Ən son xəbərlər
Dünyada münaqişələr və təbii fəlakətlər səbəbindən məcburi köçkünlərin sayı 59,1 milyon nəfərə çatıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Daxili Köçkünlüyün Monitorinqi Mərkəzinin hesabatında 2021-ci ildə ölkədaxili yerdəyişmə ilə bağlı rəqəmlər müzakirə olunub. Hesabata görə, Əfqanıstan və Konqo Demokratik Respublikasında, xüsusilə Efiopiyada baş verən daxili münaqişələr keçən il bu prosesə böyük təsir göstərib.
Münaqişə və şiddət səbəbindən 2021-ci ildə 14,4 milyon daxili miqrasiya qeydə alınıb və buna görə də daxili miqrasiya 2020-ci illə müqayisədə 50 faiz artıb.
Keçən il ən böyük köçkün prosesi Afrikada baş verib. Belə ki, 5 milyondan çox insan Efiopiyanın ən çox daxili miqrasiyanın yaşandığı ölkə olan Tiqray bölgəsindəki münaqişə səbəbindən evlərini tərk edib.
Yaxın Şərq və Şimali Afrikada daxili miqrasiya Suriya, Liviya və İraqda münaqişələrin səngiməsi ilə 2021-ci ildə 10 ilin ən aşağı nöqtəsinə düşüb, lakin bu iki regionda ümumi köçkünlük nisbəti “həyəcanverici dərəcədə yüksək” olaraq qalıb.
Keçən il həm də Konqo Demokratik Respublikası, Əfqanıstan və Myanmada ən yüksək yerdəyişmə rəqəmləri qeydə alınıb.
Təbii fəlakətlər və iqlim hadisələri də böyük ölçüdə daxili miqrasiyaya səbəb olub və nəticədə 2021-ci ildə ümumilikdə 23,7 milyon daxili miqrasiya baş verib.
2021-ci ilin sonuna yaxın yerdəyişmələrin ümumi sayı rekord səviyyəyə yüksələrək 59,1 milyon nəfərə çatıb.
Məcburi köçkünlərin təxminən 25 milyonu 18 yaşdan kiçikdir. Bildirilir ki, köçkünlərin vəziyyəti başqa ölkələrə üz tutan qaçqınlardan daha pisdir.
Qeyd olunub ki, Ukrayna-Rusiya müharibəsi səbəbindən Ukraynada məcburi köçkünlərin sayı bu hesabata salınmayıb.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə