Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dilçi alimin zəngin və mənalı ömür yolu

Qəzənfər Kazımov – 85

Ötən əsrin 50-ci illərində ana dilimizin Azərbaycan SSR-in konstitusiyasına dövlət dili olaraq salınmasına cəhd göstərdiyinə görə sovet rəhbərliyinin qəzəbinə tuş olan, ictimai-siyasi fəaliyyətdən kənarlaşdırılan, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bəraət alan Xalq yazıçısı Mirzə İbrahimovun öz yaşam düsturunu ifadə etdiyi sözlərini tez-tez xatırlayıram: “Ayaqlarım cüng olana qədər yeridim. Bilirdim ki, haradasa dayanmağım tutduğum yolun sonu demək olardı”.

Bu açıqlama ən kiçik yaşlarından dayanmadan irəli getməyi həyatının əsas hədəfi seçmiş ədib soyda­şımızın ibrətli ömür yolunun sadə göstəricisidir. Həyat belədir – bəzən böyük həqiqətləri sadə deyimlər daha dərindən anladır. Əvvəl müəllimim, daha sonra nüfuzlu dilçi alim kimi tanıdığım, filologiya elmləri dokto­ru, professor Qəzənfər Kazımovun apardığı elmi tədqiqatların miqyası ilə tanış olduqca xayalımda onun da “ayaqları cüng olana qədər yeriyən” obrazı canlandı.

Qəzənfər Şirin oğlu Kazımovun müasir Azərbaycan dilçiliyi məktəbinin ən görkəmli nümayəndələrindən biri səviyyəsinə yüksəlməsində, sözsüz ki, onun istedadı və çalışqanlığı başlıca rol oynayıb. Təkcə öz döv­rünün deyil, bütün zamanların 100 görkəmli şəxsiyyəti sırasında yer almış Albert Eynşteyn bildirmişdi: “Elmdə qazandıqlarıma görə istedadı­mın payına 4-5 faiz düşürsə, çəkdiyim zəhmətin rolu 95-96 faiz olub”. Bu baxımdan Qəzənfər müəllimin də elmi nailiyyətləri onun yorulmaz fəaliyyətindən qaynaqlanır.

Bu sətirlərin müəllifi olaraq, pro­fessor Qəzənfər Kazımovu 1980-ci illərin əvvəllərindən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filolo­giya fakültəsində oxuduğum vaxtlar­dan tanıyıram. Azərbaycan dilçiliyinin görkəmli simaları sırasında yer alan bu alim haqqında da, ilk olaraq, ali məktəb pedaqoqu kimi danışmaq istəyirəm. 2021-ci ildə 100 yaşını təntənə ilə qeyd etdiyimiz ADPU-nun filologiya fakültəsinin tarixində ötən əsrin 60-80-ci illəri xüsusi canlan­ma dövrü olmuşdur. Bu mərhələni professor Əbdüləzəl Dəmirçizadənin 40-cı illərdən bu fakültədə pedaqoji fəaliyyəti ilə sinxronlaşdırılmış elmi tədqiqat arealının fundamentallığı və çoxşaxəliliyi ilə başlayan, sonralar elmi-filoloji yaradıcılıq laboratoriyası­na çevrilən prosesin məntiqi davamı saymaq olar. Professor Qəzənfər Ka­zımov həmin mərhələnin yetirməsi və ən parlaq nümayəndələrindən biridir.

Onu da yada salaq ki, professor Dəmirçizadənin heyrətamiz enerji ilə başladığı, demək olar ki, Azərbaycan dilçiliyinin bütün sahələrini– fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi, həmçinin nəzəri dilçilik məsələlərini əhatə etmiş, eyni za­manda, tətbiqi dilçilik problemlərinin həllinə yönəlmiş, genişprofilli elmi ax­tarış işlərinə təkan vermiş tədqiqatlar 50-60-cı illərdə “Dəmirçizadə məktəbi”ndə yeni dilçilər nəslinin yetişməsi ilə nəticələndi. Afad Qurba­nov, Həsən Mirzəyev, Azər Hüseynov, Quşdan Bağırov, Yunis Məmmədov, Qəzənfər Kazımov və digər gənc alimlərin ümumi dilçilik, müasir Azərbaycan ədəbi dili, bədii əsərlərin dili, dialektologiya, üslubiyyat, nitq mədəniyyəti, dil tarixi, toponimlər, həmçinin, etimologiya, leksikologi­ya, frazeologiya məsələləri, qədim yazılı abidələr və digər mövzular üzrə dəyərli tədqiqatları, ərsəyə gətirdikləri kitab və monoqrafiyalar, bütövlükdə, Acərbaycan dilçilik məktəbi üçün böyük töhfə oldu.

Ötən əsrin 70–80-ci illərində ADPU-nun filologiya fakültəsində oxuyan tələbələr nəslinə İmran Babayev, Fərhad Fərhadov, İsmayıl Şıxlı, Məmmədbağır Həyatzadə, Həsən Mirzəyev, İsrail Mustafayev, Alməmməd Alməmmədov, Afad Qurbanov, Azər Hüseynov, Xeyrulla Məmmədov, Məmməd Məmmədov kimi tanınmış alim pedaqoqlardan dərs almaq qismət olmuşdu. Həmin say-seçmə müəllimlər cərgəsində professor Qəzənfər Kazımovun öz mövqeyi və nüfuzu var idi. Elmi çevrədə ciddi tədqiqatları ilə diqqəti cəlb edən Qəzənfər müəllim biz tələbələrin də sevimli müəllimlərindən idi.

Qəzənfər Kazımovun əsl müəllimlərə xas ciddiliyi və tələbkarlığı tələbələrin dərslərə daha məsuliyyətlə yanaşmalarına, səylə çalışmalarına çox kömək edirdi. İlk kurs çalışmalarımın və sonda diplom işimin rəhbəri kimi onun bu tələbkarlığı məni elmi axtarışlara möhkəm bağlayırdı. Lakin o zaman, dayım, professor Həsən Mirzəyevlə yaxın münasibətlərinə baxmaya­raq, onun belə sərt tələbkarlığı mənə qədərindən artıq görünürdü. Həsən müəllimə bu barədə yüngül­vari gileylənəndə o, gülümsəyərək müdrikcəsinə demişdi: “Qızım, ağladan yanında oturanlar heç vaxt peşman olmazlar”.

Doğrudan da, professor Qəzənfər Kazımovun hər tələbində, iradında bir müəllim və alim vicdanı, onun yetirməsini özü səviyyəsində görmək istəyi ifadə olunurdu. Onun bu ciddi qayğıkeşliyini namizədlik və doktorluq işlərimin müdafiəsi, elmi məqalələrimin müxtəlif nəşrlərdə dərc olunması zamanı gördüm və gərəkliyinə də şahid oldum.

Ciddi tədqiqatçı olan Qəzənfər Ka­zımovu bir çoxlarından fərqləndirən cəhət barədə deyim ki, onun dilçi­liyin istənilən sahəsi üzrə apardığı tədqiqatların məcmusu həmin sahə üzrə təkcə nəzəri deyil, həm də prak­tik nəticələrlə hesablanır. Bu, tədqiqat sahəsinə dil tariximizin öyrənilməsi də daxil olan Qəzənfər müəllimin namizədlik dissertasiyasının (elmi rəhbəri milli dilçiliyimizin patriarxların­dan biri Əbdüləzəl Dəmirçizadə olub) mövzusundan da aydın görünür. “Ə. Haqverdiyevin dramaturgiya dili (“Da­ğılan tifaq” pyesi əsasında)” disserta­siya işi bu gün üçün də aktualdır. Bu elmi işdə müəllifin dilə canlı orqanizm kimi baxdığı, orada gedən prosesləri loğman kimi izlədiyi, dilin möcüzəli poetikasını aşkara çıxardığı açıq-ay­dın görünür.

Qəzənfər müəllim istər klassiklərin, istərsə də müasirləri olan yazıçıların dil mühitini, onun qatlarını, çalarlarını izləyə bilən alim kimi Azərbaycan ədəbi dilinin zənginləşməsində onların rolunu və xidmətini dəqiqliklə göstərə bilir. O, keçmişin Azərbaycan torpağına vurduğu silinməz möhür olan toponim və etnonimləri tədqiq edərkən onların izi ilə Azərbaycan dilini yaşadan, qoruyan və zənginləşdirən xalqımızın keçib gəldiyi tarixi yola işıq salır, onun yaratdığı mədəniyyətin dərinliklərinə nüfuz edə bilir.

Azərbaycan dilinin sintaksisi­ni tədris edən Qəzənfər müəllim sintaktik quruluşun yaranmasında nitqin funksionallığını xüsusi olaraq qabardırdı. Milli dilçiliyimizə “Müasir Azərbaycan dili, Sintaksis” kimi funda­mental dərslik bəxş etmiş professorun tədqiqatında həmin funksionallığın yalnız qrammatik normalarda ifadə olunmadığı aşkara çıxarılıb. Biz isə bir vaxt professorun mühazirələrinə qulaq asarkən Qəzənfər müəllimin dilçilik fəlsəfəsində nəyin açıq-aş­kar vurğulandığının bir o qədər də fərqində olmamışdıq.

Alimin apardığı tədqiqat işlərinin ən böyük meyarı o tədqiqatların nəticələrinin gərəkliyidir. Bizim tələbəlik illərimizdə professor Qəzənfər Kazımov üfüqdə görünən uğurlarının fonunda yetirmələrinə də bu həqiqəti təlqin edirdi. Bu gün ali­min elmi axtarış arenasının genişliyini əks etdirən və tədqiqatlarının əsas predmeti olan Azərbaycan dilinin qrammatikası və onun tarixi, üslubiy­yat məsələləri, dilçilik nəzəriyyəsi və digər sahələri əhatə edən 2 dərsliyi, 10 monoqrafiyası və 10 cildlik “Seçil­miş əsərləri” zəngin bir yaradıcılığın çəkisini və gərəkliyini əks etdirir. Doğrudan da, sevimli müəllimimizin illər öncə bizə öyrətdiyi kimi: “Hər bir insan ömrünün mənası onun yararlılı­ğı ilə ölçülür”.

Mahirə HÜSEYNOVA,

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,

filologiya elmləri doktoru, professor

20 May 2022 01:10 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə