Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, iclasda 2021/2022-ci il mövsümündə Super Liqa, Yüksək Liqa, Birinci liqaların və ölkə kuboku yarışının yekunu müzakirə olunub. Bunlarla yanaşı, qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

C.Qurbanov bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkə idmanı intibah dövrünü yaşayır. Milli komandamızın 9 dəfə Avropa çempionatının final mərhələsində, 4 dəfə dünya çempionatında iştirak etdiyini, klublarımızın Avropa kuboklardakı uğurlu çıxışlarını xatırladan federasiya prezidenti qarşıya əsas hədəf kimi iştirak ediləcək yarışlarda yüksək nəticə əldə etmək tapşırığı qoyub.

Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq Azərbaycan çempionatının keçirildiyini qeyd edən C.Qurbanov deyib: “Çempionatda iştirak edən oyunçuların əksəriyyətinin gənclər olması sevindirici haldır. Paytaxtımızda, eləcə də bölgələrdə olan ucaboylu qız və oğlanları voleybola cəlb etmək lazımdır. Buna görə də yalnız paytaxtda deyil, rayonlarda məşq edən gənclərlə işləmək lazımdır”.

Daha sonra C.Qurbanov Avropa çempionatının seçmə oyunlarında mübarizə aparacaq 22 yaşadək oğlan voleybolçularımıza uğurlar arzulayıb.

İclasda qadın və kişilərdən ibarət milli komandalara baş məşqçi təyinatı rəsmiləşib. İdarə Heyətinin qərarı ilə Eldar Yusubov qadınlardan ibarət milliyə, Pərviz Səmədov kişilərdən ibarət yığmaya baş məşqçi təyin olunublar.

Daha sonra yeni təyin olunan baş məşqçilər onlara göstərilən böyük etimada görə AVF rəhbərliyinə təşəkkür edib, milli komandalarımızın qarşıdakı yarışlarda uğurlu çıxışı üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.

C.Qurbanov məşqçiləri dinlədikdən sonra bildirib ki, əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etmək və ölkəmizdə voleybolun yenidən inkişafına nail olmaqdır.

Regionlarda voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib.

20 May 2022 23:26 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə