Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın məsuliyyətsiz mövqeyi sülh razılaşmasına əngəl törədir

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın dövlət başçısı Gitanas Nauseda ilə görüşü çərçivəsində mətbuata bəyanatında Ermənistanın İkinci Qarabağ müharibəsi başa çatandan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmədiyini təəssüflə bildirərək, fikirlərinə qarşı tərəfin savaşdan sonra sərhədlərin delimitasiyasına başlamağa dəvət olunduğunu əlavə etdi: “Çünki, təxminən, 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonlar işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar”.

Beləliklə, Azərbaycan verdiyi vədə sadiq qalaraq, işçi qrupu vaxtın­da yaratdı. Nümayəndə heyəti isə ezam ediləcək vaxtı gözlədi. Bu, erməni tərəfi ilə də razılaşdırılmış­dı. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən də Ermənistanın Xarici İşlər Na­zirliyi idi. Azərbaycan həmin təklifi qəbul etmişdi və respublikamız nümayəndə heyətini vurğulandığı kimi, göndərməyə hazır idi. Buna baxma­yaraq Ermənistan bu dəfə də sözünə dönük çıxdı. Dövlətimizin başçısı sözügedən bəyanatında bu barədə dedi: “Lakin, sonuncu gün – aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7–11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.

Xatırladaq ki, Ermənistan təkcə sərhədlərin delimitasiyası ilə bağlı məsələdə deyil, həm də ölkəmizin sülh müqaviləsinin imzalanması üçün təklif etdiyi 5 prinsipə yanaşmada da eyni münasibəti nümayiş etdirib. Məsələnin tam təfərrüatı məqsədilə onu deyək ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşması komponentində əsas məqam ölkəmizin ərazi bütövlüyünün şərtləndirilməsi olub. Burada iki dövlət arasında münasibətlərin normallaşma­sı üçün ölkələrin bir-birlərinin suve­renliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanıma­sı məsələsi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi öz aydın ifadəsini tapıb. Eyni zaman­da, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinilməsi qarşıya önəmli vəzifə kimi qoyulub.

Nəhayət, sülh razılaşmasının əsas komponentində dövlət sərhədinin delimitasiyası və demarkasiyası, dip­lomatik münasibətlərin qurulmasının, nəqliyyat və digər müvafiq kommu­nikasiyaların açılması, qurulması, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması­nın zəruriliyi diqqətə çatdırılıb.

Amma sirr deyil ki, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindən sonra sülh sazişinin hazırlanması prosesini uzatmaq məqsədi daşı­yan davamlı mövqe nümayiş etdi­rib, verdiyi vədə uyğun gəlməyən addımlar atıb. Məsələn, baş nazir Nikol Paşinyan bir müddət əvvəl Azərbaycanın sülh sazişinin hazırlan­ması üçün beynəlxalq hüquq norma­larına əsaslanan 5 şərti qəbul etdiyini bildirib. Lakin Paşinyan hakimiyyəti az sonra hansı səbəbdənsə mövqeyində dəyişiklik edərək, rəsmi İrəvanın artıq özünün də 6 şərt irəli sürmək qərarına gəldiyini səsləndirib.

Bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni mediasında açıqlama ilə çıxış edərək deyib: “Əvvəldən bildirdik ki, Azərbaycanın təklif etdiyi razılaşma prinsiplərində Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bəzi məsələlər gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin spektrinə təsir göstərmir. Bu baxımdan Ermənistan üçün “Artsax’’da hüquq və təhlükəsizlik məsələlərini, eləcə də “Artsax’’ın statu­sunu müzakirə etmək vacibdir. Bizim fikrimizcə, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların da­vam etdirilməsi əhəmiyyətlidir. Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqli­yimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır’’.

Yeri gəlmişkən, Ermənistan par­lamentin spikeri Alen Simonyan da “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Qarabağın gələcək statusu barədə suallara cavabında deyib: “Baş nazirin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bu suallara artıq cavab verib. Daha doğrusu, o, baş nazirin belə bir mülahizəsini diqqətə çatdırıb ki, status məsələsi insan haq­larından irəli gəlir…”.

Göründüyü kimi, erməni məkri və cığallığı ortadadır. Başqa sözlə, Ermənistan parlamentin spikeri Alen Simonyanın, xarici işlər naziri Ararat Mirzoyanın yuxarıda xatırlatdığımız sözləri sülh danışıqlarını əngəlləmək, pozmaq, eyni zamanda, prosesi dalana dirəmək məqsədi daşıyır. Yəni İrəvan marağına uyğun şəkildə müm­kün olmayan bir formatı – ATƏT-in Minsk Qrupunu yenidən canlandırmaq və sülh danışıqlarını bu platformada aparmağı təklif edir.

Amma hamı bilir ki, Azərbaycanın 30 ilə yaxın bir müddətdə torpaq­larının işğal altında saxlanılmasın­da Minsk Qrupunun susqunluğu, məsələyə biganə münasibəti az rol oynamayıb. Elə buna görə də Vətən müharibəsində əldə edilən parlaq qələbəmizdən sonra bu təsisat qarşıya qoyulan məqsədi bilərəkdən gerçəkləşdirmədiyi üçün artıq tarixə qovuşub. Bəli, münaqişənin ədalətli həlli üçün ən böyük əngəl elə on illərlə təcavüzkarla təcavüzə məruz qalana eyni gözlə baxan, erməni işğalını və barbarlığını görməzlikdən gəlib Azərbaycana israrla “öz müqəddəratını təyinetmə” öhdəliyini sırımağa çalışan, işğalı, erməni dağı­dıcı separatçılığını legitimləşdirməyə cəhd edən Minsk Qrupu olub.

Ermənistan “köhnə oyunu” ilə daha heç kimi aldada bilmir. Şübhəsiz ki, Azərbaycan xalqı və onun dövləti, rəhbərliyi buna imkan vermir. Bir sözlə, Minsk Qrupunun “qatarı” gedib, status isə tarixin arxivinə verilib. Prezident İlham Əliyev də bu məsələ ilə bağlı fikirlərini dəfələrlə diqqətə çatdırıb: “Biz həmsədrlərin təzədən “Qarabağ məsələsi” ilə məşğul olmasına imkan verməyəcəyik, çünki bu məsələ artıq bitib”.

Sonda bir məqamı da diqqətə çat­dırmaq istərdim. Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün bundan əvvəl KTMT iclasında çıxış edərək, bu qurumun 44 günlük müharibədə erməniləri müdafiə etməməsindən şikayətlənərək deyib: “Azərbaycan qo­şunları keçən il Ermənistanı işğal etdi, lakin təşkilat Ermənistanın gözlədiyi kimi reaksiya vermədi”.

İşğalçının xarabalığa çevirdi­yi, yerlə-yeksan etdiyi əzəli-əbədi Azərbaycan torpaqlarını–Qarabağı və ətraf rayonlarımızı özünkü hesab edirsə, buna həyasızlıqdan başqa ad vermək mümkün deyil. ..

V.BAYRAMOV,

“Xalq qəzeti”

20 May 2022 00:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə