Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-da elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına dair iclas keçirilib

AMEA-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun nəzdində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun iclası keçirilib.

Akademiyadan verilən məlumata görə, məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər, həyata keçirilmiş işlər və bu istiqamətdə müzakirələrin aparılması, təkliflərin dinlənilməsi olub.

Tədbirdə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə bundan öncə də görüşlərin keçirildiyini, geniş müzakirələrin aparıldığını və bir sıra sualların ortaya çıxdığını söyləyib. AMEA-nın Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” və “Texnologiya və innovasiya” işçi qruplarında təmsil olunduğunu deyən akademik Arif Həşimov bu prosesin elm və təhsil arasında əlaqələrin daha da inkişaf etdirilməsində, beynəlxalq reytinq göstəricilərində ölkəmizin mövqeyinin yaxşılaşdırılmasında xüsusi rol oynayacağını söyləyib, iclasda bu istiqamətdə uzun illərin təcrübəsi olan alimlərimizin səsləndirəcəyi rəy və təkliflərin nəzərə alınacağını bildirib.

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun rəhbəri Fariz Cəfərov çıxış edərək 2022-ci ilin Yol Xəritəsi üzrə cari ilin mart-aprel ayları ərzində görülmüş işlərə dair hesabatı təqdim edib. O bildirib ki, altqrupun fəaliyyətinin məqsədi elm və təhsil müəssisələri arasında əlaqələrin yaradılması, koordinasiyasının təşkili, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi və bu sahədə peşəkar mütəxəssislərdən istifadə etməklə prosesin qurulmasıdır.

F.Cəfərov bu prosesə müxtəlif qurumların, AMEA-nın, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin, Ali Attestasiya Komissiyasının, Elmin İnkişafı Fondunun və digərlərinin cəlb olunduğunu, 2022-ci il üzrə tədbirlər planının icrasından sonra növbəti 3 il üçün sənədin hazırlanmasının nəzərdə tutulduğunu deyib.

Məruzəçi bu gün Azərbaycan elminin beynəlxalq reytinq göstəricilərində riyaziyyat, fizika və digər sahələrin dominantlıq etdiyini, lakin tarix və digər sahələrdə göstəricilərin aşağı olduğunu deyib. O, mənfi tendensiya müşahidə edilən sahələrdə önəmli araşdırmalar aparılmasına baxmayaraq, ingiliscə materialların az olduğunu və nəticədə bunun onların reytinq göstəricilərinə təsir etdiyini vurğulayıb. F.Cəfərov jurnallarımızın indeksinin artırılması, impakt faktorun alınması, onların beynəlxalq elmi bazalara daxil edilməsi, məqalələrin keyfiyyətinin, eləcə də istinad göstəricilərinin yaxşılaşdırılması istiqamətində bir sıra müzakirələrin aparıldığını söyləyib.

O, elm və təhsil müəssisələri üçün alimlərin şəxsi profilini əhatə edən, eləcə də “Web of Science”, “Scopus” və s. bazalarda əksini tapan jurnallar, məqalələr, qrantlar və digər məlumatları özündə cəmləşdirən vahid portalın hazırlanmasının nəzərdə tutulduğunu deyib. Bildirib ki, müəssisələr üçün portala giriş imkanları veriləcək və onlara alimlərin elmi nəticələrini mütəmadi yeniləmələri üçün şərait yaradılacaq.

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi dosent Rüstəm Rüstəmov yaradılmış mühitin beynəlxalq standartlara cavab verən sistemin qurulmasında və mövcud problemlərin həllində mühüm rol oynayacağını bildirib. Qeyd edib ki, AMEA-da bu işlərin effektiv həyata keçirilməsi üçün müvafiq İşçi qrupu yaradılıb və aidiyyəti qurumlarla birbaşa təmaslar qurulub. R.Rüstəmov bu gün ölkəmizdən “Web of Science”, “Scopus” kimi bazalarda əksini tapan jurnalların, məqalələrin və istinadların 48-50 faizinin AMEA-nın payına düşdüyünü vurğulayıb, “Web of Science” və digər bazalarla sıx əməkdaşlığın davam etdirildiyini söyləyib.

İclasda, həmçinin akademiklər İradə Hüseynova, Fikrət Əliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Vaqif Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktorları Mehman Həsənli və Əzizağa Nəcəfov çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Təkliflərdə elmi işlərin beynəlxalq jurnallarda təbliği, jurnalların redaksiya heyətində aktiv rol oynayan alimlərin təmsil edilməsi, yüksək reytinqli jurnallarda məqaləsi çıxan alimlərin mükafatlandırılması, akademiyanın elmi nəşriyyatının yaradılması, ikili diplomların verilməsinin hüquqi mexanizminin formalaşdırılması, əvvəllər işıq üzü görmüş məqalələrin elektronlaşdırılması ilə alimlərimizin istinadlarının sayının artırılması, milli elmmetrik bazanın yaradılması və s. təkliflərini səsləndiriblər.

Sonda çıxış edən Arif Həşimov akademiyada işıq üzü görən jurnalların və məqalələrin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayan AMEA-nın Nəşriyyat Şurasının bərpa edilməsi və təkliflərdə nəzərdə tutulan mükafatların şuranın təqdimatı əsasında verilməsinin önəminə toxunub, elmi nəşrlərin keyfiyyətinin və beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində müzakirələrin mütəmadi keçiriləcəyini bildirib.

19 May 2022 11:52 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə