Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz hər zaman bir yerdəyik – xoş günlərdə də, dar günlərdə də

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan –Türkiyə münasibətləri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulub. Qardaş ölkənin Rizə –Artvin Hava Limanının dünyanın dövlət başçıları arasında ilk rəsmi qonağının Azərbaycan Prezidenti İlham Əliyevin olması hər birmizdə qürur doğurdu və iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin dünyaya nümunə olduğunu bir daha təsdiqlədi. Təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rizə–Artvin Hava Limanı Türkiyədə dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci aeroportdur.

Yeni inşa edilmiş hava limanında dövlət başçımızın alqışlarla qarşı­lanması, ölkəmizə, onun liderinə olan səmimi münasibətin bariz nümunəsidir. İki dost və qardaş ölkə arasındakı sıx münasibətlər həm Azərbaycan, həm də Türkiyə prezidentləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu gün elə bir sahə yoxdur ki, əlaqələrimiz yüksək səviyyədə olmasın. İki qardaş ölkə kimi , bütün sahələrdə qarşılıq­lı hörmət və maraqlar əsasında əməkdaşlıq davam etdirilir.

İşğaldan azad edilmiş Füzuli rayonunda inşa edilmiş beynəlxalq hava limanının ilk xarici qonağı Prezident Rəcəb Tayyib Ərdoğan olması da bundan xəbər verir. Xa­tırladaq ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti birlikdə kəsdilər və Füzuli Beynəlxalq Hava Lima­nının rəmzi açarları prezidentlərə təqdim edildi. Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Horadiz – Cəbrayıl– Zəngilan – Ağbənd avtomobil yolunun təməli qoyuldu. Rəsmi mənbələr bu yolu Zəngəzur dəhlizi kimi təqdim edirlər. Türkiyə Prezidenti təməlqoyma zamanı deyib: “Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”. Bütün bunlar iki ölkə arasında dostluq və qardaşlığın sarsılmaz olduğunu bir daha nüma­yiş etdirir.

Dövlət başçımız Rizə–Artvin Hava Limanının açılış mərasimindəki çıxışında da bu məsələləri bir daha diqqətə çatdırdı. Dedi ki, biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir: “Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə ataları­mızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Şuşa Bəyannaməsindən söhbət düşmüşkən, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalan­mış Bəyannamə yaddaşlarda tarixi hadisə kimi qalıb. Bu sənəd ölkələrimiz arasında siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə da­vamlı inkişafı təmin edir. Həmçinin sənədə əsasən, iki ölkə arasın­da müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunul­mazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri öz əksini tapıb. Dövlətlərarası münasibətlərin ən yüksək forması Müttəfiqlik Haq­qında Bəyannamədir. Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış belə birsənəd iki ölkə arasında münasibətlərin ən yüksək zirvəsini ehtiva edir. Bu məsələ beynəlxalq hüquqla tənzimlənib. Dövlətlərarası qarşılıqlı yardım və əməkdaşlıq münasibətləri olsa da, Müttəfiqlik Haqqında Bəyannamə bunlardan daha üstündür və əməkdaşlığın zirvəsini təşkil edir.

Prezident İlham Əliyevin Rizə–Artvin Hava Limanının açılış mərasimindəki çıxışında Türkiyə – Azərbaycan qardaşlığını əks etdirən daha bir faktı diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir: “Bu gün bu gözəl mərasim də Azərbaycan Prezidentinin iştira­kı Türkiyə–Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bü­tün dünyaya göstərmişdir. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanı­mızda idi”.

Yeri gəlmişkən, Türkiyə İkinci Vətən müharibəsinin ilk saatla­rından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərdi. Qardaş ölkə Prezidenti müharibə başlanan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etdi və dedi ki, Türkiyə Azərbaycanın yanındadır. Otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlardan azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək, sözün həqiqi mənasında, sarsılmaz dostluq və qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət struk­turları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Həmin vaxt ermənipərəst qüvvələrin və qərəzli beynəlxalq təşkilatların ölkəmizə qarşı güclü təzyiq və təhdidlərinə baxmayaraq , Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Qardaş ölkənin rəhbərliyi res­publikamızın haqq işinə dərhal öz dəstəyini verdi. R.T.Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları xal­qımızı çox sevindirdi, hərbçilərimizi ruhlandırdı. Prezident dedi ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın növbəti təzahürü idi. Bu siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün regionda baş verən hadisələr də bir daha Azərbaycan–Türkiyə vəhdətinin sıx tellərlə bağlandığını bütün dünyaya nümayiş etdirir.

Hətta, tarixi Qələbədən sonra – dekabrın 10-da Bakının “Azadlıq” meydanındakı Zəfər paradında Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, eyni zamanda, türk əsgər və zabitləri də paradda iştirak etdilər. Paradda çıxış edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqamı böyük qürur hissi ilə diqqətə çatdırdı: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək ,Türkiyə Cümhuriyyətinin Cüm­hurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.

Türkiyə dünyanın inkişaf etmiş qüdrətli və güclü dövlətlərindəndir. Dünyanın bu şəkildə inşa edilmiş beş hava limanından ikisinin qardaş ölkədə olması təsadüfi deyil. Dövlət başçımız çıxışında da bildirdi ki, bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişa­fın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inki­şaf edir: “Bütün bunların təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqya­sında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında , xüsusilə, insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

Son illərin hadisələri bir daha təsdiqləyir ki, Azərbaycan –Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inki­şafına nail olan prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Ölkələrarası münasibətlərin yüksək səviyyədə olmasını şərtləndirən amillərin əsasını bu reallq təşkil edir. Əliyev – Ərdoğan birliyi, həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” – deyərək müraciət etmələri xalqlarımız və dünya üçün nümunədir. Hava limanı­nın açılış mərasimində də dövlət başçımz bunu bir daha dünya ictimaiyyətinin diqqətinə çat­dırdı: “Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm”.

Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”

19 May 2022 09:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə