Ən son xəbərlər
Qarşıdan 28 May – Azərbaycanın Müstəqillik Günü gəlir. Qalib ölkəmizdə bu bayram təntənə ilə qeyd ediləcək. Artıq indidən əziz günə həsr olunmuş tədbirlər görülür və ölkəmizin rəhbərliyinin adına təbrik məktubları gəlməyə başlayıb. ABŞ Prezidenti Cozef Bayden də 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə çox səmimi təbrik məktubu ünvanlayıb.
Azərbaycan rəhbərini və xalqımızı Amerika xalqı adından təbrik edən Cozef Bayden bildirib ki, bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Ötən müddət ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.
Həqiqətən də, Azərbaycanın müstəqil xarici siyasətinin milli maraqlara əsaslanması, regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüzün və sabahımızın prizmasından yanaşılması diplomatiya aləmində ölkəmizin mövqelərinin möhkəmlənməsinə vəsilə olub. Biz mübarizəmizdə haqlı olduğumuzu tarixi və geosiyasi faktlarla əsaslandıra, dünyanı haqq işimizi dəstəkləməyə yönəldə bilmişik. Ərazi bütövlüyümüzün əksəriyyət tərəfindən tanınması Qarabağda azadlıq savaşının cövhərini təşkil edib. Vətən müharibəsində Qələbəmiz dünyada Azərbaycana münasibətdə fərqli ab-hava yaradıb. Azərbaycan Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini yüksək səviyyədə qura bilib. Özü də bu münasibətlər ehtimallar üzərində yaranmayıb, praqmatizm, qarşılıqlı fayda və maraqlara əsaslanıb.
Azərbaycan Prezidenti ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bütün bunları dünyanın tanınmış intellektual təbəqə təmsilçiləri – İsveç, Birləşmiş Krallıq, Türkiyə, Fransa, İtaliya, Almaniya, Rumıniya, Pakistan nümayəndələri ilə bərabər, Amerika Birləşmiş Ştatlarından da gəlmiş iştirakçıların diqqətinə yüksək diplomatik məharətlə çatdırıb, ölkədə, regionda və dünyada gedən prosesləri geniş şərh edib, Ermənistanın işğalçılıq xislətinin, revanşist mövqeyinin obyektiv təhlilini verib. Konfrans iştirakçıları dövlət başçımızın güclü məntiqə söykənən fikirlərinə heyranlıqlarını gizlətməyiblər. Güman ki, rəsmi Vaşinqton və Bayden də bundan xəbərsiz deyil. Elə ABŞ rəhbərliyinin Azərbaycana göstərdiyi rəğbət də bir çox cəhətdən həm də bunun nəticəsidir.
Qarabağ məsələsinə gəlincə, 1996-cı ildə ATƏT-in Lissabon sammitində, 1999-cu ildə “vahid dövlət ideyası”nda, 2001-ci ildə Ki- Uest prosesində, 2007-ci ildə irəli sürülən Madrid prinsiplərində və sonrakı illərdə aparılan siyasətdə ərazi bütövlüyü baxımından Azərbaycanın haqlı mövqeyi etiraf olunub. İndi ermənilər də dərk edirlər ki, Prezident İlham Əliyevin dünya çapında mövqeyi daha da möhkəmlənib, onun həyata keçirdiyi fəal diplomatik səylər, qalib Azərbaycanın diktə etdiyi reallıqlar birmənalı qəbul olunur. Baydenin məktubu da bunu bir daha göstərir.
Məktubda, həmçinin Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr təqdir olunur, Ukraynanın suverenliyinə Azərbaycanın dəstəyi və humanitar yardımı yüksək qiymətləndirilir. Bütün dünya görür ki, Rusiya –Ukrayna müharibəsi kontekstində qarışmama və qoşulmama prinsipinə sadiqlik nümayiş etdirən Azərbaycan hərbi müdaxiləyə məruz qalan tərəfə humanitar baxımdan böyük yardım edən azsaylı region ölkələrindən biridir.
Xalqımıza ən xoş arzularını ifadə edən Cozef Baydenin məktubunun ruhunda sələflərindən fərqli olaraq yeni dünya nizamı kontekstində yanaşma ilə müraciət özünü aşkar göstərir. Onun verdiyi mesajlar indiyə qədərki ümumi yanaşma çərçivəsindən kənara çıxır və ona yeni məna yüklənir. Təbrik məktubunda bildirilir ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.
Bəllidir ki ötən əsrin son onilliyində SSRİ dağıldıqdan sonra ABŞ Cənubi Qafqaza iddialı baxışlar ortaya qoyurdu, amma reallıqlar Ağ evin gözləntilərini çıxdaş edərək fərqli mənzərə yaratdı. İndi artıq bu bölgədə sülhə, demokratik dəyərlərə sadiqliyi ilə seçilən Azərbaycan dövləti var və inamla demək olar ki, hər kəs də bununla barışmışdır.
Bizcə, əsas məsələ burasındadır ki, Azərbaycan BMT-nin onilliklərlə havadan asılı qalmış məlum qətnamələrini özü reallaşdıraraq, ABŞ-ın da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk qrupunun belə bacarmadığına nail olub. Rəsmi Bakı öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Cənubi Qafqazda yaranan geosiyasi reallıq Vaşinqton üçün də ölkəmizə yeni yanaşma tərzi formalaşdırmaq zərurətini ortaya qoyub. Yəni bölgəmizdəki cari reallıqlar ABŞ-ı bu siyasi areala daha uzunmüddətli yanaşma formalaşdırmağa vadar edir və SSRİ-dən miras qalan bütün mümkün münaqişələrin, mübahisəli məsələlərin həllinə doğru düstur təklif etməyə yönəldir. Görünən budur ki, supergüc Cənubi Qafqazda üstün rola sahiblənmək istiqamətlərini müəyyənləşdirməyə başlayıb.
Sirr deyil ki, hər zaman ABŞ-ın mövqeyində Ermənistana simpatiya duyulub. Amma bu, heç də o anlama gəlmir ki, Ağ ev bölgədə qeyri-sabitlik olmasında maraqlıdır. Çünki beynəlxalq siyasi sistemdə formalaşan yeni nizam bunu inkar edir. ABŞ istədiyinə nail olmaq üçün elə rəhbər prinsipləri əsas tutmağa çalışır ki, həm region qaynar nöqtə olaraq qalmasın, həm də onun özəl maraqları təmin edilsin. Bu baxımdan ABŞ-ın Ermənistanla münaqişə prosesinə, Qarabağ məsələsinin tənzimlənməsinə dair özünün obyektiv mövqeyini bildirməsi təqdirəlayiqdir. Cozef Baydenin ifadə etdiyi fikirlər gələcək əlaqələrin inkişafına və daha da möhkəmlənməsinə ciddi töhfə veriləcəyinə ümidləri artırır.
ABŞ liderinin cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu konseptuallığı ilə də diqqət çəkir. Bu məktubda bir növ ABŞ-ın Cənubi Qafqazdakı iştirakını gücləndirməyin yolunun Azərbaycanla məsləhətləşmələrdən keçdiyinə işarələr vurulur. Cənab Bayden məhz bu məramla Azərbaycanla Ermənistan arasında və beləliklə də Qafqaz regionunda davamlı sülhə nail olunmasına, ümumilikdə Trans-Xəzər regionunun çiçəklənməsinə töhfə verməyə hazır olduğunu bəyan edir.
Daha bir mühüm məqam odur ki, cari durumu Rusiya-Ukrayna müharibəsi kontekstində dəyərləndirən Bayden ölkəsinin Azərbaycanın müstəqilliyi və suverenliyinə bir daha dəstək nümayiş etdirməsini bildirməsi ilə dünya siyasi arenasında mövqeləri yetərincə laxlayan tərəfə mühüm mesaj verir.
Əlbəttə, ABŞ-ın Cənubi Qafqazda Azərbaycanla yaxınlaşmaq xəttini tutması yaxşı haldır. Təbii ki, Azərbaycan yenə də özünə xas balanslaşdırılmış siyasət yürüdəcək və strategiyasında tarazlığı qoruyacaq ki, özünün şimallı-cənublu qonşuları ilə müşküllər yaranmasın. İndiki şəraitdə ən uğurlu strateji davranış məhz balanslı siyasəti qoruyub-saxlamaqdır. Bunu qonşularımız da dərk edib dəyərləndirməli və rəsmi Bakının xarakterik davranışlarının təftişinə yönəlik hər hansı siyasətdən çəkinməlidirlər.
Sözsüz ki, ABŞ-la Azərbaycan arasında müəyyən fikir ayrılıqları da mövcuddur. Məsələn, insan hüquqlarına yanaşmada fərqlər var. Bəzən rəsmi Vaşinqton bu məsələyə birtərəfli münasibət sərgiləyir və ermənilərin hüquqları mövqeyindən çıxış edir. Ancaq, təbrik məktubundan da göründüyü kimi, tendensiya yaxşılığa doğru istiqamətlənmişdir. Politoloqların fikrincə, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti özlüyündə institusional çağırışlar təqdim edir.
Xatırlayırıq ki, Novruz bayramı münasibətilə də cənab Cozef Bayden Prezident İlham Əliyevə təbrik məktubu göndərmişdi və bu, onun xonçalı-səmənili fonda olan şəkli ilə müşayiət edilmişdi. Sözsüz ki, bu da elə Azərbaycana isti münasibət işarəsi idi. Bir neçə gün əvvəl isə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı sözügedən təbrik məktubunda öz əksini tapan məsələləri birbaşa dilə gətirmiş, Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulamış və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə etmişdi. Bu da Azərbaycanın ABŞ-ın regionda mühüm tərəfdaşı olduğunu göstərir.
Görünən budur ki, dünyada siyasi üfüqlər aydınlaşır, super güclər də prinsipial məsələlərdə birtərəfli mövqe nümayişindən uzaqlaşır və daha obyektiv davranışlara üstünlük verirlər.Bu baxımdan ABŞ–Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişafı böyük önəm kəsb edir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə