Ən son xəbərlər
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı mətbuata bəyanatında Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayaraq, bu nüfuzlu beynəlxalq qurumun Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Ölkə rəhbəri, eyni zamanda, respublikamızın artıq Avropaya təbii qazın ixracına başladığı və neft-qaz qiymətlərinin artdığı bir şəraitdə cari il ərzində adı çəkilən təşkilatla ticarət dövriyyəsi həcminin daha da yüksələcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev bəyanatında Litvanın Azərbaycan–Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyini dəyərləndirməklə bərabər, ölkəmizin bu qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanat imzaladığını da xatırladıb.
Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedanın respublikamıza səfəri çərçivəsində keçirilən biznes forumdakı çıxışında da Azərbaycan–Avropa İttifaqı strateji əməkdaşlığının uğurla inkişafından bir daha bəhs edərək, bu təşkilatın respublikamızın əsas ticari tərəfdaşı olduğunu və Azərbaycanın quruma üzv ölkələrin enerji təhlükəsizliyində fəal rol oynadığını vurğulayıb: “Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.
Azərbaycan Prezidenti enerji təhlükəsizliyindən danışarkən, həmçinin bildirib ki, ölkəmiz hər zaman etibarlı, ədalətli nizamlama və qanunvericilyə əsaslanan bazarlara ehtiyac duyub. Bu baxımdan Avropa bazarı hər zaman diqqət çəkib. Təbii ki, bu məsələdə Avropa İttifaqı da Azərbaycana töhfə verən tərəf kimi diqqətlə yanaşıb.
Yeri gəlmişkən, XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildiyi vaxtdan Azərbaycanın Avropaya “mavi yanacaq” ixracı başlayıb. Bundan əvvəl respublikamızın ixrac bazarı isə əsasən Türkiyə və Gürcüstan olub.
Beləliklə, Azərbaycandan yeni qaz alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur.
Onu da xatırladaq ki, Azərbaycan ötən il Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edib, 2022-ci ildə 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixracı planlaşdırılıb.
Burada Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələrin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin, o cümlədən, TAP layihəsinin mühüm önəm daşıdığını da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı da məhz bu beynəlxalq qurumdur. Xatırladaq ki, hazırda Avropa İttifaqına üzv ölkələr tərəfindən Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilir.
Cənub Qaz Dəhlizi layihəsindən söz düşmüşkən, 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanaraq, bu dəhlizin Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Avropa İttifaqının enerji təhlükəsizliyinin şaxələndirilməsində mühüm rol oynaya biləcək strateji təşəbbüs kimi yüksək dəyərləndirilib.
Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu iqtisadi-siyasi əlaqələrimizin qarşılıqlı əhəmiyyətindən və faydalılıq səviyyəsindən xəbər verir.
Burada onu da bildirək ki, hazırda makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bununla bağlı bəzi məqamlara nəzər salaq. Əvvəlcə onu xatırladaq ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.
Prezident İlham Əliyev hələ 2014-cü ilin iyun ayında Avropa İttifaqı ilə əlaqələri xarakterizə edərək bildirib ki, Azərbaycan bu nüfuzlu quruma mümkün qədər yaxın olmaq arzusundadır. Bu, respublikamız üçün strateji mahiyyət daşıyan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı var.
Azərbaycan bu gün Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən etibarən respublikamıza 582 milyon avro məbləğində yardım göstərilib.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. İyirmi ildən artıq müddətdə davam edən əməkdaşlıq geniş təcrübə mübadiləsinə imkan verib. Yeni başlayan layihə isə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq.
Tvinninq Layihəsinin əsas məqsədi Avropa İttifaqı tərəfindən ümumi kənd təsərrüfatı siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda kənd yerlərinin inkişafının həyata keçirilməsi istiqamətində milli siyasət və vasitələrin gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir.
Xatırladaq ki, layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması, habelə kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Avropa İttifaqı təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və əlverişli inzibati mühitin inkişaf etdirilməsi, eyni zamanda, müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədi ilə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
Bütün bunlar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. Məhz bunun nəticəsidir ki, respublikamızla Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vurğuladığımız kimi, əsas ticarət tərəfdaşlarından biri kimi tanınır.
Ölkəmizlə Avropa İttifaqı arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənib. Təsadüfi deyil ki, Avropa İttifaqı ticarət tərəfdaşlarımız arasında birinci sıradadır. Bu təşkilat Azərbaycanın ixracda 45,8 faiz, idxalda isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Qurumun Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Avropa İttifaqına ixracı isə əsasən neft və qaz məhsullarıdır.
Azərbaycanın Avropa İttifaqı ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30,5 faiz), Almaniya (768,70 milyon ABŞ dolları, 16,25 faiz) və Böyük Britaniyadır (449,71 milyon ABŞ dolları, 9,5 faiz).
Avropa İttifaqı bu gün dünyada həm də ən böyük siyasi mərkəzlərdən biri kimi tanınır, fəaliyyətində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına qərəzsiz və bitərəf yanaşması ilə diqqət çəkir. Burada ən mühüm cəhət isə odur ki, bu nüfuzlu quruma Azərbaycan və Ermənistan tərəfdən də etimad göstərilir.
Ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin ən yüksək səviyyədə qurulması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına da öz müsbət təsirini göstərib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasını, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli yönündə əməli addımlar atılmasını şərtləndirib.
Avropa İttifaqı dövlətimizin başçısının regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə