Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların nüfuzunun yüksəlməsinə öz töhfəsini verir

Bir neçə gün əvvəl Milli Məclisdə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr edilmiş Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi də qəbul olundu. İƏT PA işçi qrupu tərəfindən verilən təklif dəstəkləndi. Bu işçi qrup Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin nümayəndələrindən ibarətdir. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan Milli Məclisi qurumun üç komitəsinin iclasına da evsahibliyi edib.

Xatırladım ki, ölkəmiz sədrlik etdiyi qu­rumların nüfuznun yüksəldilməsi üçün bütün imkanlardan səmərəli istifadə edir. Məsələn, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın nüfuzu xeyli artmışdır. QH-nin sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iki beynəlxalq təşkilatın COVID-19-la mübarizəyə həsr edilmiş zirvə görüşü və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyası keçiril­miş, 2021-ci ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamə qəbul edilmiş­dir.

Konfransda yadda qalan məqamlardan biri də İƏT PA- ya sədrliyin Pakistan İslam Respub­likasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçməsi oldu.

Təşkilata sədrlik Azərbaycan Milli Məclisinə keçdikdən sonra bu qurumun da beynəlxalq aləmdə nüfuzu artacaq və mühüm bir regional təşkilata çevriləcək. Çünki Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatların reytinqinin yüksəlməsi üçün səmərəli fəaliyyət göstərir. As­sambleyanın Nizamnaməsi Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edilib. Digər üzv dövlətlər bu nuzamnaməni imzaladıqdan və rati­fikasiya etdikdən sonra parlamentlər arasında əlaqələr daha da genişlənəcək.

Konfransın mövzusu bütün dünya üçün ak­tual olan bir – COVID-19 pandemiyasının qlobal iqtisadiyyata, səhiyyəyə və ümumiyyətlə həyatın bütün sahələrinə mənfi təsir göstərməsi möv­zusunun müzakirəsi olmuşdur. Doğrudan da, pandemiya səbəbindən dünya ölkələrinin iqtisa­diyyatı ciddi zərər çəkdi. Pandemiya tam başa çatmasa da, böyük çətinliklər arxada qalıb Artıq bütün beynəlxalq təşkilatların prioritet vəzifəsi yaranmış bu iqtisadi, siyasi geriləmələrin ara­dan qaldırılması olmalıdır. İƏT PA bu sahədə üzv dövlətlərin dəstəyi ilə mövcud çətinliklərin aradan qaldırılmasına böyük dəstək vermək niyyətindədir.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxı­şında qeyd etdiyi kimi, Prezident İlham Əliyev pandemiya ilə mübarizədə bir sıra uğurlu qlobal təşəbbüslərlə çıxış etdi. Möhtərəm Prezidenti­mizin təşəbbüsü ilə bir sıra dövlətlərə maliyyə və humanitar yardımlar edildi. Dövlət başçı­mız pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelin təsis edilməsi təşəbbüsünü irəli sürüb.

Azərbaycan İƏT PA-ya sədrlik etdiyi dövrdə bu təşkilat postpandemiya dönəmində üzv dövlətlərin səylərinin birləşdirilməsinə, eləcə də həmrəylik nümayiş etdirilməsinə böyük töhfə verəcək.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor

21 May 2022 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə