Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir kəndin şəhid ailələri ilə görüş…

Gədəbəyin Novoivanovka kəndində Vətən müharibəsi şəhidləri Məmməd Əliyevin, Bayram Qasımovun, Elmar Cəfərovun, Şəhriyar Hacıyevin və Vüsal Hüseynovun ailə üzvləri ilə keçirilən görüş uzun müddət yaddan çıxmayacaq. Çünki rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevin, aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi bu görüş təkcə təsəlli vermək, şəhid ailələrinin dərd-sərlərinə şərik olmaq, problemlərini öyrənmək, kömək əlini uzatmaq üçün deyildi. Bu görüş bir qürur ünvanı idi, dövlətə, Prezidentimizə sonsuz məhəbbət və inamın nümayiş olunduğu məkan idi!

...Vətənimizin bütövlüyü və torpaqlarımızın işğal­dan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Natiq Nağıyev şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr dilədi. O, 44 gün­lük Vətən müharibəsində yüzlərlə gədəbəyli gəncin də qəhrəmanlıqla döyüşdü­yünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin sırasında dayandığını, daim hörmət və ehtiramla yad edildiyi­ni, gələcək nəsillərə örnək olduğunu söylədi.Tarixi Qələbənin şəhidlərimizin qanı bahasına əldə edildiyini vur­ğuladı və belə vətənpərvər, mərd, qəhrəman övladlar böyütdüklərinə və oğullarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıq­larına görə şəhid anaları, şəhid ataları qarşısında baş əydiyini bildirdi, təşəkkür etdi. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, onların diqqət və qayğısı ilə əhatə olunacağını qeyd etdi. Dedi ki, şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimyyəti orqanlarının struk­turlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsi şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunələrindən biridir.

Natiq Nağıyev daha sonra şəhid ailələrinin problemlərini və onları narahat edən məsələləri dinlədi. Səslənən müraciətlər arasında şəhid adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və bir sıra digər məsələlər var. Əksər müraciətlər elə yerindəcə həll olundu.

Şəhid ailələri onlara göstərilən diqqət və qay­ğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

20 May 2022 01:13 -

Köhnə versiyamızdan xəbərləri izlə