Ən son xəbərlər
Türkiyənin YPG-PKK terror təşkilatının əsarətindən azad etdiyi Suriya rayonlarına bu ölkədən qaçqın düşmüş 500 min insan qayıdıb. Ankara dinc Suriya sakinlərinin öz evlərinə qayıtmasına mane olan bu terror qruplaşmasına qarşı mübarizəsini bundan sonra da davam etdirəcək.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mayın 17-20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş miqrasiya problemləri ilə bağlı birinci beynəlxalq forumda bəyan edib.
Türkiyə XİN başçısının sözlərinə görə, hazırda Ankara 1 milyon nəfərə qədər suriyalının təhlükəsiz və könüllü şəkildə vətənlərinə qayıtmasına yardım etmək üçün ayrıca plan üzərində işləyir.
Türkiyəli diplomat tədbirdə çıxışı zamanı xatırladıb ki, miqrasiya qlobal problem xarakteri alıb və onun həlli üçün aktiv beynəlxalq əməkdaşlıq lazımdır. O, bütün dövlətləri bu sahədə səmərəli əməkdaşlığa dəvət edib: “Miqrasiya qlobal və dayanıqlı yanaşma tələb edir. Vətənlərindən qaçqın düşmüş şəxslərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmaları üçün lazımi şərait yaradılmalıdır. Bundan daha vacibi isə odur ki, biz miqrasiyanın köklü səbəblərini aradan qaldırmalıyıq”.
Çavuşoğlu qeyd edib ki, Türkiyə özünün miqrasiya siyasətini Təhlükəsiz, nizamlı və requlyar miqrasiya haqqında Qlobal Müqaviləyə uyğun olaraq qurur. O deyib: “Biz miqrantların ləyaqətinin qorunmasına və rifahının təminatına istiqamətlənmiş bütün təşəbbüslərdə fəal iştirak edirik”.
XİN başçısı əlavə edib ki, 2014-cü ildən başlayaraq Türkiyə dünyada ən çoxsaylı qaçqın ordusunu qəbul edib. Bundan əlavə, onun sözlərinə görə, Ukraynada hərbi münaqişə başlayandan sonra da ölkəyə qaçqınlar gəlməkdədir. Artıq 145 min ukraynalı qaçqın Türkiyə ərazisində sığınacaq tapıb.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə