Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılması barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb etməklə Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət qurucu­luğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Əli Hüseynli qeyd edib ki, Mərkəzin Nizamnaməsində nəzərdə tutulan müddəalar hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsini və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsini hədəfə alır.

Bildirilib ki, bu formatda olan dövlət təsisatları bir sıra xarici ölkələrdə mövcud­dur və onlar hüquq sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına kifayət qədər müsbət təsir göstərirlər. Bu baxımdan, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alın­ması yeni qurumun hüquqi islahatlar kontekstində fəaliyyətinin səmərəsini bir qədər də artıracaq.

Əli Hüseynli diqqətə çatdırıb ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə baş­lanmışdı. Demokratik hüquqi dövlət quru­culuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar ulu öndərin siyasi xəttinin əsasını təşkil etmişdir. Heydər Əliyev bu istiqamətdə ardıcıl siyasət yürüdərək, ilk növbədə, ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etmişdir.

Həmin dövrdə ölkəmizdə hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatı­na müstəsna əhəmiyyət verən ümummilli lider 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratmış və ona rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatlara şəxsən rəhbərlik etmişdir.

Hüquqi islahatların əhəmiyyətinə dəyər verilməsi baxımından bu sahənin bu gün də ən yüksək səviyyədə prioritet istiqamət kimi müəyyən edildiyini vurğulayan Milli Məclisin komitə sədri deyib ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradıl­ması barədə Fərmana əsasən, Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Res­publikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər. Mərkəz hər il fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim edəcəkdir. Göründüyü kimi, hüquqi isla­hatların gedişi və dövlətçilik prinsiplərinə ardıcıl olaraq riayət olunması Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altında­dır və bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir.

“Diqqətçəkən məqamlardan biri də budur ki, Mərkəzə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurasında hakimiyyətin bütün qollarının təmsilçiliyi nəzərə alın­mışdır.

Bütün bunlar belə bir əminlik ya­radır ki, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqan­ları əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək Hüquqi Ekspertiza və Qa­nunvericilik Təşəbbüsləri Mərkəzi qısa zamanda Azərbaycanda gedən davamlı hüquqi islahatların əhəmiyyətli həlqəsinə çevriləcəkdir”, - deyə Əli Hüseynli vurğulayıb.

21 May 2022 00:00 -

Köhnə versiyamızdan xəbərləri izlə