqazda deyil, Avropada da güclü nufu­za sahib olduğunu bildirib. Çünki Azərbaycan sülhün təmin olunma­sında, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanmasında hər zaman əhəmiyyətli rol oynayıb.

Azərbaycanın, həmçinin beynəlxalq logistikaya verdiyi töhfələr kontekstində mühüm nəqliyyat layihələrini reallaşdırması, regio­nal əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyini gücləndirməsi Litva üçün qarşılıqlı əməkdaşlıq baxımından yeni imkan­lar açır. Elə bu səbəbdəndir ki, Litva Asiyadan Avropaya mövcud marşrut­lara alternativ ola biləcək Avropa-Qaf­qaz-Asiya dəmiryolu nəqliyyat dəhlizi layihəsinə xüsusi diqqət yetirir.

Rəşad Mahmudov sonda qeyd edib ki, bütün bunlar Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafının diqqət mərkəzində sax­lanıdığını göstərir. Hər iki ölkə sıx əlaqələrin inkişafında maraqlı olduq­larını daim nümayiş etdirir. Son illərdə Azərbaycan – Litva siyasi, iqtisadi və mədəni əməkdaşlığı uğurla gerçəkləşir və bu, özünü nəzərəçarpacaq dərəcədə büruzə verir.

“Xalq qəzeti”

21 May 2022 23:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə