Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda xarici investisiya qoyuluşu üçün hər cür şərait var

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, respublikamızın ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyu­luşuna müsbət zəmin yaradıb. Litva Respublika­sının Prezidenti Gitanas Nausedanın mayın 18-də respublikamıza səfəri çərçivəsində keçirilən biznes forumunda da dövlətimizin başçısı Azərbaycanda in­vestorlar üçün əlverişli biznes mühitinin mövcudluğunu vurğuladı, bu sahədə yüksək göstəricilər əldə edildiyini, xarici sərmayə yatırımının on milyard dol­larla dəyərləndirildiyini diqqətə çatdırdı.

Ölkə rəhbəri bununla belə xarici şirkətlərin investisiya portfelinin şaxələndirilməsinin də çox vacib amil olduğunu bildirdi: “İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli inves­tisiya mühitinin olmasının göstəricisidir”.

Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna marağın getdikcə artması, ilk növbədə, ölkəmizin siyasi cəhətdən sabit olması ilə bağlıdır. Bununla bərabər, hökumət tərəfindən həyata keçirilən düzgün iqtisadi siyasət, aparılan dərin islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial mövcud­dur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin olması da ölkəmizin investisiya qoyuluşu ba­xımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.

Azərbaycan Prezidentinin biznes forumda vurğuladığı kimi, ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynayır. Hökumət, həmçinin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sek­torunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas vəzifələr sərmayə qoyuluşlarının artırılması, sahibkarla­rın ixrac potensialının gücləndirilməsi, investi­siya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Onu da qeyd edim ki, son illərdə Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elekt­ron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qey­diyyatı sahələrində mühüm tədbirlər reallaşdı­rılıb.

Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının reytinq hesabatında ilk iyirmiliyə daxil olmasını şərtləndirib. Adı çəkilən bankın ekspertlərinin fikrincə, respub­likamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı kimi sahələrdə bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olma­sı amilləri də ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunma­sında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılma­sında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqın­da” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Fərhad MÖHBALIYEV,

iqtisad üzrə fəlsəfə doktoru, dosent,

Əməkdar müəllim

21 May 2022 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə