Ən son xəbərlər
Günəş şüalarının nəinki insan orqanizminə, ümumiyyətlə bütün canlılara faydası var. Çünki onun antibakterial təsiri bitkilərin fotosintezində böyük rola malikdir, eyni zamanda, orqanizmdə D vitamininin yaranmasını və xoşbəxtlik hormonlarının stimulyasiyasını təmin edir. Bu da psixologiyamıza müsbət təsir göstərir... Bunu “Xalq qəzeti”nə açıqlamasında həkim-terapevt Sübhan Hacıyev dedi.
Həkim bildirdi ki, Günəş şüalarını həddindən artıq qəbul etmək də səhhətimizə zərərsiz ötüşmür: “Bilmək lazım gəlir ki, Günəş şüalarının üç növü var. Əvvəllər Yer səthinə sadəcə A və B ultrabənövşəyi şüalar enirdisə, indi Ozon təbəqəsinin zədələnməsi nəticəsində onlara ən zərərli şüa növü sayılan S şüası da əlavə olunub. A ultrabənövşəyi şüalar növü dərinin erkən yaşlanmasını tezləşdirir. Bu baxımdan da zərərli şüa sayılır. B ultrabənövşəyi şüa növünün təsiri nəticəsində D vitamini yaranır və dəridə melaninlə reaksiyaya girərərək, piqmentasiyanı da artırır. Bu, xüsusilə də yay vaxtı qaralmaq istəyən insanlara yaxşı təsir göstərir. Lakin S ultrbənövşəyi şüa növü dəridə xərçəng riskini belə artırmış olur”.
Sübhan Hacıyev vurğuladı ki, artıq havalar isinib, yay fəslinə doğru gedirik və bu baxımdan insanlar özlərini günvurmadan qorumalıdırlar: “Bu, hətta beyin qan dövranının pozulmasına belə səbəb olur. Xüsusilə də saat 12-dən 5-ə qədər Günəş altında çalışan insanlar ciddi şəkildə tərləmə, Günəşin dəriyə birbaşa nüfuzu nəticəsində orqanizmdə susuzlaşma yaradan proseslərlə qarşı-qarşıya dayanırlar. Beləliklə, tədricən huşunu itirmə dərəcəsinə belə gedib çıxacaq qədər ciddi fəsadlarla üzləşirlər. Belə olduğu təqdirdə o, şəxsi mütləq şəkildə həmin yerdən uzaqlaşdırmaq və kölgəyə aparmaq lazımdır. Bol maye içirtmək, sərin su ilə bədənini islatmaq vacibdir. Əgər suyu içirtmək mümkün deyilsə və huşu qapalıdırsa, təcili tibbi yardım çağırıb, xəstəxanada stasionar şəraitdə müalicə etmək məqsədəuyğundur. Əks halda beyin qan dövranının pozğunluğu və orqanizmdə geriyədönməyən proseslərə gətirib çıxara bilər. Uzun müddət ərzində Günəş şüalarını qəbul etmək dərinin termiki yanıqlarına səbəb olduğundan çimərlik mövsümündə qorunmaq üçün kremlərdən istifadə etmək daha yaxşı olar”.
Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə